Rus KİV-i: Erməni xalqı seçim etməlidir: Paşinyanla, amma kilsəsiz, yoxsa kilsə ilə, amma Paşinyansız?

2026/02/45645-1770028750.jpg
Oxunub: 451     16:25     02 Fevral 2026    
Yeni il bayramlarından dərhal sonra Nikol Paşinyan bir daha ölkəsinin KTMT-dən çıxması barədə bəyanat verib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Pravda.ru” nəşri yazıb.

Nəşr qeyd edib ki, Paşinyan bu məsələni qeyri-müəyyən, eyni zamanda kifayət qədər konkret formada təqdim edib və hər zamankı kimi özü üçün siyasi manevr imkanları saxlayıb.

“Ermənistanın KTMT-də iştirakdan imtinasının səbəblərini izah edən Paşinyan bildirib ki, üzvlüyün dondurulması və təşkilatdan çıxmaq qərarının əsas motivi beynəlxalq silah bazarında Qərbin tətbiq etdiyi məhdudiyyətlərdir. O, bu barədə yanvarın 14-də keçirilən “Ermənistan və dünya risklər və imkanlar kəsişməsində” adlı beynəlxalq forumda çıxışı zamanı danışıb. Həmin forumda ABŞ və Aİ ölkələrinin səfirləri də iştirak ediblər. Bundan əlavə, Nikol Vovayeviç daha bir cəsarətli bəyanat səsləndirərək Rusiyanı Ermənistanın suverenliyini qorumaq istəməməkdə ittiham edib və KTMT-yə üzvlüyü xarici silahların alınmasına məhdudiyyət kimi qiymətləndirib. “Bizə başa saldılar ki, paradiqmanın dəyişdirilməsi zəruridir. Buna görə də biz KTMT-də iştirakımızı dondurmaq barədə qanuni qərar qəbul etdik”, - deyə o bildirib. Qeyd etmək lazımdır ki, artıq 2025-ci ilin noyabrında Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan etmişdi ki, Ermənistan faktiki olaraq KTMT-dən çıxıb. Nəhayət, Paşinyanın özü də mediaya 2026-cı ilin fevralında təşkilatdan tam çıxış barədə məlumat vermişdi və indi görünür ki, bu an yaxınlaşır. Lakin bu, son bir il ərzində Nikol Vovayeviçin Rusiyaya ünvanladığı ilk belə “sevgi öpüşü” deyildi”, - deyə nəşr bildirib.

KİV qeyd edib ki, bir çox politoloqlar bu cür bəyanatları iki ölkə arasındakı real problemlərlə deyil, Paşinyanın nəyin bahasına olursa-olsun Aİ-yə qoşulmaq istəyi ilə əlaqələndirirlər.

“Belə ki, dekabrın 10-da Ermənistan Almaniya ilə strateji tərəfdaşlıq sazişi imzalayıb. Məhz həmin vaxt Paşinyanla Merts “Rusiya təhdidi” mövzusunda ortaq dil tapıblar. Paşinyan Berlində ilk dəfə bəyan edib ki, iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb və “demokratik dəyərlər” üzərində qurulub.

Beləliklə, Paşinyan bir çox politoloqların çoxdan söylədiklərini təsdiqlədi: gec-tez Ermənistan KTMT-ni tərk edəcək, lakin bunu öz şərtləri və özü üçün əlverişli vaxtda etmək istəyir. Bundan sonra Paşinyan kifayət qədər ehtiyatla KTMT-yə münasibətini dəqiqləşdirdi. Onun sözlərinə görə, “misilsiz çağırışlar” dövründə, demokratik ölkələrin sürətlə yayılan və hibrid təhdidlərlə üzləşdiyi şəraitdə yalnız koordinasiyalı fəaliyyət kollektiv demokratik dayanıqlılığı gücləndirə bilər.

Lakin bu, Paşinyanın yeganə addımı deyildi. Daha əvvəl, noyabrın 12-də Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) “İrəvanın öpüşü” adlı hesabat yayımlamışdı. Hesabatda qeyd olunurdu ki, Aİ ilə tam assosiasiya statusu əldə etməzdən əvvəl Paşinyan sürətlə Rusiya ilə iqtisadi əlaqələri qoparmağa başlayıb və Avropada dəbdə olduğu kimi, Ukraynaya dəstək göstərməyə cəhd edib. Xüsusilə, o, Rusiya taxılından təxminən 50 faiz baha olan Ukrayna taxılını almağa başlayıb. Bu qiymət fərqini kompensasiya etmək üçün isə “hər qəpiyini hesablayan” erməni rəhbərliyi yardım üçün Aİ-yə, xüsusilə Fransaya müraciət etməyə qərar verib. Lakin hələlik cavab alınmayıb. Görünür, Moldovadan və ilk növbədə Ukraynadan sonra üçüncü postsovet “paraziti” də öz yerini axtarır”, - deyə məqalədə qeyd edilib.

Nəşr bildirib ki, noyabrın 12-də keçirilən brifinqdə Ermənistanın hazırkı Baş naziri təkcə Rusiya XKX-nin hesabatını deyil, həm də xarici sponsorlar tərəfindən maliyyələşdirilən yeni erməni kəşfiyyat xidmətinin yaradılmasını şərh edib.

“Yeni qurumun əsasən kimi hədəf alacağı asanlıqla təxmin edilə bilər. Yeni yaradılmış kəşfiyyat xidmətinin əsas məqsədi həm Ermənistan daxilində rusiyapərəst qüvvə və fəalları hədəfə almaq, həm də Rusiyanın daxilində Şimali Qafqazı sabitlikdən çıxarmaq istiqamətində Rusiyaya qarşı fəaliyyət göstərmək olacaq. Jurnalistin bu qurumun konkret olaraq kimi hədəf alacağı ilə bağlı birbaşa sualına Paşinyan özünə xas və hamıya ağrılı şəkildə tanış olan “layk” üslubunda cavab verib və qarşıdan gələn seçkiləri nəzərə alaraq, özünə sadiq tərzdə heç nəyi dəqiq deməyib, ümumi ifadələrlə bu xidmətin Rusiya üçün təhlükə olmadığını bildirib.

Beləliklə, son bir il ərzində Paşinyan:

– Rusiya və bəzi digər MDB ölkələri ilə iqtisadi əlaqələri qoparmağa başlayıb,
– faktiki olaraq KTMT-dən çıxıb,
– Ermənistanda rusiyapərəst qüvvələrə qarşı təzyiqləri gücləndirib,
– öz ərazisində xarici nəzarət altında olan kəşfiyyat qurumu yaradıb”, - deyə müəllif bildirib.

KİV yazıb ki, beləliklə, Paşinyanın siyasi və informasiya şousu davam edir.

“Həm Rusiyada, həm də ölkə daxilində onun yeni “öpüşlərini” gözləmək lazımdır. Ölkə daxilində təzyiqlər təkcə rusiyapərəst fəallara deyil, həm də Erməni Apostol Kilsəsinə qarşı güclənir. Daha bir neçə “öpüş” və biz Cənubi Qafqazda yeni anti-Rusiya layihəsinin şahidi olacağıq. Getdikcə daha aydın görünür ki, Paşinyan Ermənistanı Rusiyadan ayırmaq və Ukraynaya dəstək vermək istəyir. Yalnız bir sual qalır: cəmiyyətin nə qədər hissəsi bu ssenarini dəstəkləyir? Cavabı tezliklə görəcəyik. İyunda Ermənistanda yeni parlament seçkiləri təyin edilib və erməni xalqı seçim etməlidir: Paşinyanla, amma kilsəsiz, yoxsa kilsə ilə, amma Paşinyansız?”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin