Tramp Rusiya ilə barışıq, yoxsa yeni müharibə mərhələsinə hazırlaşır? – BAXIŞ BUCAĞI

2025/04/1745920928.jpg
Oxunub: 731     13:21     30 Aprel 2025    
Ağ Evin sözçüsü Kerolayn Levit Rusiya prezidenti Putinin Qələbənin 80 illiyi münasibətilə mayın 8-11-i üçün elan etdiyi üçgünlük atəşkəs qərarına münasibət bildirərək deyib ki, Vaşinqton daimi atəşkəsin tərəfdarıdır, müvəqqəti deyil. O həmçinin qeyd edib ki, Trampın həm Rusiya, həm də Ukrayna ilə bağlı məyusluğu artır.

Bundan bir neçə gün əvvəl də Tramp bəyan etmişdi ki, Rusiyanın son günlər Ukraynanın şəhərlərini, mülki obyektlərini raket atəşinə tutmasına heç bir əsas yox idi və şübhə etdiyini bildirmişdi ki, bəlkə Putin müharibəni dayandırmaq istəmir. Bu bəyanata baxmayaraq, ABŞ prezidentinin xüsusi elçisi Uitkoff mütəmadi olaraq Moskvaya səfərlərini davam etdirir və Rusiya prezidenti ilə görüşür. Trampın prezidentliyə başlamasından bəri bu, aprelin 25-də dördüncü səfəri olub.

Situasiyanın əsl göstəricisi, bəlkə də, bu səfərlərdir, bəyanatlar deyil. Səfərlər müəyyən ardıcıllıqla davam etdiyi müddətcə, eyni zamanda məsələn, Rubionun və Lavrovun telefon danışığı baş verdikcə, məyusluq barədə bəyanatların daha çox ABŞ daxili istehlakı üçün, yəni ictimai rəyə hesablandığı ehtimal olunur. Bəlkə də bu, ABŞ-nin yaxın günlərdə qəbul edə biləcəyi bir qərara – atəşkəslə bağlı yaxın perspektivdə razılıq əldə olunmazsa, danışıqlardan çıxmaq qərarına – ictimai fikri hazırlamaq üçündür. Bu barədə son günlər həm Rubionun, həm də Trampın özü eyham vurmuşdu və bildirmişdilər ki, ABŞ-nin başqa prioritetləri də var.

İstisna deyil ki, Tramp yalnız Zelenskidən məyus olduğunu açıq şəkildə demək istəməyərək həm də “bərabər” şəkildə Putini də göstərir. Lakin siyasi kulisləri yaxından tanıyanlar vəziyyətin gerçək mənzərəsini yaxşı anlayırlar. Əlbəttə, hər şey mümkündür, çünki siyasi kulislərin tam təsviri bizə məlum deyil və bu səbəbdən də tam qətiyyətlə nəyinsə olduğunu söyləmək çətindir. Amma məhz buna görə də Rusiya-ABŞ praktiki əlaqələri daha dəqiq göstəricidir.

Bu əlaqələr isə sabit dövriliklə davam edir, beləliklə, ən azı Moskva ilə təmaslar baxımından praktik mənzərə Trampın məyusluğu haqqında deyil. Əvəzində, məsələn, Tramp Ukrayna prezidenti Zelenski ilə aprelin 25-də Vatikanda cəmi bir neçə dəqiqəlik, üz-üzə görüşüb, hətta bu görüşdə Fransa prezidenti Makronun da iştirak etməsini istəməyib.

Əgər ABŞ danışıqlar masasını tərk etmək qərarı versə, əsas intriqa bu olacaq: ABŞ eyni zamanda döyüş meydanını da tərk edəcəkmi?

Çünki əgər bu baş verməsə, o zaman Rusiya ilə dialoqdan imtina edərək Tramp Rusiya ilə müharibənin aktiv fazasına daxil olur. Digər tərəfdən, formal olaraq Ukraynanı dəstəkləməyə davam edərək ABŞ faktiki olaraq – zərbələri gücləndirmək üçün “qanuni” bir səbəb yaradaraq və bu yolla Zelenskini və ona təslim olmamağı tövsiyə edən Avropanı sındırmağa ümid edərək – Rusiyanı dəstəkləyə bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Rusiya  


Bizi "telegram"da izləyin