Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, məlumat yayılan kimi aktiv ictimaiyyət etiraz dalğası qaldıraraq Ermənistan Müdafiə Nazirliyinin qərarını Paşinyanın kilsəyə qarşı dağıdıcı proqramının tərkib hissəsi kimi qiymətləndirib.
“Bu vaxt isə nazir Suren Papikyan Paşinyanın təşkil etdiyi diskotekada arxayın və qayğısız şəkildə əylənirdi.
Bir qədər sonra Papikyan öz qərarını dərc etdi. Həmin qərara görə, 2026-cı il fevralın 1-dən etibarən Ermənistan Müdafiə Nazirliyi sistemində ruhani xidmət rəhbərinin və Erməni Apostol Kilsəsi tərəfindən təyin olunmuş ruhani şəxslərin fəaliyyəti dayandırılır.
Xatırladaq ki, Silahlı Qüvvələrdə ruhani xidmət 1997-ci il noyabrın 13-də sabiq katolikos I Qaregin və Ermənistanın sabiq müdafiə naziri Vazgen Sarkisyan tərəfindən yaradılıb. Müdafiə nazirinin 2000-ci il tarixli əmri ilə ruhani xidmətin nizamnaməsi qüvvəyə minib və bu sənəd katolikos və müdafiə naziri tərəfindən təsdiqlənib”, - deyə nəşr bildirib.
KİV vurğulayıb ki, ruhani xidmətin strukturu belə olub: Ermənistan Silahlı Qüvvələrinin ruhani xidmət rəhbəri, ordu korpusları və hərbi hissələrin ruhani qulluqçuları.
“Silahlı Qüvvələrin ruhani xidmətində ümumilikdə 42 din xadimi iştirak edib. Onlardan 8-i müddətli hərbi xidmət keçən və diakon statusuna malik şəxslər olub, qalan 34 nəfər isə Üçmüədzin kilsəsi tərəfindən təyin olunmuş könüllü ruhani şəxslər idi. Onların sırasında 1 baş rahib, 16 keşiş və 17 diakon yer alıb.
Bundan sonra isə Papikyanın əmrinə əsasən, Silahlı Qüvvələrdə baş keşiş və keşiş vəzifələri yaradılacaq, onlar müvafiq olaraq mayor və kiçik zabit heyətinə aid kapitan rütbələrinə uyğunlaşdırılacaq. Məcburi hərbi xidmətə çağırılmış və Erməni Apostol Kilsəsinin ruhani qulluqçusu olan şəxslər tədris proqramını bitirdikdən sonra, xidmət etdikləri hərbi hissənin komandirinin təqdimatı və Silahlı Qüvvələrin Baş Qərargahının mənəvi-psixoloji təminat idarəsi ilə razılaşdırılmaqla həmin vəzifələrə təyin ediləcəklər”, - deyə nəşr bildirib.
KİV vurğulayıb ki, məcburi şərt kimi ruhani təhsil almış olmaq tələb olunacaq.
“Daha sadə desək, ilahiyyat fakültəsini və ya ruhani seminariyanı bitirmiş, hətta ali patriarxa tabe olmayan, Üçmüədzin kilsəsində xidmət etməyən istənilən şəxs Silahlı Qüvvələrdə xidmətə başlaya biləcək. Yəni bu dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, keşişləri katolikosun təsirindən çıxarıb, özlərinə məxsus “ruhani” heyət formalaşdırsınlar.
Orduda bu dəyişiklik müəyyən mənada gözlənilən idi. Çünki son həftələrdə Silahlı Qüvvələrin komandanlığı keşişləri Üçmüədzin kilsəsindən ayırmaq və katolikosa qarşı yönəltmək üçün şantaj və təşviqin bütün üsullarını işə salmışdı, lakin nəticə verməmişdi.
Buna görə də gözlənilən idi ki, hakimiyyət əli-qolu bağlı oturmayacaq və Papikyanın əli ilə revanş alacaq.
Gördüyümüz kimi, Paşinyan öz anti-erməni proqramlarına bütün komandasını cəlb edir, hamını istisnasız olaraq cinayətin şərikinə çevirir və xüsusilə də cəmiyyət arasında nisbətən müsbət imici olan komanda üzvlərini bu prosesə qoşur.
Beləliklə, Suren Papikyan təkcə kilsəyə qarşı yürüdülən kampaniyanın ön sıralarında yer alan fiqurlardan birinə çevrilmir, eyni zamanda “Ermənistan ilə Erməni Apostol Kilsəsi arasındakı münasibətlər haqqında” qanunun 10-cu maddəsinin tələblərini də pozur. Həmin maddəyə görə, kilsənin hərbi hissələrdə daimi ruhani nümayəndə saxlamaq hüququ var”, - deyə məqalədə bildirilib.
Erməni vəkil Ara Zöhrabyan məsələyə toxunaraq deyib: “Papikyan hətta müdafiə naziri tərəfindən təsdiqlənmiş Ruhani xidmət nizamnaməsinin 5.1-ci bəndini də pozub. Həmin bəndə əsasən, ruhani xidmət Bütün ermənilərin katolikosunun fərmanı və Ermənistanın müdafiə nazirinin əmri ilə ləğv edilə bilər. Yəni nazir bu xidməti təkbaşına ləğv edə bilməzdi”.
Erməni vəkilin sözlərinə görə, bütün bunların mənəvi-psixoloji tərəfi də var.
“Hakimiyyət milli kilsəni hədəfə alıb, ordunun rəhbərliyi isə real xristian hərbçilərin formalaşması üçün hər şeyi etmək əvəzinə, tam əksini edir, özü də kilsənin daxili işlərinə müdaxilə edir. Ordunu bu rüsvayçı təqiblərdən uzaq saxlamaq əvəzinə, əks istiqamətdə addımlar atılır”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az