Bu çıxış təkcə emosional bəyanat deyildi, o, Ərdoğanın artıq uzun illərdir qurmağa çalışdığı və mərhələ-mərhələ formalaşdırdığı yeni geosiyasi baxışın – “İslam qütbü”nün – tələffüz olunmuş ifadəsi idi. Bu çıxış qlobal miqyasda Türkiyənin artan gücünü və yeni nizamın dizaynında iştirak etmək iddiasını ortaya qoyur.
Hazırda İslam aləmi etnik, məzhəb və siyasi ziddiyyətlərlə parçalanmış durumdadır. Çin-Uyğur bölgəsindən Balkanlara, Afrikadan Qafqaza qədər müxtəlif dövlətlərdə yaşayan müsəlman icmaları arasında ideoloji, siyasi və geostrateji birlik yoxdur. Elə Ankaranın özü də bu parçalanmanın şahididir. Amma Ankara istər “Böyük Yaxın Şərq” ssenarisinə qarşı durmaq, istərsə də Türkiyənin liderlik imkanlarını artırmaq üçün “islami blok” ideyasını masaya gətirir.
Bu, siyasi blöfdən daha çox, realist təzyiq alətidir. Ərdoğan yaxşı bilir ki, İran-İsrail qarşıdurması genişlənərsə və region dövlətləri bu münaqişədə birbaşa iştirak edərlərsə, nəticədə hər iki tərəf – həm Tehran, həm də Təl-Əviv – müharibədən zəif çıxacaq. Bu isə onların regional və qlobal manevr imkanlarını məhdudlaşdıracaq. Ankara da məhz bu mümkün nəticəyə hesablanmış bir oyun qurur: müharibədən kənarda qalaraq, həm daxildə enerji və sabitliyini qoruyur, həm də savaşdan yorulmuş bölgəyə alternativ lider kimi qayıtmaq imkanlarını gücləndirir.
Türkiyə prezidentinin çıxışında İslam dünyasında birlik çağırışı təkcə İsrailə qarşı deyil. Bu, eyni zamanda Qərbə, xüsusilə ABŞ-yə ünvanlanan strateji mesajdır: “Əgər Yaxın Şərqdə yeni xəritələr çəkiləcəksə, Türkiyə olmadan bu mümkün deyil”. Ərdoğanın dilində bu, İslamın vicdanı kimi təqdim edilən İƏT-in daha çox məsuliyyət daşımalı olması şəklində səslənir. Amma əsl hədəf Türkiyənin liderliyində regional güc balansını yenidən qurmaqdır.
İran məsələsində də Ankara ağıllı mövqe tutur. Türkiyənin kəşfiyyat strukturlarının İranda fəaliyyəti istər dost, istərsə də rəqib dairələr tərəfindən qəbul edilən reallıqdır. Lakin son aylarda İsrailə vurulan cavab zərbələrinin gücü Türkiyədə də müəyyən hesablama səhvlərinin olduğunu göstərdi. İndi Ankara başa düşür ki, İran yalnız dini rejim deyil, həm də uzun müddətli müharibəyə davam gətirəcək infrastruktur və iradəyə malik dövlətdir. Bu isə Türkiyənin strateji balanslaşdırma siyasətinə yeni element əlavə edir: nə Tehrana tam bağlılıq, nə də İsraillə qarşıdurma. Bu siyasət son nəticədə Türkiyəyə hər iki tərəfin tükəndiyi mərhələdə “qurtarıcı oyunçu” kimi qayıtmaq şansı verir.
Ərdoğanın çıxışında siyasi “blöf” elementləri də var, bu, diplomatik texnikadır. Amma onun əsas strategiyası reallıqları düzgün oxuyaraq, hadisələrin kulminasiya nöqtəsinə qədər neytral qalmaq və savaşsız liderliyə can atmaqdır. Türkiyənin bu oyunda qalib gəlməsi o halda mümkündür ki, nə İran, nə də İsrail regionda tam üstünlük qazanmasın. Əgər ABŞ prezidenti Tramp gələcək aylarda bu müharibənin qalibini müəyyənləşdirərsə, o zaman Ankaranın mövqeyi ya güclənəcək, ya da zəifləyəcək. Amma bir şey aydındır: Türkiyə artıq öz planını qurub və bu planda “İslam qütbü” ideyası yalnız alət deyil, həm də məqsədin özüdür.
Asif Cəfərov
Ordu.az