Latviya Dövlət Sərhəd Mühafizəsinin rəisi Azərbaycanda səfərdədir - FOTOLAR

2023/06/8832f-1687412171.jpg
Oxunub: 4954     09:26     22 İyun 2023    
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Latviya Dövlət Sərhəd Mühafizəsinin rəisi general Quntis Puyatsın rəhbərlik etdiyi nümayəndə heyəti 19-22 iyun tarixlərində ölkəmizdə rəsmi səfərdə olub.

Bu barədə Ordu.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil qoyub, Ulu Öndərin ruhuna hörmət və ehtiramlarını bildiriblər. Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi yad edilərək məzarları üzərinə güllər düzülüb.

DSX-nin aparatında rəsmi qarşılanma mərasimi təşkil olunub, general Quntis Puyats fəxri qarovul dəstəsinin önündən keçib, “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazıb.

Görüşün rəsmi hissəsində Azərbaycan sərhəd mühafizəsi sisteminə dair təqdimat keçirilib, Azərbaycanın Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması vurğulanıb, həmçinin azad edilmiş ərazilərdə dövlət sərhədlərinin mühafizəsi və müdafiəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Müzakirələr zamanı ikitərəfli və beynəlxalq əməkdaşlıq çərçivəsində qurumlar arasında icra edilmiş birgə fəaliyyətlərə nəzər salınıb, ölkələrimizin dövlət sərhədlərinin etibarlı mühafizəsinin əhəmiyyəti qeyd olunub, sərhəd təhlükəsizliyi üzrə qarşılıqlı maraq kəsb edən istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.

Səfər proqramına uyğun olaraq, qonaqlar DSX-nin Akademiyası və “Naxçıvan” əlahiddə sərhəd diviziyasında olub, struktur qurumların xidməti-döyüş fəaliyyəti, maddi-texniki bazaları ilə yaxından tanış ediliblər.

Səfər müddətində nümayəndə heyəti ölkəmizin tarixi-mədəni yerləri və abidələrini də ziyarət ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   DSX   Latviya  


Bizi "telegram"da izləyin