Yaşar Gülər qeyd edib ki, ölkə daxilində və onun hüdudlarından kənarda terrorla mübarizədə mühüm uğurlar əldə olunub. “Sərhədlərimizin təhlükəsizliyini təmin etməklə, ölkəmiz üçün terror təhlükəsini gündəmdən çıxarmışıq”, - deyə nazir vurğulayıb. O əlavə edib ki, “İsrailin fəaliyyəti qonşu ölkələri ciddi qarışıqlığa sürükləyir”.
Türkiyənin müdafiə naziri onu da qeyd edib ki, ölkə regionda baş verən bu kritik hadisələrə qarşı təhlükəsizlik yönümlü qabaqlayıcı paradiqma çərçivəsində hərəkət edir. Həmin gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının fraksiya üzvləri ilə görüşdə bildirib ki, ölkə hər cür neqativ ssenariyə hazırlaşır və hazır vəziyyətdədir.
Müdafiə nazirinin, Baş Qərargah rəisinin, həmçinin quru və hava qüvvələri komandanlarının Van səfəri və İran sərhədində apardıqları müşavirə göstərir ki, Türkiyə İranın Kürdüstan ostanlığı istiqamətində mümkün gərginliklərdən dərin narahatdır və bunlara qarşı strateji ehtiyat tədbirləri görür.
Xatırladaq ki, bir müddət əvvəl Ərdoğan bəyan etmişdi ki, İsrailin region üçün “məkrli planları” var. İsrailin baş naziri Binyamin Netanyahu isə cavab olaraq bildirmişdi ki, “İrana qarşı qələbədən sonra Yaxın Şərqdə yeni bir dövr başlayacaq”. Bəzi türkiyəli analitiklər əvvəllər irəli sürmüşdülər ki, “İranın türk əhalinin yaşadığı bölgələrinin bombalanması ilə İsrail kürd qüvvələrinin irəliləməsinə zəmin yaradır, bu isə Türkiyənin regiondakı təsirini zəiflətmək cəhdidir”. Burada əsasən Azərbaycanlıların sıx yaşadığı bölgələrin bəzi hissələrinin qeyri-dövlət aktorlarının nəzarətinə keçməsi təhlükəsindən söhbət gedirdi.
Yaşar Gülərin açıqlamasında xüsusilə “təhlükəsizlik yönümlü qabaqlayıcı paradiqma”nın vurğulanması diqqət çəkir. Qeyd etmək lazımdır ki, müşavirənin keçirildiyi bölgə İranın Kürdüstan ostanlığı ilə sərhəddə yerləşir və demoqrafik olaraq kürd əhalisinin daha sıx yaşadığı ərazilərdən biridir. PKK-nın lideri Abdullah Öcalanın silahlı mübarizəni dayandırmaq və Türkiyə ilə münaqişəyə son qoymaq çağırışına baxmayaraq, praktiki olaraq həmin qurumun və onun törəmə qruplarının tam şəkildə silahsızlaşdırılması hələ də baş verməyib.
Görünür, Ankara ehtiyat edir ki, İranın Kürdüstan ostanlığında teokratik rejimə qarşı silahlı qiyam başlayacağı təqdirdə bu, Türkiyənin cənub-şərq bölgələrində də oxşar stabillik pozuntularına səbəb ola bilər. Bu səbəbdən də Türkiyə əvvəlcədən preventiv addımlar ataraq həm sərhəd təhlükəsizliyini gücləndirir, həm də strateji vəziyyəti yaxından izləyir.
Əsas sual isə odur ki, vəziyyətin daha da gərginləşəcəyi halda Türkiyə İranın Kürdüstan ostanlığına hərbi kontingent yeridəcəkmi, yoxsa yalnız öz ərazisində yeni terror əleyhinə əməliyyatlarla kifayətlənəcək? Ərdoğanın “bölgə ölkələri birgə hərəkət etsələr, bu ciddi müzakirə mövzusu olacaq” şəklindəki xəbərdarlığı göstərir ki, Ankara vəziyyətə hərbi-siyasi baxımdan çoxşaxəli yanaşır.
Digər tərəfdən, İranın kürd bölgələri potensial silahlı qarşıdurma məkanı olduğu halda, həmin ərazilər müəyyən mənada Naxçıvanla da yaxınlıq təşkil edir. Bu isə əlavə regional koordinasiya tələb edir. Təsadüfi deyil ki, son zamanlarda Naxçıvanda Türkiyə və Azərbaycan ordularının birgə komanda-qərargah təlimləri keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəyə rəsmi səfər edib. Bu gün isə Ermənistanın baş nazirinin də Türkiyəyə ilk rəsmi səfəri gözlənilir.
Bu diplomatik və hərbi aktivlik fonunda, Ankara regiondakı sabitliyi təmin etmək və mümkün təhlükələrin qarşısını almaq üçün özünü tam şəkildə hazırlıqlı göstərir. İranla sərhəddə həyata keçirilən müşavirə və açıq siqnallar isə Türkiyənin bu bölgədə strateji çevikliyini qorumağa çalışdığını göstərir.
Aqil Məmmədov
Ordu.az