Ordu.az xəbər verir ki, müdafiə naziri Bill Bler martın 14-də “Lockheed-Martin”in F-35A modelini əvəz edəcək alternativ döyüş təyyarələri üzərində çalışdıqlarını və rəqib istehsalçılarla danışıqlara başlayacaqlarını açıqlayıb.
Kanada 2010-cu ildə ovaxtkı Baş nazir Stiven Harperin dövründə 65 ədəd F-35A döyüş təyyarəsi sifariş edib.
Kanadanın NATO ilə NORAD-a üzvlüyü və JSF (Joint Strike Fighter) proqramında iştirakı bu seçimin arxasında duran ən böyük amillərdən biri olub. Lakin bu qərar müxalifət tərəfindən sərt şəkildə tənqid olunub.
2015-ci ildə vəzifəyə gələn Castin Trüdo F-35A-nı sərt şəkildə tənqid edərək, təyyarənin “işləmədiyini və heç vaxt işləməyəcəyini” deyib.
Trüdo sələfinin qərarını ləğv edib və şəffaf bir tender prosesi başladıb. Ancaq “Lockheed-Martin”in F-35A-sı 2023-cü ildə elan edilən tenderdə qalib gəlib.
Bu proses zamanı Fransanın “Dassault Aviation” (Rafale) şirkəti və “Eurofighter” konsorsiumu yarışdan geri çəkilib, İsveçin “Saab” şirkətinin “Gripen E/F” modeli isə yarışdan kənarlaşdırılıb.
2023-cü ilin yanvarında Kanada 88 ədəd F-35A almaq üçün 15 milyard dollarlıq müqavilə imzalayıb. Parkın əməliyyat xərclərinin 52 milyard dollara çatacağı təxmin edilirdi. İlk 16 ədəd F-35A-nın 2026-2028-ci illər arasında təhvil verilməsi, bütün parkın 2032-2034-cü illərdə tam fəaliyyətə başlaması planlaşdırılırdı.
Lakin Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi ilə Vaşinqton və Ottava arasında münasibətlər getdikcə gərginləşib. Trampın Kanadanın ABŞ-nin 51-ci ştatı ola biləcəyi ilə bağlı açıqlamaları və başlatdığı ticarət müharibələri iki ölkə arasındakı münasibətlərə mənfi təsir edib.
Sevinc Əliyeva
Ordu.az