Avstraliya hipersəs silah proqramı ilə yeni bir mərhələyə qədəm qoyur. Bu dəfə Brisben şəhərində yerləşən Avstraliya aerokosmik startapı “Hypersonix Launch Systems” (HLS) təxminən 46 milyon ABŞ dolları dəyərində “A seriyası” maliyyə raundunu cəlb edib.
Bu investisiya həm yerli, həm də beynəlxalq investorların qarışığı tərəfindən dəstəklənir, o cümlədən Avstraliyanın Milli Yenidənqurma Fondu Korporasiyası (NRFC) da təxminən 10 milyon dollarlıq payla iştirak edir. Hipersəs silahlarının Avstraliya üçün nə qədər vacib olduğunu göstərmək üçün qeyd edək ki, bu, NRFC-nin müdafiə sektoruna etdiyi ilk sərmayədir.
HLS-in Hipersəs Mühərriki Proqramını Anlamaq
“Queensland” İnvestisiya Korporasiyası (QIC), onun “venture” bölməsi vasitəsilə Böyük Britaniyada yerləşən təhlükəsizlik investoru “High Tor Capital”, eləcə də “Saab” kimi Avropa müdafiə şirkətləri HLS-in yeni hipersəs silah platformasına sərmayə qoyurlar.
Bu vəsaitlər HLS-in hidrogenlə işləyən hipersəs təyyarələrinin və scramjet hərəkət sistemlərinin inkişafını dəstəkləyəcək. Buraya xüsusilə HLS-in SPARTAN “scramjet” mühərriki və nümayiş təyyarələri (DART AE və VISR) daxildir. Bu layihələr həm Avstraliyanın müdafiə və kosmik ambisiyalarına, həm də kommersiya məqsədlərinə xidmət edir.
HLS 2019-cu ildə sabiq NASA tədqiqatçısı və Kvinslend Universitetində Hipersəs İtələmə (Propulsion) kafedrasının keçmiş rəhbəri dr. Maykl Smart tərəfindən yaradılıb. Əsas texnologiya SPARTAN “scramjet” mühərrikidir. Bu, yüksək temperaturlu ərintilər və keramika kompozitlərdən 3D printerlə çap edilmiş bir mühərrikdir. Bu hava ilə işləyən “scramjet” adi kerosin və ya digər karbohidrogenlər əvəzinə hidrogen yanacağı istifadə edir, çünki hidrogenin yanması nəticəsində yalnız su buxarı əmələ gəlir.
Üstəlik, sistem çox yüksək “Mach” sürətlərinə (HLS platformaları üçün hədəf “Mach 12” və daha çox) nail ola bilir. HLS platformalarının tamamilə yenidən istifadə oluna bilməsi isə mühüm irəliləyişdir, çünki bir çox hipersəs sistemləri yalnız bir dəfə istifadə olunur və bu da uçuş başına çox baha başa gəlir.
Hipersəs İnkişafı Avstraliya üçün Yaxşı Biznesdir
HLS-in təsirli arsenalına üç yarım metrlik DART AE sınaq aparatı daxildir. O, SPARTAN mühərriki ilə təchiz edilib və ABŞ hərbi qüvvələrinin “Defense Innovation Unit” (DIU) proqramı “HyCAT” çərçivəsində, eləcə də NASA-nın “Wallops Flight Facility” (Virciniya) bazasından buraxılacaq. Bundan başqa, VISR adlı səkkiz metrlik hidrogenlə işləyən pilotsuz hipersəs təyyarəsi də var, bu təyyarə kəşfiyyat, müşahidə və nəzarət (ISR) missiyaları, sürətli çatdırılma və kosmik sistemlərin sınağı üçün nəzərdə tutulub.
HLS öz qabaqcıl sistemlərini Kvinslenddəki “Carole Park” müəssisəsində istehsal edir. Növbəti üç il ərzində bu bölgədə istehsal imkanlarının və iş yerlərinin artırılması üçün vəsait ayrılıb.
Avstraliya üçün bu investisiya yerli aerokosmik sənayesinin suverenliyini (dizayn, istehsal, ixrac) möhkəmləndirmək deməkdir, yəni tamamilə digər ölkələrdən asılı qalmamaq məqsədi daşıyır. NRFC-nin iştirakı da bunu gücləndirir.
Bu layihədə ABŞ, Böyük Britaniya və Avropa ölkələrinin iştirak etməsi HLS-in sadəcə yerli bir şirkət deyil, qlobal hipersəs və kosmik ekosistemin bir hissəsi olduğunu göstərir. Daha da önəmlisi, HLS-in baxışı yalnız hərbi əməliyyatlarla məhdudlaşmır. Şirkət sürətli reaksiya, orbitə buraxılış və yenidən istifadə oluna bilən uçuş vasitələri sayəsində kommersiya kosmik uçuş sektorunda da rəqabət aparmaq, həmçinin yüksək sürətli mülki hava nəqliyyatı üçün yeni sistemlər inkişaf etdirmək istəyir.
Hipersəs silahları və təyyarələri bu gün çox məşhurdur. Hazırda bir çox ABŞ, Çin və Avropa şirkətləri bu texnologiyaları sürətlə inkişaf etdirirlər. Çin tərəfindən artan regional təhdidlər fonunda Avstraliyanın bu sahədə öz müdafiə qabiliyyətlərini gücləndirmək istəyi tamamilə məntiqlidir. Buna görə də HLS-in uğurları, Avstraliyanın hipersəs silah potensialını qurmaq və genişləndirmək prosesinin çox mühüm başlanğıc mərhələsini təşkil edir.
Sevinc Əliyeva
Ordu.az