“NATO 2030” strategiyası və Asiya-Avropa balanssızlığı – ANALİZ

2022/12/1671107632.jpg
Oxunub: 5189     21:39     15 Dekabr 2022    
Son dövrlərdə qlobal geostrateji vəziyyət dəyişib: Asiyanın önə çıxması ABŞ-ın Asiyada daha çox, Avropada isə daha az fəaliyyəti deməkdir. Transatlantik dəyərlər və maraqlar da daha kövrək olur. “Brexit” göstərdi ki, Avropanın birliyi müzakirə mövzusudur. NATO-nun strategiyası Avropanın bu vəziyyətlə necə davranacağına dair siyasəti müəyyən edir. NATO və ABŞ Avropanın həyat sığortası kimi qəbul edilir, lakin çərçivə şərtləri əsaslı şəkildə dəyişərsə, Avropanın bütün müdafiəsi yenidən nəzərdən keçirilməli ola bilər. Bu həm də qlobal təhlükəsizlik ekosisteminə dərindən təsir edəcək, çünki siyasi rəqabət və əməkdaşlıq üçün labüd olan əsasları müzakirəyə aça bilər. “NATO 2030” strategiyası bütün bu çağırışlara, Avropanın tələblərinə və ABŞ-ın xarici və təhlükəsizlik siyasətinə uyğun cavablar tapmağa çalışır.

1949-cu ildə yarandığı gündən bəri ABŞ-ın rəhbərlik etdiyi Qərbin silahlı qolu olan NATO-nun bir açıq düşməni var idi: Sovet İttifaqı. 1990-cı illərin əvvəllərində bu rəqib yoxa çıxanda tez bir zamanda yeni hədəf tapılmalı idi. ABŞ-da edilən qiymətləndirmələrə əsasən, bundan sonra məqsəd Qərbin üstünlüyünü qorumaq və mümkünsə genişləndirmək üçün hərbi müdaxilələrdən istifadə etmək idi. Bu məqsəd 1991-ci ilin noyabrında Roma sammitində artıq qəbul edilmiş NATO-nun yeni strategiyasında öz əksini tapıb. Bildirilib ki, Şərq Blokundan yaranan “proqnozlaşdırıla bilən” təhlükə indi “çoxölçülü” təhlükələrlə əvəzlənib. O zaman bura kütləvi qırğın silahlarının yayılması, terrorizm, eləcə də mühüm xammal axınının kəsilməsi daxildir.

Bu yeni strategiya 1999-cu ilin aprelində yeni strateji konsepsiyanın qəbul edilməsi ilə NATO-nun formal müdafiə ittifaqından alyansın ərazisindən kənarda missiyalar üçün müdaxilə alyansına çevrilməsini yekunlaşdırdı və təcəssüm etdirdi. Birləşmiş Millətlər Təşkilatının (BMT) icazəsi olmadan NATO-nun Yuqoslaviyaya qarşı əməliyyatı ilə alyansın yeni əsas vəzifəsi elan edildi. Alyans gələcəkdə BMT-nin icazəsi olmadan hərbi müdaxilələr etmək niyyətində olduğunu, belə müdaxilələrin Rusiyanın (və ya hətta Çinin) BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə bloklanmasını istəmədiyini vurğuladı.

Digər tərəfdən, Soyuq Müharibə başa çatdıqdan sonra qəbul edilən üçüncü strategiya sənədi (noyabr 2010) nəzərdə tutulmayan yeni genişlənmələr gətirmədi. Rusiya ilə münasibətlər indiki kimi inkişaf etmədi, Çin isə ümumiyyətlə qeyd olunmadı.

2014-cü ildən Rusiya ilə münasibətlərin gərginləşməsi Qərbə görə zaman baxımından önəmli idi. Nəhayət, bu, NATO-nun “Rusiyanın genişlənmək iradəsinə qarşı” dayaq kimi effektivliyini nümayiş etdirdi. İllər keçdikcə rəqib klaster diqqəti dəyişdi və Çinin iqtisadi və siyasi ekspansiyası hərbi diqqətə ehtiyacı olan başqa bir mövzu olaraq ön plana çıxdı.

Hərbi alyans olan NATO özünü “daha dinc dünyanın qarantı” adlandırmağı xoşlayır, lakin son zamanlar Müttəfiqlər arasında çoxlu siyasi çəkişmələr ilk növbədə daxili birlik ilə bağlı tənqid və sual işarələrini də gətirib. ABŞ prezidenti Donald Trampın ritorikası və hərəkətləri əvvəlcə ABŞ-ın, sonra isə bəzi alyans üzvlərinin NATO-ya sədaqətini şübhə altına alır. Daha sonra ABŞ-ın Almaniyadan qoşunlarını çıxarmaq qərarı və iki NATO üzvü – Türkiyə və Yunanıstanın hərbi qarşıdurması digər üzvlərin alyansa etibarlılığını şübhə altına aldı. Bütün bu hadisələr o dərəcədə tənqidlərə səbəb oldu ki, Fransa prezidenti Emmanuel Makron 2019-cu ilin noyabrında alyansa “beyin ölümü” diaqnozu qoydu.

O zaman demək olar ki, bütün müttəfiqlər bu diaqnoza reaksiya verdilər və NATO qarşısında qızğın öhdəliklər götürdülər. Ancaq yenə də demək olar ki, hamısı əsas suala cavab verməkdən yayındılar: bu, hələ də real ittifaqdırmı? Makronun sözlərinə görə, NATO hərbi fəaliyyətini davam etdirir, lakin siyasi cəhətdən ittifaqı təmin edə bilmir və müttəfiqlərin istər Rusiyaya, istərsə də terrora qarşı yönəlmiş siyasi və strateji maraqları getdikcə daha çox fərqlənir.

Bunun ardınca 2019-cu ilin dekabrında Londonda keçirilən NATO sammitində alyansın necə daha da güclənəcəyinə dair “düşünmə prosesinin” başlanması qərara alınıb və nəticədə NATO-nun baş katibi Yens Stoltenberq tərəfindən xüsusi olaraq seçilmiş ekspertlər qrupu ittifaqı canlandırdı. Hesabat hazırlamaq məqsədilə yaradılan 10 nəfərlik ekspert qrupuna Almaniyanın keçmiş müdafiə və daxili işlər naziri Tomas de Mezyer (CDU) və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Aaron Vess Mitçel rəhbərlik ediblər.

Makronun diaqnozuna cavab olaraq yaradılmış bu ekspert qrupunun həmsədri Mezyer NATO-nun “mütləq daxili dağıntılar yaşadığını” təsdiqləsə də, “beyin ölümü” ritorikası üçün bildirdi: “Bu, təxribat idi. Lakin bu, bu prosesi aktivləşdirdiyi üçün faydalı oldu”. Mezyerin sözlərinə görə, xarici təhlükə ilə bağlı vəziyyət də dəyişdiyi üçün artıq ittifaqı yeniləməyin vaxtı çatıb.

Bu ekspertlər qrupu Qərbin müdafiə alyansının uyğunlaşdırılması üçün aylarla fəaliyyət təklifləri hazırladı. NATO diplomatlarının fikrincə, hesabat Makronun iddialarına və alyansın gələcəyə ləng uyğunlaşmasına dair ümumi tənqidinə cavab idi və NATO alyansının Qərbin təməl daşı kimi daha çox siyasi rol almalı olduğunu iddia edirdi.

Daha çox qoşun, daha sürətli qərarlar

“NATO 2030: Yeni Dövr üçün Birləşmiş” başlıqlı hesabatda 138 tövsiyə yer alıb. Ekspert qrupu daxili birliyi gücləndirmək (və ya bərpa etmək) üçün qərarların daha tez qəbul edilməsini tövsiyə edir. Onilliklər ərzində qüvvədə olan və NATO tərəfindən az qala bunker kimi qorunan yekdillik prinsipini yumşaltmaqla bu sürətli qərar vermə prosesini təmin etməyi təklif edir.

Mezyer bunun ittifaqın yoluna əngəl törədəcəyi barədə xəbərdarlıq edərək, barışıq prinsipinin “Mən yerimdə qalıram və həmişə “yox” deyirəm”ə imkan verməməli olduğunu söyləyir. Yekdillik prinsipini tam tərsinə çevirmək mümkün görünməsə də, yalnız nazirlər səviyyəsində veto qoyma üsulu ilə blokadaların daha da çətinləşdirilməsi arzu edilir. Bununla belə, Almaniyanın sabiq xarici işlər naziri Heiko Maas “NATO müharibə və ya sülh haqqındadır” deyərək yekdillikdən kənara çıxmağın çətin olduğunu düşünürdü. Bu təklifin həm də bir çox üzvlərin, xüsusilə Türkiyə, İngiltərə və Şərqi Avropalıların müxtəlif səbəblərdən müqaviməti ilə qarşılaşdığı görünürdü.

Xarici işlər nazirlərinin tez-tez rəsmi görüşləri, eləcə də müdafiə nazirlərinin NATO-nun Baş Qərargahında və müttəfiq paytaxtlarında müxtəlif formatlarda daha çox görüşləri alyansın ümumi siyasətinin inkişafında səmərəli hesab olunur. Hərbi məsələlərin müdafiə və təhlükəsizlik ölçülərini genişləndirən bu ideya NATO-nun fakt/hadisə yönümlü effektivliyini gücləndirmək, eləcə də dövlətlərin bir-biri ilə əlaqələrini gücləndirmək məqsədi daşıyır. Mütəxəssislər NATO ölkələrinin daim bir-birini təəccübləndirməməsi üçün mühüm qərarlar qəbul etməzdən əvvəl bir-birini məlumatlandırmaq üçün “könüllü öhdəlik” sistemini də tövsiyə edirlər.

NATO üçün Asiya təhlükəsi: genetikasında Rusiya və yüksələn Çin

NATO-nun yaradılması məqsədində Sovet İttifaqının dağılması, Soyuq Müharibənin başa çatması və müxtəlif təhlükələrə uyğunlaşma prosesi davam etsə də, Rusiya alyansın mətnlərində yer almağa və siyasətin qurulmasında fəal olmağa davam etdi. Bir müddətdir davam edən tanışlıq, dialoq və çəkindirmə qarışığı olan ikitərəfli yanaşma (Kiyevə hücuma qədər – red.) Moskvaya qarşı durmağın ən təsirli yolu kimi görünməkdə davam edirdi.

Çin isə Qərbin ümid etdiyi xeyirxah ticarət tərəfdaşı deyil, bu əsrin yüksələn gücü olaraq görülür. Hesabat Çini təkcə ABŞ üçün deyil, həm də Avropa üçün potensial hərbi təhdid kimi müəyyənləşdirir və Pekini NATO-nun 30 Qərb ölkəsinin kollektiv müdafiə sisteminə meydan oxuyan kimi qəbul edir. Hesabata görə, Çinin uzunmüddətli perspektivdə təkcə Avro-Atlantik regionunda deyil, həm də qlobal miqyasda öz hərbi qüdrətini proqnozlaşdıracağı ehtimalı artır.

Alyansın Çinə artan diqqəti, əsasən, Çinin sülh yolu ilə qlobal super gücə çevrilmək cəhdini qəbul etməməsi ilə bağlıdır. Hesabat həm Çinin hərbi modernləşmə sürətini, həm də Hind-Sakit okean regionunda qonşularına qarşı iqtisadi təzyiq və diplomatiya yolu ilə güc tətbiqini sual altına alır. Çinin 2020-ci ilin noyabr ayında regionun 15 ölkəsi ilə imzaladığı Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq (RCEP) azad ticarət sazişini nəzərdən keçirdikdə, qəbul edilən riskin mənbəyi aydın olur.

Çin Avro-Atlantik regionu üçün mütləq hərbi təhlükə yaratmasa da, o, hərbi imkanlarını Atlantik, Aralıq dənizi və Arktikaya genişləndirib, Rusiya ilə müdafiə əlaqələrini dərinləşdirib, uzun mənzilli raketlər, təyyarə və aviadaşıyıcılara, geniş kosmosla qlobal əhatəyə malikdir. Məlumdur ki, o, böyük nüvə arsenalına malik nüvə sualtı qayıqları ilə müdafiə/hücum qabiliyyətini artırmaq üzərində işləyir. Hesabatda vurğulanır ki, gələcək silahlara nəzarət danışıqlarında, xüsusən də nüvə silahları və ballistik raketlər kontekstində Çinlə təması nəzərdən keçirmək çox vacib olacaq.

Əgər NATO ölkələri Çin tərəfindən təhdid edilirsə, alyans təbii olaraq müdafiənin təmin edilməsində effektiv aktor olmaq qabiliyyətini nümayiş etdirməlidir. Buna görə də hesabatda Çinin Müttəfiqlərin təhlükəsizliyinə xələl gətirən fəaliyyətləri qabaqcadan görmək və onlara cavab vermək qabiliyyətinin artırılmasının zəruriliyi vurğulanır. Hesabat NATO-ya Çinin yaratdığı təhlükəsizlik çağırışlarına vaxt və siyasi resurslar ayırmağı, konkret tədbirlər görməyi, strategiyanı əlaqələndirmək və müttəfiqlərin təhlükəsizliyini qorumaq qabiliyyətini təkmilləşdirməyi tövsiyə edir.

Sənədin müəlliflərinin fikrincə, NATO Çinin texnoloji inkişafının nəticələrini qiymətləndirmək üçün səylərini genişləndirməli, alyansın kollektiv müdafiəsinə, hərbi hazırlığına və ya dayanıqlılığına təsir göstərə biləcək hər hansı Çin fəaliyyətinə hazırlaşmalı və müdafiə olunmalıdır. Növbəti onillikdə Çin NATO-nun kritik infrastrukturu qorumaq, 5G kimi inkişaf etməkdə olan texnologiyalara uyğunlaşmaq və tədarük zəncirləri də daxil olmaqla iqtisadiyyatının həssas sektorlarını qorumaq imkanlarına meydan oxuya biləcək səviyyəyə çatacaq.

Hesabatda həmçinin Avrasiyada kommersiya infrastrukturlarının yaxşılaşdırılması üçün strateji layihə olan Yeni İpək Yolu və Çin tərəfindən irəli sürülən 17+1 platforması və “Bir Kəmər və Bir Yol təşəbbüsü”nə (BRI) istinad edilərək, iqtisadi cəbhədə Çin təhlükəsinə də toxunulur. Bu formatlarda Çinlə iqtisadi münasibətlərin müttəfiq ölkələrin siyasətlərinə təsir edəcəyi narahatlığı ilə NATO-ya bağlılığını davam etdirmək səyləri hesabatda yer alır.

NATO-nun qabaqlayıcı strategiya kimi təmasda olduğu “Hind-Sakit okean tərəfdaşları” və xüsusilə Çinin regional rəqibi Hindistan yeni dövrdə mühüm tərəfdaşlar ola bilər. Hesabatda belə bir proqnozun verilməməsinə baxmayaraq, strateji tələblərə görə, Tayvan və ya digərləri üçün təhlükəsizlik zəmanəti və regionun digər ölkələri ilə münasibətlərin yaxşılaşması NATO-nun transatlantik alyansdan Hind-Sakit okean alyansına keçəcəyi ilə bağlı narahatlıq doğurur.

Atlantikanın hər iki tərəfindəki vəziyyət: NATO və Avropa

Hesabat ABŞ-ın Avropadan çıxmasından və təhdidlərin dəyişməsindən qıcıqlanan Aİ-nin 2020-ci ilin iyun ayında qəbul etdiyi qərara uyğun olaraq 2022-ci ilə qədər öz “Strateji Kompas” və hərbi doktrina üzərində işləməyə başladığı bir vaxtda hazırlanıb.

Ağ Evdəki dəyişikliyin avropalı müttəfiqlərə qarşı düşmənçiliyi aradan qaldıra biləcəyi ehtimalına baxmayaraq, Avropanın ABŞ-dan asılı olmayaraq hərbi gücünü artırıb-artırmaması ilə bağlı artan müzakirələr fonunda hesabatla birlikdə cəsarətli addımlar atılmalıdır. NATO diplomatları hesab edirlər ki, hesabatdakı tövsiyələr ABŞ-da seçkilərin nəticələrini tam əks etdirmir, lakin prezident dəyişiləcəyi təqdirdə qüvvədə qalacaq.

Ekspert qrupunun həmsədri Mezyer Aİ-nin hərbi cəhətdən daha müstəqil olması, hətta özünün “Avropa ordusu” yaratması fikrini də diqqətdən kənarda qoya bilməzdi. Bu müzakirədə alman siyasətçi NATO-dan kənar “strateji muxtariyyət”i məntiqli görmür. Əksinə, Aİ-nin NATO daxilində imkanlarını gücləndirməli olduğunu vurğulayan Meyzer, bu mövzuda çox danışan avropalı siyasətçilərə xəbərdarlıq edirdi: “Daha az danışmaq və daha çox hərəkət Avropanın təhlükəsizlik siyasəti və ittifaq üçün yaxşı olacaq”.

Mütəxəssislər, NATO ilə Aİ arasında münasibətlərdə ardıcıl yanaşma və sinerjinin izlənilməsi təklifi ilə əməkdaşlığın bir addım da irəli gedəcəyini proqnozlaşdırırlar ki, bu təklif bütün müttəfiqlərə, o cümlədən hərbi mobillik ilə bağlı prosedurlara bərabər tətbiq edilməlidir. Lakin NATO-nun Avropada güclü kollektiv müdafiə üçün transatlantik çərçivə və müttəfiqlər arasında təhlükəsizlik məsləhətləşmələri və qərarlar üçün əsas forum olaraq qaldığının qəbul edilməsinin ilkin şərti təşkilatın münasibətlərdə lider olduğunu göstərir.

Əgər NATO yekdilliklə yeni dövrə qədəm qoyarsa, bu, şübhəsiz ki, ABŞ-ın rəhbərliyi altında olacaq. Altmış yeddi səhifəlik hesabatın bir çox bəndlərin ABŞ-ın üstünlüyünü daha da gücləndirmək və avropalılar üçün strateji muxtariyyət təkliflərinin daha da gücləndirmək üçün formalaşdırıldığı görünür. Eynilə, yekdillik prinsipinin ləğvi ilə bağlı fikirlər sonda NATO-nun (və Aİ-nin) böyük dövlətlərinin kiçik dövlətlərin fikrinə daha az əhəmiyyət verməsi/önəm verməsi tənqidi ilə yanaşı qeyd edilirdi.

Transatlantik münasibətlərin vəziyyəti Bayden administrasiyasından asılıdır

NATO-nun 2030-cu ilə qədər vizyonu üçün pandemiya, ətraf mühit və sağlamlıq kimi mövzularda yeni marşrutlar çəkməsi təkliflərini təqdim edən hesabatda yeni təhdidlərə uyğunlaşma və siyasi məsləhətləşmə mexanizmləri ön plana çıxır.

NATO-da transatlantik münasibətlərin vəziyyəti ABŞ prezidenti Co Baydendən asılıdır. Aydındır ki, Vaşinqtonun ruhuna uyğun olaraq NATO-nun “Rusiyaya qarşı daha çox məlumatlılıq və tədbirlər və Çinlə sistemli rəqabət”lə uyğunlaşdırılması istiqamətində iş gedir. Bayden artıq Donald Trampın Çinə qarşı aqressiv siyasətini davam etdirəcəyini dəfələrlə bəyan edib. Avropa ilə təhlükəsizlik və müdafiə əlaqələrində NATO-ya sadiqliyini də bəyan edən Bayden Avropada bəzi qanadlar tərəfindən birmənalı qarşılanmır.

Çinə qarşı bütün bu xəbərdarlıq və tədbirlərə rəğmən inkişaf edən reaksiya bəzi rəqəmlərlə vəziyyətin təhlükəsizlikdən kənarda olduğunu sübut etməyə çalışır. Ortaya qoyulan həqiqət budur ki, təkcə NATO üzvü olan ABŞ-da 5800 nüvə başlığı var, Çin isə 320 nüvə başlığına malikdir ki, bu da NATO üzvləri Fransa (290) və İngiltərə (215) ilə eynidir. ABŞ-ın dünya üzrə 800-ə yaxın hərbi bazadan ibarət qlobal şəbəkəsi olduğu halda, Çinin öz ölkəsi xaricində yeganə hərbi bazası Cibutidədir.

NATO-ya üzv ölkələr 2019-cu ildə silahlanma və orduya 1 trilyon ABŞ dollarından çox vəsait xərcləyib ki, bu da Çinin xərclərindən dörd dəfə çoxdur. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, Çin 2019-cu ildə hərbi xərclərini 266 milyard ABŞ dolları ekvivalentində artırıb. Bu, əhalisinə nisbətən adambaşına 190 ABŞ dollarına bərabərdir. NATO-nun silahlanma siyasəti bu artımın əleyhinədir, lakin eyni dövrdə ABŞ-ın hərbi xərcləri onun əhalisinə nisbətən adambaşına 2200 dollardan çoxdur. Digər tərəfdən, Almaniya bir neçə ildən sonra hərbi xərclərinə görə Rusiyanı ötərək Avropanın ən böyük hərbi gücünə çevriləcək.

Hərbi xərclər cədvəllərini, xarici siyasət baxışını, iqtisadi tərəqqisini və Arktikadan Afrikaya qədər NATO ərazisinə yaxınlaşmaq strategiyasını nəzərə alaraq, NATO diplomatları şərh edir ki, ortaq Qərb dəyərlərini paylaşmayan Çin digər ölkələri, xüsusən də iqtisadi cəhətdən qorxutmağa çalışır. Çinin BRI kimi formatlarla inkişaf etdirdiyi NATO-nun təsirini itirməsi və Çinin Asiya və Şərqi Avropa ölkələrində nüfuz qazanması fenomeni “qorxuducu” olaraq görülsə də, bunun orta müddətli perspektivdə regional dinamikanı dəyişəcəyini proqnozlaşdırmaq olar.

Avropada Baydenin NATO-ya bağlılığı strateji muxtariyyət və Avropa ordusu kimi ABŞ-ın müdafiə idarəçiliyində təsirini azaldacaq addımlara mane olur. Makronun NATO əleyhinə ritorikasından sonra Fransa və Almaniyanın yüksək hərbi xərclərində artım göstərməsi bu vəziyyətə hazırlıq kimi görünə bilərdi. Amma bu gün yeni strategiya üçün işə başlamaq lazımdır.

NATO 2030, məcburi olmasa da, transatlantik münasibətlərin və qlobal təhlükəsizlik arxitekturasının necə formalaşacağının xülasəsi kimi qəbul edilə bilər. Yeni dövr NATO-da həm daxili, həm də xarici risklərin idarə olunmasını tələb edən çətin proses olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO-2030   Avropa   Asiya  


Bizi "telegram"da izləyin