DİN və DSX birgə əməliyyat keçirdi - Saxlanılanlar var (FOTOLAR)

2021/10/16219-1633936536.jpg
Oxunub: 188     13:18     04 Sentyabr 2023    
Balakəndə dağlarda əməliyyat keçirilib, narkotik plantasiyası və çoxlu sayda odlu silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Ordu.az-ə verilən məlumata görə, Balakən rayonunda Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə əməliyyat keçirilib.

Keçirilən əməliyyatlar zamanı çətin relyefli dağ-meşə massivində narkotik plantasiyası salan, dövlətlərarası axtarışda olan, oğurluq edən və üzərində qanunsuz odlu silah-sursat gəzdirən ümumilikdə 9 nəfər tutulub.

Qeyd edilib ki, ucqar dağlarda yerləri müəyyən edilən narkotik plantasiyasından çəkisi 350 kiloqrama yaxın 568 ədəd çətənə kolu, eləcə də külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Həmçinin, 1-i “PK” markalı pulemyot olmaqla ümumilikdə 8 odlu silah, 290 ədəd patron və 4 əl qumbarası götürülərək aidiyyəti üzrə təhvil verilib.

Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı isə törətdiyi cinayətə görə barəsində dövlətlərarası axtarış elan edilmiş Vüsal Ömərov və rayonun Qazma kəndində yerləşən uşaq bağçasından kompyuterləri oğurlayan İzzət Məsiyev saxlanılıb.

Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: DİN   DSX   Balakən  


Bizi "telegram"da izləyin