“Anadolu” agentliyi bu məlumatı təqdim edib: “Ukraynadakı müharibə ilə bağlı son vəziyyət, beynəlxalq proseslərin problemin həllinə mümkün təsiri müzakirə edilib, Milli Təhlükəsizlik Şurasının üzvləri müharibənin qızışmasının qarşısının alınmasının, eləcə də dərhal atəşkəsin və ədalətli sülhün əldə olunmasının vacibliyini nəzərdən keçiriblər”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bütün bu aspektlərdə aparılan kontekstual qiymətləndirmələrdən yalnız “ədalətli sülh” anlayışını ayırıb və Türkiyənin mövqeyini müsbət qiymətləndirib. Lakin reallıqda Rusiyanın iddia etdiyi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın daha əvvəl səsləndirdiyi, Ukraynanın Krım da daxil olmaqla, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən yanaşmanı ədalətli hesab etmək olar.
Ankara beynəlxalq siyasətin digər məsələlərində olduğu kimi, bunda da hücum və ya taktiki geri çəkilmə üçün yer buraxıb. Bundan belə güman etmək olar ki, Ərdoğanla Putin arasında son telefon danışığı zamanı tərəflər arasında qarşılıqlı anlaşma əldə olunmasa da, Türkiyə və Rusiya hələ də son fürsət pəncərəsini yarımaçıq qoyub.
Dekabrın 4-də İranın Rusiyadakı səfirliyi “Telegram” kanalında məlumat yayıb ki, İranın dini liderinin siyasi məsələlər üzrə müavini ayətullah Möhsün Qumi nümayəndə heyətinin müşayiəti ilə Moskvaya gedib. Onun hansı səviyyədə və formatda görüşlər keçirdiyi məlum deyil. Ehtimal etmək lazımdır ki, İran tərəfinin gözləntiləri özünü doğrultmayıb. Həmin gün Suriya prezidenti Bəşər Əsədin İrandan hərbi yardım istəməsi barədə məlumat yayılıb. Rusiya faktiki olaraq Suriyaya birbaşa hərbi müdaxilədən çəkinib.
Məşhur amerikalı jurnalist Karlsonun Moskvaya gəldiyi məlum olub. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan müsahibə götürüb. Bəzi Qərb mənbələri Karlsonun yeni seçilmiş prezident Donald Trampın komandası ilə əlaqəsi olan bir şəxs kimi “Lavrova hansısa siyasi mesaj ötürdüyünü” istisna etmir. Həmin müsahibənin bir hissəsi Suriyaya həsr olunub. Rusiya xarici işlər naziri bu ölkədə vətəndaş müharibəsinin birinci mərhələsini, Rusiya-Türkiyə-İran atəşkəs yaradılması təşəbbüsünü və Astana razılaşmalarını xatırladıb.
Lavrov vəziyyətin gərginləşməsinə görə ABŞ-ni günahlandırıb. Rusiya-ABŞ gərginliyi kontekstində Moskvadan fərqli münasibət gözlənilmir, lakin Lavrovun çıxışında Vaşinqtona qarşı təqdim olunan “kürd separatçıları himayə edir” ifadəsi önə çıxır. Türkiyə də Suriya ilə bağlı eyni mövqedədir. Xarici işlər naziri Hakan Fidan açıq şəkildə deyib ki, ABŞ dəstəyi dayandırarsa, Suriyanın şimalındakı YPG üç gün tab gətirə bilməyəcək.
Ötən əsrin 60-70-ci illərində PKK-nın “marksist ideologiyası”nın sponsoru SSRİ olub. Bu problem Rusiya-Türkiyə münasibətlərinə keçib. Rusiya PKK lideri Abdullah Öcalanı deportasiya edəndə, prinsipial barışıq əldə olunub. Deportasiyadan sonra Öcalan həbs edilib, Türkiyəyə ekstradisiya edilib və ömürlük həbs cəzasına məhkum edilib. Rusiya ABŞ-ni Suriyanın şimalındakı YPG-yə dəstək verən kimi qeyd etməklə, Türkiyəni inandırır ki, onun müttəfiqi olaraq qalmağa davam edir.
Ərdoğan-Putin telefon danışığından sonra belə açıq bəyanat sübut edir ki, Rusiya Türkiyədən Suriyadakı mövcudluğuna zəmanət gözləyir. Moskva artıq Əsədi “yanmış oyun kartı” hesab edir?
Asif Cəfərov
Ordu.az