Tramp-Mask qarşıdurması: İkipartiyalı sistem sarsılır?

2025/06/1749232767.jpg
Oxunub: 680     14:21     07 İyun 2025    
ABŞ-də İlon Mask və Donald Tramp arasında qarşıdurma alovlanıb. Prezident seçkiləri prosesində və daha sonra yeni administrasiyanın formalaşdırılmasında bir komanda kimi çıxış edən Tramp və Mask bir-birlərinə qarşı sərt ifadələr işlədən rəqiblərə çevriliblər. Halbuki cəmi bir həftə əvvəl onlar birlikdə mətbuat konfransı keçirmiş və Mask administrasiyadan ayrılsa da, Trampın yanında olacağını və lazım gəldikdə onu dəstəkləyəcəyini bildirmişdi.

Maskın partiya yaratmaq ehtimalından danışması da diqqət çəkib. “Amerika xalqının əksəriyyətini birləşdirəcək yeni partiyaya ehtiyac var”, - deyə o bildirib. ABŞ-də demokratlar və respublikaçılar olmaqla ikipartiyalı sistemdən narazılıq artmaqdadır. Son illərdə bu sistemə olan inamsızlıq daha da güclənib.

Bunun səbəbləri dərin və çoxşaxəlidir. Mask bacarıqlı sahibkar və texnokrat kimi öz siyasi ambisiyalarını müstəqil və yeni bir formatda reallaşdırmaq imkanını görür. Lakin Maskın bu cəhdləri həm demokratları, həm də respublikaçıları birləşdirə bilərmi? Hər iki partiya arasında kəskin rəqabət olsa da, ikipartiyalı sistemi qorumaq məsələsində onlar “ittifaq” qura bilərlər. Amma burada istisna ola biləcək əsas fiqur Tramp və onun komandasıdır.

Rəsmi olaraq Tramp hələ də Respublikaçılar Partiyasının tərkibində olsa da, o, partiya daxilində daha gənc, yeni baxışlara malik, klassik respublikaçılardan fərqli bir komanda formalaşdırıb. Trampın komandası, bəlkə də, Maskın sistemə “daxildən zərbə vurması” cəhdinə qarşı çıxmayacaq. Bu isə onlara Respublikaçılar Partiyası daxilində mövcud vəziyyəti dəyişmək, öz siyasi strategiyalarını yeni formada yenidən qurmaq imkanı verə bilər.

Üstəlik, Tramp və komandası üçün 2028-ci il seçki çağırışı getdikcə yaxınlaşır. Onların üzərinə götürdüyü problemlər son dərəcə çətin və həll olunması ağırdır, bu isə reytinqin zamanla azalacağı ehtimalını artırır. Paralel olaraq, liberal-qlobalist elitanın müqaviməti daha da sərtləşəcək. Bu kontekstdə Maskın mümkün siyasi uğuru Tramp komandası üçün zərər deyil, daha çox faydalı ola bilər.

Buna görə də baş vermiş bu qarşıdurmanı şəxsi ambisiyalarla deyil, ABŞ-də siyasi sistemin dərin transformasiyası üçün strateji planlarla izah etmək daha məntiqlidir. ABŞ-nin daxili siyasi sistemi çoxdan böhran vəziyyətindədir. Bu böhran son iki-üç prezident seçkilərində namizəd qıtlığı ilə də aydın şəkildə özünü göstərib. Məsələ yalnız bu böhranın hansı istiqamətdə inkişaf edəcəyi və hansı yollardan çıxış tapılacağıdır.

Vaxt keçdikcə bu ehtiyac daha da kəskinləşəcək və hadisələrin inkişafı yalnız Maskla məhdudlaşmayacaq. ABŞ daxilindəki mümkün transformasiyalar qlobal əhəmiyyət daşıyır və faktiki olaraq dünyada müxtəlif əhəmiyyət zonasında yerləşən bütün dövlətlərdən diqqət tələb edir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Mask   ABŞ  


Bizi "telegram"da izləyin