Əgər Ermənistanın Baş naziri Gürcüstanda keçirilən konfransda “Sülh kəsişməsi” ideyasını təqdim edirsə və bunu Azərbaycan ərazisində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədinin belə göstərilmədiyi bir xəritə ilə edirsə, ümumiyyətlə, Rusiya Müdafiə Nazirliyinin bu dəyişikliyindən təəccüblənmək lazım deyil. Məlum olduğu kimi, Rusiya öz hərəkətlərini Nikol Paşinyanın 2022-ci ilin oktyabrında Praqaya getməsi və Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıması ilə əsaslandırır.
Bu, şübhəsiz ki, faktdır. Bəs Rusiyanın siyasəti və fəaliyyəti bu faktla şərtlənirmi? Bu, yumşaq desək, artıq fakt deyil. 2021-ci ilin avqustunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın yük daşıma şirkətlərinə Dağlıq Qarabağla bağlı iqtisadi məsləhətlər verirdi. “İndi infrastrukturun, magistral yolların bərpası ilə bağlı fəal iş gedir, ona görə də xahiş edirəm, bu perspektivli sahəyə diqqət yetirin, məncə, bunun aşkar iqtisadi faydası olacaq”, - deyə Rusiyanın xarici işlər naziri bəyan edirdi.
Sergey Lavrov 2021-ci ildə o qədər sadəlövh idi ki, təsəvvür edirdi ki, Azərbaycan qondarma qurumun “subyektivliyi”ni tanıyacaq və status-kvonu dəyişmədən regionu yük daşımaları və digər iqtisadi əlaqələr üçün açacaq. 2004-cü ildən Rusiya Xarici İşlər Nazirliyinə rəhbərlik edən, ondan əvvəl də uzun illər BMT-də Rusiyanın nümayəndəsi olmuş Sergey Lavrov kimi təcrübəli və bacarıqlı diplomat bir vaxtlar münaqişənin Azərbaycanın daxili məsələsi olmadığını ifadə edirdi. Lakin Azərbaycan Əsgərinin əzmi və qəhrəmanlığı bütün bunları dəyişdirdi. “Sülh kəsişməsi”ni təqdim edən Paşinyan da, Lavrov da Azərbaycanın haqlı tələblərini və iradəsini qəbul etməli oldu.
Aqil Məmmədov
Ordu.az