“Nasizmin və militarizmin dirçəlişi faktlarının kobud şəkildə təhrif olunmasına mərc edən bədxahlarımızın və açıq düşmənlərimizin qəsdlərinə baxmayaraq, bizim bu nəcib məqsədə nail olacağımıza şübhə yoxdur”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytı qurumun rəhbərinin sözlərini təqdim edir.
Lavrovun sözlərinə görə, Rusiyanın məqsədi Qlobal Şərq və Qlobal Cənub ölkələrini təkcə diplomatik kanallarla deyil, həm də Ukraynaya qarşı xüsusi hərbi əməliyyat prioriteti vasitəsilə inandırmaqdır ki, çoxqütblü dünyanın alternativi yoxdur və bu, BMT Nizamnaməsi ilə müəyyən edilmiş bütün ölkələrin bərabərliyini təmin etməyin yeganə yoludur.
Rusiya xarici işlər nazirinin diplomatik xidmətdə onilliklər təcrübəsi, ali peşə təhsili var və böyük ehtimalla bilir ki, İkinci Dünya müharibəsinin hüquqi nəticələri məhz beynəlxalq hüququn fundamental prinsip və normalarını müəyyən edən BMT Nizamnaməsində ümumiləşdirilib. Müvafiq olaraq, üzv dövlətlər bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyır və hörmət edir, mübahisəli məsələləri müstəsna olaraq sülh yolu ilə həll etməyi öhdəsinə götürür, güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən imtina edir, bir-birinin öz müqəddəratını təyin etmək və öz siyasi statusunu müstəqil seçmək hüququna hörmət edir.
Amma konkret Ukrayna halında məsələ Rusiyanın hər hansı digər postsovet dövləti ilə müharibə vəziyyətində olmasından daha “zərifdir”. Məsələ ondadır ki, 1945-ci il oktyabrın 24-də Ukrayna SSR də təsisçi və suveren ölkə kimi BMT-nin təsis sənədini imzalayıb. Bu, İkinci Dünya müharibəsində ukraynalıların verdikləri böyük itkilərin və məhrumiyyətlərin siyasi kompensasiyası idi. Faşist Almaniyasını məğlub edən digər dövlətlər Sovet lideri İosif Stalinin israrlı təkidi və obyektiv əsaslandırmalarının təzyiqi ilə buna razılıq verdilər.
Bu gün belə çıxır ki, SSRİ-nin varisi olan Rusiya Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozur, Birləşmiş Ştatlar, Böyük Britaniya və Fransa isə BMT Nizamnaməsinə hörmət edərək, bu ölkəni qorumağa, hətta bir növ “Rusiyanın narahatlığını başa düşməyə”, Lavrovun bəyanatından da anlaşıldığı kimi, Moskva üçün qəbuledilməz olan kompromislər təklif etməyə çalışır.
“Hazırkı təmas xəttində atəşkəsdən, bufer zonanın yaradılmasından və ya Avropa İttifaqı və Britaniya qoşunlarının oraya yerləşdirilməsindən söhbət gedə bilməz”, - deyə “RİA Novosti” dövlət xəbər agentliyinin şərhçisi həmin gün yazıb. O əlavə edib ki, Rusiya qoşunları yavaş-yavaş, lakin ardıcıl olaraq istənilən keyfiyyətdə və miqyasda hərbi əməliyyat planlaşdırmağa imkan verən əməliyyat məkanına keçir.
Lavrovun mesajından isə belə başa düşülür ki, Rusiya “çoxqütblü dünya” naminə “Böyük Vətən müharibəsindəki kimi çətinliklərə dözməyə və əziyyət çəkməyə” hazırdır. Rusiya xarici işlər nazirinin artıq geosiyasi “Qlobal Şərq” və “Qlobal Cənub” qütblərini müəyyənləşdirməsi son dərəcə təhlükəlidir.
Bu cür koalisiyaların reallıqda olmadığı və onların formalaşdırılması prosesinin özünü göstərmədiyi bir halda Rusiya xarici işlər nazirinin dedikləri sovet ordusunda çağırışçıya deyildiyi kimi səslənir. “Bacarmazsan, öyrədərik, istəməzsən, məcbur edərik”
Asif Cəfərov
Ordu.az