İranın zənginləşdirilmiş uran ehtiyatları Rusiyanın himayəsinə verilib? – BAXIŞ BUCAĞI

2018/07/AP080923010567-1024x640_1532693655.jpg
Oxunub: 711     22:38     23 İyun 2025    
İranın xarici işlər naziri Abbas Əraqçi əvvəlcədən elan etdiyi kimi, iyunun 23-də Moskvaya səfər edib və burada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən qəbul olunub. Bu səfərin əhəmiyyəti haqqında danışmağa ehtiyac yoxdur. Əvvəllər Əraqçi Cenevrədə avropalı həmkarları ilə danışıqlar aparmış, daha sonra isə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak etmişdi. Lakin bu toplantının yekununda qəbul olunan sənədin praktik əhəmiyyət kəsb etməsi və ya yaxın gələcəkdə real təsir göstərməsi çətin görünür.

Putin-Əraqçi görüşünün açıq hissəsində tərəflər bəyanatlarla çıxış ediblər. Bu bəyanatların müqayisəsi olduqca vacib bir məqamı üzə çıxarır: Əraqçi dəfələrlə İrana qarşı qeyri-qanuni müharibəni “israil-amerikan müharibəsi” adlandıraraq ABŞ-ni regionda yeni böhranlar yaratmaqda ittiham etdiyi halda, Rusiya prezidenti israrla ABŞ-ni münaqişənin tərəfi kimi dilə gətirmir.

Hərbi münaqişəyə dair Moskvanın rəsmi hüquqi-siyasi mövqeyi barədə Putin bildirir ki, bu mövqe Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunub. Yayılmış məlumatlardan isə aydın olmur ki, İranın ali rəhbəri Əli Xameneyi xarici işlər naziri vasitəsilə Putinə konkret hansı mesajı ötürüb: hərbi yardım, yoxsa müharibəni dayandırmaq üçün vasitəçilik istənilib?

Putinin ehtiyatlı və qeyri-birmənalı ifadələrindən belə görünür ki, o, ABŞ-nin İranın nüvə obyektlərinə aviazərbələrini qanunsuz adlandırmaqdan çəkinir və Moskva Tehrana hərbi yardım göstərmək niyyətində deyil. Əvəzində Tehranla birgə məsləhətləşmələr yolu ilə yaranmış vəziyyətdən çıxış yolları tapmağı təklif edir.

Bu çıxış yolu nə ola bilər? Daha əvvəl Putin bildirmişdi ki, Rusiya İrana dinc məqsədlərlə istifadə üçün nüvə yanacağı təqdim edə bilər. ABŞ prezidenti də danışıqların ilkin mərhələsində bəyan etmişdi ki, İranın zənginləşdirilmiş uran ehtiyatları Rusiyanın himayəsinə verilə bilər. Tehran isə bəyan edib ki, ABŞ-nin nüvə obyektlərinə zərbələrindən əvvəl həmin ehtiyatlar təhlükəsiz yerə köçürülüb.

Bəlkə bu “təhlükəsiz yer” Rusiyadır və Əraqçi Moskvaya məhz bu ehtiyatların “mühafizəyə verilməsi”nin hüquqi şərtlərini müzakirə etmək üçün səfər edib? Hər halda Rusiya ABŞ-nin İranın nüvə obyektlərini bombalamasını siyasi bəyanat səviyyəsində belə qınamır. Və sual doğur: Vaşinqton Moskvaya bu məsələdə Tehranla “razılaşma vasitəçisi” rolunu oynamağa razılıq verib?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin