Xocalı aeroportu üzərində “sülhməramlılıq oyunu” – Birinci uçuş öz sahibini gözləyir! (ANALİZ)

2023/10/1698658740.jpg
Oxunub: 32207     16:25     30 Oktyabr 2023    
30 ildən çox Xocalı aeroportunda dalğalanan Ermənistan bayrağının 2023-cü ilin oktyabr ayının ilk günlərində endirilməsi nəinki Azərbaycan, eləcə də bütün dünya mətbuatının diqqət mərkəzində oldu.

2023-cü ilin sentyabr ayında Qarabağ İqtisadi Rayonunda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Resbublikasının hakimiyyət orqanlarının fəaliyyəti Ağdərə, Xankəndi, Xocavənd, Xocalı şəhərlərində və Əsgəran qəsəbəsində, həmçinin uzun illər işğal altında qalmış digər yaşayış məntələrində bərpa edildikdən sonra bu ərazilərdə mövcud olan mühüm obyektlərin yenidən qurulması aktuallaşdı.

Adı tez-tez hallandırılan Xocalı aeroportu da bu mühüm infrastrukturlar sırasındadır.

Qeyd edək ki, 31 il əvvəl işğal edilən Xocalı şəhərində ermənilər tərəfindən törədilən soyqırımı zamanı şəhərin və hava limanının müdafiəsi zamanı Azərbaycan hərbiçilərinin qəhrəmanlığı hələ də hərb tariximizin ən çox müzakirə olunan mövzularından biridir.

2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən döyüşlərə qədər cəbhədəki ümumi vəziyyəti nisbi sakitlik kimi qiymətləndirmək olsa da, Qarabağ müharibəsinin həllinə dair danışıqlarda aktivlik xeyli azalmışdı. Həmin ərəfədə, mülki təyyarələri vurmaq üçün Azərbaycana silah satışına Amerika Birləşmiş Ştatlarının Konqresi tərəfindən qadağa qoyulduğu barədə Ermənistan mediası xəbərlər tirajlamağa başladı. Münaqişənin həlli istiqamətində aparılan danışıqlarda manevr imkanları tükənən ermənilər beynəlxalq müzakirələrdə konkret kontekslərdən yayınmaq üçün dünyanın diqqətini necə olursa-olsun, başqa mövzularda Qarabağa yönəltməyə çalışırdılar. Bu dəfə manipulyasiya obyekti Xocalı Hava Limanı idi.

Strateji əhəmiyyətə malik olan Xocalı Hava Limanına Ermənistan ərazisindən uçuşlar həyata keçirə bilməyən ermənilər bu obyekti siyasi məqsədləri üçün Azərbaycan əleyhinə alətə çevirməyə çalışdılar.

1974-cü ildə istifadəyə verilən Xocalı Hava Limanında Qarabağ münaqişəsinə qədər Xankəndi-İrəvan-Xankəndi reysləri həyata keçirilib. 1990-cı il avqust ayının ilk günündə İrəvan-Xankəndi reysi ilə uçan “Yak-40” təyyarəsinin qəzaya uğraması nəticəsində 39 sərnişin və 4 ekipaj üzvü həlak olmuşdu. Hava gəmisinin qalıqları və cəsədlər Laçın rayonunun Fərraş kəndi yaxınlığında tapılıb.

Məhdud görmə şəraitində pilotun təyyarəni düzgün istiqamətləndirə bilməməsi hava nəqliyyatı vasitəsinin yerə çırpılması ilə sonlanıb. O zaman Xocalı Hava Limanında yalnız ermənilər çalışdığından Azərbaycan və azərbaycanlılar əleyhinə kampaniya aparmaq üçün səbəb tapılmadı. 1992-ci ildə Xocalı şəhərinin ermənilər tərəfindən işğalı hava limanında infrastrukturun sıradan çıxmasına səbəb olduğu üçün burada uçma-enmə mümkünsüzləşir. Ancaq 2009-cu ildə “qondarma qurum”un başçıları İrəvandan bura və əks istiqamətə uçuşları bərpa etmək üçün hava limanında əsaslı təmir işləri apardılar. Tamamlanması 2010-cu ilin noyabrına nəzərdə tutulan təmir-bərpa prosesi 2011-ci ilin aprelində başa çatdırıldı. Bir saat ərzində 200 sərnişin qəbul edə bilmək qabiliyyətinə malik hava limanının rəsmi açılışı bir neçə dəfə təxirə salındı.

Xocalı aeroportunun fəaliyyətə başlayacağı təqdirdə müvafiq tədbirlər görüləcəyini bəyan edən rəsmi Bakı məsələyə beynəlxalq səviyyədə etirazını bildirdi.

Separatçılar hava limanında uçuşların icra edilməməsini Azərbaycanın etirazları ilə əlaqələndirməməyə çalışsalar da, aeroportun hansı səbəbdən fəaliyyətə başlamadığını əsaslandıra bilmədilər. Buna baxmayaraq, Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyan İrəvandan Xankəndiyə uçan ilk təyyarənin ilk sərnişinin özünün olacağını açıqlasa da, bu, söz olaraq qaldı.

Beynəlxalq aviasiya qanunlarına və qaydalarına görə, istənilən dövlət öz hava məkanında qeydə aldığı icazəsiz uçuş həyata keçirən təyyarəni məhv etmək hüququna malikdir. Digər tərəfdən, Qarabağ beynəlxalq aləmdə Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi olaraq tanındığına görə, Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası Xocalı aeroportuna beynəlxalq əhəmiyyətli üç və dördhərfli xüsusi kodların verilməsindən imtina etdi. Bu isə ermənilərin Xocalı aeroportunu istismar etmək istəyinə daha bir maneə oldu. Qeyd edək ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı Birləşmiş Millətlər Təşkilatının aviasiya xidmətləri sahəsində ixtisaslaşmış qurumudur. O, beynəlxalq aeronaviqasiyanın prinsip və texnikalarını əlaqələndirir, təhlükəsiz və nizamlı uçuşları təmin etmək üçün beynəlxalq hava nəqliyyatının planlaşdırılmasına və inkişafına kömək edir.

Ermənilər Xocalı Hava Limanını işə salmağa çalışmaqla Azərbaycana təzyiqləri artırmaq, Qarabağın erməniləşdirilməsi istiqamətində daha bir addım atmaq istəyirdilər. Çünki erməni aviaşirkətləri Qarabağa uçuşlar təşkil etməyə nail olsaydılar, bu, İrəvan üçün mühüm diplomatik qələbə sayılacaqdı…

Maraqlıdır ki, Xocalı aeroportunun fəaliyyətinin ermənilər tərəfindən bərpa edilməsinə tərəfdar çıxan güc mərkəzləri bu məsələdə Azərbaycana təzyiqlər göstərir, hava limanının ermənilərə xidmətini dəstəkləyirdi. Beynəlxalq səviyyəli KİV və siyasi dairələr bu məsələdə ABŞ və Rusiyanın adını daha çox hallandırırdılar. Əslində, bunun səbəbi bu ölkələrin Cənubi Qafqazdakı strateji maraqları ilə sıx bağlıdır. Azərbaycan Xocalı aeroportuna yönələn istənilən uçuşun qarşısını silah tətbiq etməklə alacağını açıqladıqdan sonra ermənilər ABŞ-nin Azərbaycana mülki aviasiya vasitələrini vurmaq qabiliyyətli silahların satışına qadağa tətbiq edəcəyini səsləndirməyə başladı.

Təbii ki, erməni mətbuatı bununla Azərbaycanı mülki aviasiyaya atəş aça biləcək dövlət kimi qələmə verməyə, beynəlxalq aləmin diqqətinini Xocalı aeroportuna yönəltməyə və bu hava limanından ermənilərin rahat istifadəsinə zəmin yaratmağa çalışırdılar. Bir tərəfdən də, Qarabağ müharibəsinin həlli istiqamətində Ermənistan-Azərbaycan danışılarına separatçıların tərəf kimi iştirakına nail olmaq məsələsi də bu cəhdin tərkib hissəsi idi.

Xatırladaq ki, həmin dövrdə ermənilər Xocalı aeroportundan istifadəyə icazənin müqabilində Sərsəng Su Anbarından Qarabağətrafı rayonların yararlanmasına şərait yaratmaq təklifi irəli sürsələr də, Azərbaycan dövləti ermənilərə Qarabağın beynəlxalq hüquq səviyyəsində Azərbaycan ərazisi olduğunu və kiminsə rəsmi Bakıya diqtə etmək iqtidarında olmadığı cavabını verdi.

Söz yox ki, Cənubi Qafqazda strateji maraqlarının icrasına nail olmaq istəyən ABŞ üçün həmin dövrdə Xocalı aeroportunun ermənilərin nəzarəti altında fəaliyyət göstərməsi maraqlı sayıla bilərdi. Çünki bu infrastrukturun təkcə mülki məqsədlər üçün deyil, həm də hərbi xarakterli tədbirlər üçün istifadəsi mümkün idi və İrəvanda yerləşən ABŞ səfirliyi ölkənin Cənubi Qafqaz regionu üzrə siyasətinin yürüdülməsində Xocalı aeroportundan İran və Türkiyə, həmçinin Rusiya ilə münasibətləri istiqamətində çoxməqsədli şəkildə istifadə edə bilərdi.

30 ilə yaxın davam edən danışıqların gedişatını təhlil edəndə bu qənatə gəlmək olur ki, Qərb Qarabağ münaqişəsinin həllinə tələsmir, bölgədəki gərginliyin aktuallığına maraq göstərirdi. Bu isə onun Cənubi Qafqazla bağlı siyasi, iqtisadi, siyasi-hərbi strategiyasının uzaq gələcəyə hesablandığını ortaya qoyur.

Maraqlı məqamlardan biri də Cənubi Qafqaz regionunda ABŞ-nin Ermənistanı özünün ən etibarlı tərəfdaşı kimi görməsidir. Çünki Ermənistan Vaşinqtonun maraq dairəsinə daxil olan İran, Türkiyə, Gürcüstan və Azərbaycanla həmsərhəd ölkə kimi strateji əhəmiyyətə malikdir. Bu baxımdan, Birləşmiş Ştatlar İran və Türkiyə ilə münasibətlərini tam aydınlaşdırana qədər, digər tərəfdən Gürcüstanın NATO və Avropa İttifaqına qəbul olunacağı vaxtadək Qarabağ münaqişəsinin həlli ləngiməsində maraqlı ola bilərdi.

Əgər ermənilər Xocalı aeroportunun fəaliyyət göstərməsinə nail olsaydılar, bura beynəlxalq səviyyəli müdaxilə xeyli rahatlaşacaqdı. Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə əraziyə sülhməramlıların gəlişi labüd hesab edilə bilərdi. Ermənistan Respublikasının ərazisində Rusiyanın 102-ci hərbi bazasının dislokasiya olunması ABŞ-nin bu ölkədə hərbi kontingent yerləşdirmək imkanlarını məhdudlaşdırdığına görə, Qərb sülhməramlılarının yerləşdirilməsindən ötrü ən münasib ərazi Qarabağ idi.

Rusiya da həmsədr ölkə kimi Qarabağ cəbhəsində neytral ərazi yaradaraq öz silahlı qüvvələrinin sülhməramlı bölmələrini bufer zonada yerləşdirmək kimi maraqlarını bir neçə dəfə ifadə edib. Bu cür istək ABŞ diplomatları tərəfindən də dəfələrlə qabardılmışdı. Hələ 2015-ci ildə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Birləşmiş Ştatların Qarabağ üzrə beynəlxalq sülhməramlıların yaradılması haqqında BMT-də qətnamə qəbul edilməsinə maraqlı olduğunu ifadə etmişdi. O vaxt Ermənistanın müdafiə nazirinin birinci müavini işləyən David Tonoyan məhz bununla bağlı ABŞ-yə səfər etmiş və Nyu-Yorkda BMT-nin sülhməramlı missiyalar üzrə nümayəndəsi ilə görüşmüşdü. Sözsüz ki, Azərbaycan Respublikasının konkret mövqeyi Xocalı Hava Limanı ilə bağlı bütün cəhdləri boşa çıxardı…

İşğaldan azad edildikdən sonra hava limanının ətrafında və ona yaxın ərazilərdə narkotk tərkibli bitki plantasiyalarının aşkarlanması bir ehtimalı da açıq-aydın ortaya qoyur: ermənilər hava limanını işə sala bilsəydilər, buradan ən çox narkotik daşımaçılığı üçün istifadə edəcəkdi. Onsuz da, dünya aviasiya sahəsində Ermənistan aviaşirkətlərinin qanunsuz silah daşımaları, çirkli yollarla əldə edilmiş briliyant ticarəti və narkotik alveri ilə məşğul olduğuna dair xeyli sayda informasiyalar yayılıb.

Daha Xocalı Hava Limanı işğaldan azad edilib. Yəqin ki, yaxın gələcəkdə onun yenidən qurulması, beynəlxalq səviyyədə fəaliyyət göstərə bilməsi üçün geniş tədbirlər görüləcək. Hərbi-strateji baxımdan Azərbaycan üçün əhəmiyyətli olan Xocalı aeroportunun işğaldan azad edilməsi indi onun digər sahələrdə də əhmiyyətini artırıb. Xocalı Hava Limanının yenidən qurulub fəaliyyətə başlaması bölgədə aviasiya xidmətləri üzrə mütəxəssislərin yetişməsində mühüm rol oynayacaq. Bura aviasiya işçilərinin, yerüstü xidmət personalının, həmçinin logistika üzrə kadrların formalaşdırılmasını daxil edə bilərik.

Aeroportun işə düşməsi bölgənin həm yerli, həm də beynəlxalq səviyyədə əlaqələrinin şaxələnməsi, ticarət imkanlarının genişləndirilməsi, iqtisadi-inkişafın sürətlənməsi baxımından da mühüm rol oyanayacağı danılmazdır.

Özünün füsunkar təbiəti ilə diqqət çəkən Qarabağ İqtisadi Rayonunda turizm imkanlarının genişliyini nəzərə alsaq, deyə bilərik ki, Xocalı aeroportu bölgəyə turistlərin axınında da ciddi əhəmiyyətə malik olacaq.

Bütün bunlarla yanaşı Azərbaycan Respublikasının bütün hava məkanı beynəlxalq aləmdə təhlükəsiz hava sahəsi kimi də qəbul ediləcək.

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xocalı   Aeroport  


Bizi "telegram"da izləyin