TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib - FOTOLAR

2024/10/bf3fa-1728494028.jpg
Oxunub: 907     20:48     09 Oktyabr 2024    
Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə Ordu.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, çoxtərəfli siyasi məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı TDT çərçivəsində siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsinin mövcud perspektivləri və gələcək planlar, habelə Təşkilatın Bişkek Sammitinin təşkilindən irəli gələn məsələlər müzakirə olunub.

Siyasi məsləhətləşmələrin Naxçıvan sazişi ilə təsis olunan TDT-nin yaradılmasının 15 illiyinə təsadüf etməsi xüsusilə qeyd olunub. Bu münasibətlə nazir müavini Elnur Məmmədov tarixi Naxçıvan sazişinin 15 illiyinə həsr olunmuş xüsusi xatirə hədiyyəsini Təşkilatın baş katibi Kubanıçbek Ömüralıyevə təqdim edib.

Ötən 15 il ərzində Təşkilat çərçivəsində Türk dünyasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafının, əlaqələrin gücləndirilməsinin məmnunluq doğurduğu, bundan sonra da mövcud imkanlardan istifadə etməklə bu istiqamətdə səylərin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Azərbaycanın Türk dünyasını birləşdirən Təşkilatın daha da inkişaf etməsinə xüsusi əhəmiyyət verdiyi, bu istiqamətdə bir sıra təşəbbüslərlə çıxış etdiyi, cari ildə Şuşa şəhərində keçirilən qeyri-rəsmi zirvə görüşünün və Qarabağ Bəyannaməsinin qəbul edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

E.Məmmədov Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, ölkəmizin yenidənqurma və sülh səylərinin hazırkı durumu barədə ətraflı məlumat verib.

Çoxtərəfli siyasi məsləhətləşmələr çərçivəsində, həmçinin nümayəndə heyətlərinin rəhbərləri Türkiyənin xarici işlər naziri Hakan Fidanla da görüşüblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: TDT   Ankara  


Bizi "telegram"da izləyin