Daha sonra Tramp və Netanyahu jurnalistlərin suallarını cavablandırıblar. Netanyahu Vaşinqtona HƏMAS ilə danışıqların ikinci raundunun başlamalı olduğu vaxt gəlib, lakin İsrail nümayəndə heyəti əhəmiyyətli gecikmə ilə Dohaya yola düşüb. Mənbələr bunu İsrailin Baş nazirinin Ağ Evin yeni administrasiyasından gözləntiləri ilə izah edir.
Netanyahu Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff ilə də görüşüb. Görünür, dialoq İsrailin Baş nazirini qane edib, bundan sonra o, nümayəndə heyətinə Dohaya getməyə icazə verib. Ekspertlər İsrail-HƏMAS danışıqlarının ikinci raundunun daha mürəkkəb olacağını ehtimal edirlər. İsrail mətbuatı ötən gün Ağ Evdə keçirilən mətbuat konfransının bəzi təfərrüatlarını yazır.
Jurnalistlərdən biri birbaşa ABŞ prezidentindən İsrailin İordan çayının qərb sahilini ələ keçirməsinə icazə verib-verməyəcəyini soruşub. Tramp suala konkret cavab verməyəcəyini deyib, lakin Oval kabinetdəki iş masasını Yaxın Şərqlə müqayisə edib, onun obrazlı ifadəsi ilə desək, burada İsrailin “qələm ölçüsündə ərazisi” var. Tramp yəhudiləri belə kiçik bir ərazidə güclü dövlət qurmağa imkan verən zəka və enerjiyə görə tərifləyib.
Şərhçilər demək olar yekdilliklə ehtimal edirlər ki, ABŞ prezidenti İsrailin Baş naziri ilə danışıqlarda öz mövqeyini yazı masası-qələm müqayisəsi ilə bəyan edib. Netanyahunun səfəri ilə bağlı “Washington Post” qəzeti Colan təpələrinin peyk fotolarını dərc edib. Ekspertlərin fikrincə, bunlar İsrail ordusunun nəinki geri çəkilmədiyini, hətta Colan təpələrinin bu yaxınlarda ələ keçirilmiş hissələrində üç yeni hərbi baza inşa etdiyini göstərir.
Netanyahu Vaşinqtona səfərindən əvvəl İordan çayının qərb sahilinin Fələstin ərazilərində genişmiqyaslı xüsusi əməliyyat keçirib. Bu ərazilər artıq rəsmi olaraq İsraildə İudeya və Samariya dairəsi adlanır. Tramp vəzifənin icrasına başladıqdan sonra söz verib ki, bu ərazilər üçün İsrail adlandırması ABŞ-nin rəsmi çıxışında da istifadə olunacaq. İsrailin Baş nazirinin ABŞ-də olduğu gün Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəranın və ya İsraildə hələ də adlandırmağa davam etdikləri kimi, əl-Culaninin Türkiyə prezident sarayında qonaq olması son dərəcə maraqlıdır.
Bundan əvvəl o, Səudiyyə Ərəbistanına səfər edib. İsrailin kiçik ərazisi haqqında danışan ABŞ prezidenti faktiki olaraq açıq şəkildə bildirib ki, Netanyahu hökumətinin Colan təpələri və İordaniya çayının qərb sahilində hərbi hazırlıqları ABŞ-nin Yaxın Şərqdəki yeni vəziyyətlə bağlı təsəvvürlərinin bir hissəsidir. İsrailin Baş naziri Vaşinqtona yola düşməzdən əvvəl KİV-lərə bildirib ki, Yaxın Şərqin xəritəsi dəyişib, iki güclü müttəfiq olan ABŞ və İsrailin “bunu yekun görünüşə gətrməyin” vaxtı çatıb.
Şərhçilər Trampın “Qəzzada atəşkəs çətin ki, davamlı olsun” düşüncəsinə diqqət çəkirlər. Yaxın Şərqdə yeni və bəlkə də daha böyük müharibənin getdiyinə dair bütün əlamətlər var. ABŞ-nin demokrat administrasiyası Fələstinin müstəqilliyinin tərəfdarı deyildi, lakin eyni zamanda İsrailin ərazi nailiyyətlərini açıq şəkildə dəstəkləmirdi.
Görünür, Tramp İsrailin Baş nazirinə kart-blanş verib. Amma bu, Türkiyə-İsrail münaqişəsi riskini daşıyır. Bəs Yaxın Şərq eskalasiyası İrandan yan keçəcəkmi?
Asif Cəfərov
Ordu.az