Tramp Kaliforniya uğrunda döyüşdə qalib gələcək? – BAXIŞ BUCAĞI

2025/06/1749552532.jpg
Oxunub: 676     16:33     10 İyun 2025    
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Los-Ancelesdə və ona yaxın şəhərlərdə vəziyyət nəzarətdən çıxıb və silahlı qüvvələrin müdaxiləsi zəruridir. Kaliforniyada artıq bir neçə gündür əsasən latınamerikalıların iştirakı ilə etiraz aksiyaları keçirilir. Onlar Trampın miqrasiya ilə bağlı sərtləşdirilmiş qaydalarına və qeyri-qanuni miqrantların deportasiyası siyasətinə qarşı çıxırlar. Kaliforniya əyaləti, əslində, ənənəvi olaraq demokratların güclü olduğu bir ərazi hesab olunur.

Üstəlik, Kaliforniya demokratlar üçün liderlik bölgəsi sayılır və bu siyasi mövqenin formalaşmasına bir sıra amillər təsir edir. Kaliforniyanın demokrat qubernatoru Qavin Nyusom bəyan edib ki, Trampın Milli Qvardiyanı tətbiq etmə qərarı qanunsuzdur və bu məsələni məhkəmədə mübahisələndirəcək.

Bu mənada Kaliforniyaya dəstək verən və Trampın qərarını pisləyən digər iyirmiyə yaxın demokratların idarəçiliyində olan ştatlar da var. Kaliforniyada baş verənlər ABŞ daxilində yeni siyasi proseslərin katalizatoru ola bilər. Bəlkə də diqqətdən qaçmamalıdır ki, bu gərginliklər elə bir vaxtda baş verir ki, milyarder İlon Mask ABŞ-də yeni partiya yaratmaq zərurəti haqqında danışır və paralel olaraq Donald Trampla münasibətləri pisləşir.

Əgər Tramp “Kaliforniya döyüşünü” uduzarsa, bu, Demokratların həm Konqresin ara seçkilərində, həm də növbəti prezident seçkilərinə gedən yolda mövqelərinin güclənməsinə səbəb ola bilər. Əks halda, əgər Tramp qələbə qazanarsa və iğtişaşlardan istifadə edərək Demokratlar üçün əsas əyalətdə üstünlük əldə edərsə, bu, sonuncular üçün çox ciddi zərbə ola bilər.

Əgər Tramp Kaliforniyanın onilliklərdir davam edən siyasi status-kvosunu dəyişə bilsə, bu, şübhəsiz ki, onu federal səviyyədə siyasi kapitala çevirə bilər. Bu mübarizəyə paralel olaraq, görünür, “üçüncü güc” ideyasını İlon Mask irəli sürməyə çalışacaq. Əlbəttə, onun iqtisadi və texnoloji ideyalarının uğurlu təqdimatı ilə müqayisədə siyasi ideyalarının necə irəliləyəcəyini demək çətindir, lakin zaman keçdikcə ABŞ ictimaiyyətində “üçüncü güc”ə olan tələbatın artacağı demək olar ki, şübhə doğurmur.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Kaliforniya   ABŞ  


Bizi "telegram"da izləyin