Türkiyə-Liviya razılaşması Şərqi Aralıq dənizində baş verən bütün hadisələrin Yunanıstanla Cənubi Kiprin xeyrinə getdiyi və heç bir tərəfin Türkiyənin xeyrinə dəyişikliyi gözləmədiyi bir vaxtda əldə edilib.
Türkiyə və Şimali Kipr Türk Respublikasının (ŞKTR) bütün etirazlarına baxmayaraq, Cənubi Kipr daha əvvəl Misir, Livan və İsraillə dəniz yurisdiksiyası sahələrində müqavilələr imzalayıb, daha sonra Yunanıstanı diplomatik dairəyə qataraq, əməkdaşlıq proseslərinə başlayıb. Cənubi Kipr əldə etdiyi razılaşmalarla Kipr türk icmasının təbii sərvətlər üzərində bərabər hüquqlarını görməzdən gəlir, eyni zamanda Türkiyənin qitə şelfini pozurdu.
Yunanıstan və Cənubi Kiprin haqsız tələbləri
Türkiyə Şərqi Aralıq dənizində təktərəfli nizam yaratmağa çalışan Cənubi Kiprin Kipr məsələsini həll etmədən bütün ada adına razılaşmalar əldə etməsini qeyri-qanuni hesab edib və yalnız Cənubi Kipr tərəfinin maraqlarını qoruyan bu cür razılaşmaların beynəlxalq hüquq baxımından etibarsız olduğunu qeyd edib. Ankara isə enerji ehtiyatlarının bölgədəki dəniz yurisdiksiyaları ilə bölüşdürülməsinin birtərəfli təşəbbüslərlə deyil, bütün tərəflərin iştirakı ilə və bərabərlik çərçivəsində mümkün olacağını bəyan edib və regional konfransın keçirilməsini təklif edib.
Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu təklifi Şərqi Aralıq dənizində öz maraqlarını müdafiə etməyi üstün tutan Cənubi Kipr və Yunanıstan tərəfindən riskli hesab edilib, ona məhəl qoyulmayıb. Eyni şəkildə, ŞKTR tərəfinin təbii qazın idarə edilməsi və paylaşılması üçün Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında ortaq komissiya yaradılması təklifi də cavabsız qalıb.
Yunanıstan və Cənubi Kipr Türkiyə və ŞKTR-in təklif etdiyi ədalətli həll və əməkdaşlıq modellərini qəbul etmədi. Cənubi Kipr və Yunanıstan Avropa İttifaqı, İsrail, Fransa və ABŞ-nin dəstəyi ilə Türkiyəyə qarşı diplomatik və strateji koalisiyalar quraraq, Türkiyənin regional aktorlarla əlaqələrini məhdudlaşdırmaq və Şərqi Aralıq dənizində Türkiyəni təcrid etmək üçün addımlar atmağa başladı.
Lakin Türkiyə ilə Liviya arasında imzalanan dəniz yurisdiksiyası müqaviləsi ilə bu strategiya iflasa uğradı. Türkiyə Liviya ilə bağladığı razılaşma ilə Şərqi Aralıq dənizindəki dəniz yurisdiksiyası ərazilərini təmin etməklə yanaşı, Liviya ilə Türkiyə arasında dəniz sərhədini müəyyən edərək, Yunanıstanın dəniz yurisdiksiyası əraziləri ilə bağlı Kipr və Misirə qarşı genişlənmə iddialarını da etibarsız etdi.
Dəniz yurisdiksiyası müqaviləsi: Türkiyə və Suriya üçün strateji faydalar
Son illərdə Türkiyə-Misir münasibətlərinin normallaşması və Suriyada 61 illik “Bəəs” rejiminin dağılması Türkiyənin xeyrinə olan hadisələrlə Afina və Cənubi Kiprdə ciddi narahatlığa səbəb olub. Çünki Ankaranın Dəməşq və Qahirə ilə əməkdaşlığını genişləndirməsi və gücləndirməsi Yunanıstan və Cənubi Kiprin Şərqi Aralıq dənizində strateji mövqelərini daha da zəiflədəcəyi ilə bağlı narahatlığına səbəb olur.
Bu kontekstdə Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun Türkiyə ilə Suriya arasında dəniz yurisdiksiyası müqaviləsi imzalanacağına dair açıqlaması regional güc balansı və dəniz yurisdiksiyası ərazilərinin delimitasiyası baxımından mühüm inkişaf kimi qiymətləndirilə bilər. Şərqi Aralıq dənizindəki sahil xəttinə görə beynəlxalq hüquq baxımından əlverişli mövqedə olan Türkiyə ilə razılaşma Suriyaya daha geniş dəniz yurisdiksiyası verəcək.
Beləliklə, hər iki ölkə Cənubi Kiprin maksimalist tələblərini balanslaşdıraraq, daha çox dəniz sahəsi qazanacaq. Bundan əlavə, bu razılaşma hər iki ölkəyə Cənubi Kiprin maksimalist tələblərini balanslaşdırmağa və daha böyük dəniz əraziləri əldə etməyə imkan verəcək. Digər tərəfdən, Türkiyə ilə razılaşma Suriyanın dəniz və enerji maraqlarına da uyğun olacaq, çünki Türkiyənin Şərqi Aralıq dənizində enerji ehtiyatlarının kəşfiyyatı və istismarı sahəsində güclü texnologiyası, infrastrukturu və “nou-hausu” var.
Enerji şirkətləri və tədqiqat gəmiləri vasitəsilə Suriyanın dəniz yurisdiksiyalarında resurs axtarma fəaliyyəti sürətlənə, bu ərazilərdə enerji ehtiyatlarının aşkar edilməsi və istismarı asanlaşa bilər. Belə bir razılaşma Suriyanın dəniz ticarət yollarına çıxışını artırmaqla, Aralıq dənizində dəniz fəaliyyətini genişləndirəcək. Türkiyənin inkişaf etmiş liman və logistika infrastrukturu, xüsusilə İskəndərun və Mersin limanları Suriyanın iqtisadi maraqlarını dəstəkləmək üçün səmərəli şəkildə istifadə edilə bilər.
Bu sayədə Suriyanın ticarət şəbəkəsinin yenidən qurulmasına əhəmiyyətli töhfələr verilə bilər. Türkiyənin Şərqi Aralıq dənizində güclü regional rolu Suriyaya bölgədəki digər aktorlarla əlaqələrini gücləndirməyə də kömək edə bilər. Bu müqavilə Türkiyə və ŞKTR üçün də bir çox faydalar təmin edəcək. Hər şeydən əvvəl, Suriya ilə dəniz yurisdiksiyasının delimitasiyası razılaşması Cənubi Kipr və Yunanıstanın maksimalist xəritələrini etibarsız edəcək, Türkiyə və ŞKTR-ə beynəlxalq dəniz hüququ əsasında öz hüquqlarını daha güclü şəkildə müdafiə etmək imkanı verəcək.
Bu, Ankaranın Şərqi Aralıq dənizində siyasi, hüquqi, diplomatik üstünlüyünü gücləndirəcək və Türkiyənin regional dəniz, enerji layihələrində daha çox təsir əldə etmək imkanlarını artıracaq. Kipr türkləri baxımından belə bir inkişaf iki dövlətli həll modelinə dolayı dəstəyi artıracaq və ŞKTR-in bölgədəki siyasi bərabərliklərdə statusunu dəstəkləyən bir anlayışın formalaşmasına töhfə verəcək.
Bu vəziyyət Kipr türklərinə öz hüquqlarını və suverenliyini gücləndirərək, Kipr məsələsində daha güclü mövqe tutmağa imkan verəcək.
Asif Cəfərov
Ordu.az