Rusiyalı analitik: “İrəvan ABŞ ilə razılaşmanı qabardır, çünki ABŞ-nin iştirakı rus təsirinə qarşı əks-çəki kimi dəyərləndirilir”

2026/02/1770015673.jpg
Oxunub: 473     14:40     02 Fevral 2026    
Rusiya bir daha TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsində iştirak etməyə hazır olduğunu bəyan edir.

“Biz layihəyə qoşulma imkanlarının mümkün variantlarını, o cümlədən Rusiya Dəmir Yollarının unikal təcrübəsini nəzərə almaqla öyrənməyə hazır olduğumuzu təsdiqləyirik. Amma ilk növbədə bu təşəbbüsün həyata keçirilməsi və fəaliyyəti ilə bağlı bütün detallarla tanış olmaq lazımdır. Bildiyimiz qədərilə, layihə hələ ilkin mərhələdədir. İrəvana ünvanladığımız təklifimiz, bütün maraqlı qurumların iştirakı ilə mövzu üzrə məsləhətləşmələrin keçirilməsi qüvvədə qalır”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən günlərdə bildirib.

Daha əvvəl də Rusiya XİN layihəyə cəlb olunma imkanlarını nəzərdən keçirməyə hazır olduqlarını açıqlamışdı, lakin İrəvan eyham vurur ki, məsələ ABŞ ilə də razılaşdırılmalıdır.

Bundan əlavə, Ermənistanın xarici işlər naziri bu yaxınlarda açıq şəkildə qeyd edib ki, nə Rusiyanın, nə də Türkiyənin layihədə iştirak etməsindən söhbət gedir.

“TRIPP Ermənistan-ABŞ birgə biznes fəaliyyəti kimi əvvəl necə var idisə, hazırda da elə qalır”, - deyə Mirzoyan bildirib.

Onun sözlərinə görə, TRIPP-də yox, amma TRIPP-in davamı kimi, TRIPP-lə bağlı digər fəaliyyətlər, əlaqələr və əməkdaşlıq Rusiya Federasiyası üçün də yaradıla bilər.

Ordu.az xəbər verir ki, rusiyalı analitik Vladimir Yevseyev mövcud vəziyyəti şərh edib.

O bildirib ki, Cənubi Qafqazda çoxtəbəqli geosiyasi hesablamalar var.

“Bu proqram suverenliyə xələl gətirmədən regional kommunikasiyaların açılması və iqtisadi bağlılıq layihəsi kimi təqdim olunur, lakin xüsusilə Türkiyə-Azərbaycan diskursunda o, artıq yol formatının hüdudlarından çıxıb. Layihə Cənubi Qafqazda yeni strateji təsir qovşağı kimi qiymətləndirilir. Məhz bu yanaşma TRIPP-i təkcə və ya əsasən iqtisadi deyil, daha çox geosiyasi layihəyə çevirir”, - deyə Yevseyev vurğulayıb.

O, Rusiyanın bu layihəyə marağının səbəblərini də izah edib.

“Birincisi, Ukrayna müharibəsi və Qərb sanksiyaları şəraitində Rusiya üçün riskli istiqamətləri dolanan əlavə nəqliyyat marşrutları artıq olmaz. Cənubi Qafqaz bu baxımdan alternativ məkan kimi nəzərdən keçirilir. Moskva üçün regional kommunikasiyalarda öz rolunu itirməmək vacibdir. Əgər TRIPP rus iştirakçılığı olmadan işə düşərsə, bu, təsirin itirilməsi demək olacaq, yəni formalaşan yeni konfiqurasiyada Rusiya mövqelərinin geri çəkilməsi baş verəcək. Hər nə qədər Rusiya digər istiqamətlərdə prioritet şəkildə işləsə də, Qərb oyunçularının regionda təsirini gücləndirdiyi bir vəziyyətdə öz rolunu bərpa etməyə çalışır”, - deyə Yevseyev bildirib.

Onun sözlərinə görə, İrəvan böyük ehtimalla ABŞ ilə razılaşdırmanı qabardır, çünki ABŞ-nin iştirakı rus təsirinə qarşı əks-çəki kimi dəyərləndirilir.

“Bu, həm də onu göstərir ki, regionda artıq ABŞ var və İrəvan çoxvektorlu siyasət yürütməyə çalışır. ABŞ ilə razılaşdırma məsələsi eyni zamanda danışıqlar alətidir. Bu, vaxt udmağa və sürətli qərarların qəbul edilməsinin qarşısını almağa imkan verir. Əslində isə İrəvan Rusiyanın iştirakından yayınır və bu, yəqin ki, yeni reallıqlar şəraitində və ya ABŞ ilə danışıqlar nəticəsində baş verə bilər. Bu layihə müəyyən mənada sınaq meydanına çevrilib ki, hansı oyunçunun hansı həcmdə iştirak edəcəyi aydınlaşsın. Düşünürəm ki, məsələ həqiqətən də təkcə İrəvanın səlahiyyət dairəsində deyil”, - deyə Yevseyev qeyd edib.

O vurğulayıb ki, Ermənistan üçün ən vacib sual hələ də budur: bunu xarici idarəetmə mexanizmi deyil, suveren bir layihəyə çevirmək mümkün olacaqmı?

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   ABŞ   Ermənistan   Yevseyev  


Bizi "telegram"da izləyin