Ermənistanda yoxsulluq fonunda istehza: 50 min dram pensiya şəraitində milyonlarla mükafat

2026/01/1769232912.jpg
Oxunub: 565     09:34     24 Yanvar 2026    
İlin sonunda Ermənistanda dövlət məmurlarına milyonlarla dram məbləğində mükafatların verilməsi cəmiyyətdə şok effekti yaradıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Yoxsulluq fonunda istehza: 50 min dram pensiya şəraitində milyonlarla mükafat” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, cüzi maaşlar və pensiyalarla birtəhər dolanan insanlar birdən-birə öyrənirlər ki, yüksək vəzifəli dövlət məmurları aylıq kifayət qədər yüksək əməkhaqqılarından əlavə olaraq 7-8 milyon dramadək mükafat alıblar.

“Hökumət özü-öz işini qiymətləndirib və nəticəyə gəlib ki, yaxşı işləyib. “Yaxşı” işin müqabilində isə həmin dövlət büdcəsindən milyonlarla dram mükafat vermək qərarına gəlib. Elə bir büdcədən ki, guya “yaxşı” işləyən hökumət onu tam yerinə yetirə bilməyib. Vergi daxilolmalarının planlaşdırılan həcmini tam toplamaq mümkün olmayıb.

Büdcənin dəqiqləşdirilmiş planına əsasən 2 trilyon 729,4 milyard dram vergi gəliri toplamaq nəzərdə tutulmuşdu, faktiki olaraq isə 2 trilyon 725,2 milyard dram yığılıb.

Beləliklə, büdcənin vergi gəlirləri üzrə dəqiqləşdirilmiş planı 4,2 milyard dram həcmində yerinə yetirilməyib”, - deyə məqalədə bildirilib.

Müəllif yazıb ki, məhz bu yerinə yetirilməmiş büdcə hesabına da özlərini səxavətlə mükafatlandırmaq qərarına gəliblər.

“Vergi gəlirləri üzrə dəqiqləşdirilmiş planı yerinə yetirməyən məsul qurumda təxminən 1 milyard dram məbləğində mükafat paylanılıb. Yəni büdcə planını yerinə yetirmədikləri işə görə…

Büdcənin yerinə yetirilməməsi təkcə Dövlət Gəlirləri Komitəsinin uğursuzluğu deyil, bu, eyni zamanda hökumətin də uğursuzluğu və işinin qiymətidir. Amma bu fakt hökumətə mane olmayıb ki, yerinə yetirilməmiş işin müqabilində nazirlərə, nazir müavinlərinə, idarə və şöbə rəislərinə, qurum rəhbərlərinə və onların müavinlərinə kütləvi şəkildə yüksək mükafatlar təyin etsin.

İndi isə büdcə xərclərinə keçək ki, bu da vergilərin toplanması qədər əhəmiyyətlidir.

Hazırda büdcənin illik xərclərinin icrası yekunlaşdırılmayıb, lakin 11 ayın göstəriciləri məlumdur. Onlara keçməzdən əvvəl qeyd edək ki, il ərzində büdcə xərcləri planla müqayisədə ciddi kənarlaşmalarla icra olunub, daha doğrusu, yerinə yetirilməyib. Əsasən, əvvəlki illərdə olduğu kimi, əsaslı xərclər üzrə ciddi geriləmə qeydə alınıb”, - deyə KİV vurğulayıb.

Nəşr yazıb ki, 11 ayın icrasına əsasən, illik dəqiqləşdirilmiş planla müqayisədə 619 milyard dram və ya 1,6 milyard dollar həcmində yerinə yetirilməmiş xərc mövcuddur.

“Əsaslı xərclərin icrası 11 ay ərzində illik planın cəmi 69 faizini təşkil edib. Planın tam icrası üçün son bir ayda qalan 31 faiz xərclənməli idi.

Hələlik büdcə xərclərinin illik icrası dərc olunmayıb, lakin tərəddüd etmədən demək olar ki, ilin yekunlarına görə xərclər də yerinə yetirilməyib. Buna baxmayaraq, hökumət büdcə xərclərinin icrasına cavabdeh olan Maliyyə Nazirliyinin məmurlarının işini də “yaxşı” qiymətləndirib və yerinə yetirilməmiş büdcə hesabına yüksək mükafatlar ödəyib.

Büdcənin həm gəlirlər, həm də xərclər üzrə yerinə yetirilməməsi açıq-aşkar uğursuzluqdur.

Hökumətin fəaliyyəti ilk növbədə büdcənin icrası ilə qiymətləndirilir. Lakin göründüyü kimi, hökumət bu sahədə də zəif nəticə göstərib”, - deyə müəllif qeyd edib.

Nəşrə görə, buna baxmayaraq, bu hal büdcə hesabına özlərini bol-bol mükafatlandırmaq üçün maneə olmayıb.

“İndi isə iqtisadiyyata baxaq. İqtisadiyyat sahəsində ən mühüm nazirliklərdən biri olan, ilk növbədə sənayeyə cavabdeh İqtisadiyyat Nazirliyinə nəzər salaq. Sənayenin “nailiyyətləri” nə vəziyyətdədir?

İllik göstəricilər hələ açıqlanmayıb, lakin 11 ayın nəticələrinə əsasən sənayedə cəmi 0,5 faiz artım, emal sənayesində isə 1,9 faiz azalma qeydə alınıb. Sənayedəki cüzi artımın əsas səbəbi ilin sonunda əsas metallar istehsalının kəskin şəkildə aktivləşməsi olub ki, bu da Rusiya qızılının “erməniləşdirilməsi” və yenidən ixracı ilə bağlıdır.

Bu cür formal artımlar 2024-cü ildə də müşahidə olunmuşdu, lakin sənayeyə real fayda verməmişdi. Real inkişaf olmadan yüksək artım rəqəmləri qeydə alınmışdı.

İqtisadiyyat Nazirliyinin və ümumilikdə hökumətin “parlaq” fəaliyyətinin nəticəsini iqtisadiyyatın və iqtisadi artımın narahatedici strukturunda görürük. Real iqtisadiyyatın, istehsalın və emal sənayesinin əvəzinə, iqtisadiyyatın strukturunda ticarət, xidmətlər və tikinti sahələrinin payı artır”, - deyə məqalədə bildirilib.

Müəllifin sözlərinə görə, ixrac yönümlü sektorun potensialı isə iqtisadiyyat üçün ən vacib sahə olsa da, demək olar ki, artmır.

“Bu, hökumətin iqtisadi fəaliyyətinin ən yaxşı qiymətidir.

Lakin problem təkcə statistik artıma baxmayaraq real inkişafın olmaması deyil. Eyni vəziyyət sosial sahədə, səhiyyədə və digər istiqamətlərdə də mövcuddur. Yoxsa hesab edirlər ki, hökumətin “yaxşı” işinin qiyməti Qarabağın verilməsi, bu qədər itkilər və güzəştlərdən sonra ilkin imzalanmış sülh sazişi və ya Azərbaycan neft məhsullarının idxalıdır?

Hansı “yaxşı” işə görə özlərini bu qədər səxavətlə mükafatlandırıblar? Halbuki ölkədə azı hər beşinci sakin yoxsuldur, rəsmi olaraq 160 mindən çox işsiz var, 550 min pensiyaçı mövcuddur və onların orta pensiyası 50 min drama belə çatmır. Minimum əməkhaqqı güclə 75 min dramdır və minlərlə insan bütün ay işləyib cəmi bu qədər maaş alır.

Belə bir şəraitdə məmurlara bir neçə milyon dram mükafat ödəmək bu insanlara qarşı açıq istehzadır.

Halbuki vaxtilə bəyan edirdilər ki, xalqa təmənnasız xidmət etməyə hazırdırlar. Bu gün milyonlarla ölçülən mükafatlar gündəlik çörəyini güclə qazanan yüz minlərlə vətəndaşın fonunda həmin “təmənnasız” xidmətin ifadəsidir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yoxsulluq  


Bizi "telegram"da izləyin