Belarusdakı hərbi təlimlər hipotetik zərbə variantları təklif edir – ANALİZ

2018/04/5401743_1523276492.jpg
Oxunub: 2238     11:38     03 Fevral 2022    
Rusiya-Belarus genişmiqyaslı hərbi təlimi “Soyuznaya Reşimost” (Müttəfiqlərin Qətiyyəti 2022) Moskvanın Ukraynaya qarşı müharibə planlamasında kritik ölçü təşkil edir. Fevralın 10-20-nə planlaşdırılan Birlik Dövləti təlimi Belarusun qərb və cənub sərhəd bölgələrində keçiriləcək və bu, 1991-ci ildə Sovet İttifaqının dağılmasından bəri Rusiya Silahlı Qüvvələrinin bu ölkəyə ən böyük qoşun yeritməsidir. “Soyuznaya Reşimost 2022” xüsusilə Rusiyanın Ukrayna sərhədləri yaxınlığında görünməmiş hərbi güclənməsi kontekstində baş verir. Yerləşdirilən qüvvələrə Rusiyanın Şərq Hərbi Dairəsinin bölmələri daxildir. Onların orada olması Ukraynanın mühasirəsini effektiv şəkildə genişləndirir və Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qarşıdan gələn münaqişədən kənarda qalmaq üçün strateji mesaj göndərir.

Təlimlər Rusiya-ABŞ, Rusiya-NATO, Rusiya-ATƏT formatında Moskva və Qərb arasında danışıqlardan sonra keçirilir. Artıq fevralın 9-da başa çatdırılması nəzərdə tutulan döyüş hazırlığının yoxlanılması və yerdəyişməsi başlayıb. Təlimin vaxtı ilə bağlı Rusiya Müdafiə Nazirliyinin rəsmi nəşri olan “Krasnaya Zvezda”nın məqaləsində iddia edilir ki, Belarusda keçirilən təlim bir ay əvvəl Sankt-Peterburqda prezidentlər səviyyəsində əldə olunan razılaşmadan qaynaqlanır.

Kremldə prezident Vladimir Putin və onun belaruslu həmkarı Aleksandr Lukaşenka arasında 2021-ci ilin dekabrında keçirilən görüşün işıqlandırılması ilə açıq şəkildə vurğulanır ki, Belarus ərazisində növbəti birgə hərbi təlimlərin keçirilməsi təşəbbüsü Minskdən gəlib. Üstəlik, Kremlin saytında Putinin Lukaşenkoya cavabından görünür ki, təlimin vaxtı hələ o zaman da müəyyən olunmayıb: “Sizin təklif etdiyiniz kimi, ilin əvvəlində təlimlər keçirəcəyik. Hərbçilər bununla bağlı mart, fevral aylarında razılıq əldə edəcəklər, nə vaxt qərar verəcəklərini hələlik bilmirəm”. Beləliklə, “Soyuznaya Reşimost 2022”nin vaxt cədvəli yalnız yanvarın ortalarında yekunlaşdırılıb. Və bu, Rusiyanın müharibə planlaşdırma cədvəlindəki dəyişikliyi əks etdirə bilər.

Əgər irimiqyaslı hərbi təlimin vaxtı keçən ilin sonunda qərarlaşdırılmayıbsa və yalnız bu yaxınlarda müəyyən edilibsə, Rusiyanın qoşun yeritməsinin böyük miqyası təkcə hərəkətdə olan texnika, avadanlıq və silah sistemləri deyil, həm də şəxsi heyətin cəlb etdiyi maddi-texniki səyləri nümayiş etdirir. Buraya Şərq Hərbi Dairəsinin Quru Qoşunları, Hava-Desant Qüvvələri və Aerokosmik Qüvvələri cəlb edilib.

Rusiya ordusunun yeridilən qoşunlarının miqyası “Zapad 2021” üçün Belarusa göndərilən qüvvədən daha böyükdür. Təlimə 200-ə qədər qatar cəlb edilib, texnikalar gecə-gündüz daşınırlar. Təlimin bəyan edilmiş məqsədləri arasında Rusiyanın onlarla Su-35 çoxməqsədli qırıcılarından, “Pantsir-S1” sistemlərindən və S-400-lərdən istifadə etməklə Birlik Dövlətinin regional hava hücumundan müdafiə sisteminin sınaqdan keçirilməsi də var. S-400-lər Xabarovsk diyarında yerləşdiriləcək. S-300V hava hücumundan müdafiə/ballistik raket əleyhinə müdafiə sisteminin bölmələri Belarus-Ukrayna sərhədinə yaxın Bryansk şəhərinə köçürülüb. “V” konfiqurasiyası Ukraynanın “Toçka-U” taktiki ballistik raketlərinə qarşı istifadə olna bilər.

Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fominin sözlərinə görə, “Soyuznaya Reşimost 2022” iki hissəyə bölünür. Birincisi, Rusiya qüvvələri təlim bölgələrinə yenidən yerləşəcək və hava hücumundan müdafiə elementləri də daxil olmaqla, döyüş hazırlığı yoxlanışlarından keçəcək zərbə qrupları formalaşdıracaq. İkinci mərhələ fevralın 10-dan 20-dək keçiriləcək təlimləri əhatə edir və əsasən Belarusun beş poliqonu və dörd aerodromunu əhatə edəcək: Domanovski, Qojski, Obuz-Lesnovski, Brest və Osipoviçski poliqonları və Baranoviçi, Luninets, Lida və Maçulişçi aerodromları. Bu obyektlərdən kənarda da təlim manevrləri planlaşdırılır.

Təlim zonaları “Zapad 2021”də fərqli olaraq daha çox Polşa və Ukrayna ilə sərhədə yaxındır. Rəsmi olaraq, Belarus Silahlı Qüvvələrinin əsas hissəsinin də iştirak edəcəyi birgə hərbi təlimdə əsas diqqət Birlik Dövlətinə qarşı xarici təcavüzün qarşısının alınması və dəf edilməsi, kritik infrastrukturun qorunması, birgə hava hücumundan müdafiənin gücləndirilməsi, silahların çatdırılmasının qarşısının alınması və axtarış və məhv missiyalarının həyata keçirilməsinə yönəldiləcək. Fomin bildirdi ki, regional qruplaşmanın qüvvələri və vasitələri Birlik dövlətinin təhlükəsizliyini təmin etmək üçün kifayət etməyəcək bir vəziyyətə düşə bilər: “Və biz onu gücləndirməyə hazır olmalıyıq. Belarus tərəfi ilə birlikdə anlaşdıq ki, ümumi müdafiə üçün dövlətin hərbi təşkilatının bütün potensialını cəlb etmək lazımdır”. Genişmiqyaslı hərbi təlimlər üçün Belarusa yerləşdirilən qüvvələr eyni vaxtda bir neçə rola xidmət edir. Bu, Ukraynaya əlavə hipotetik zərbə variantları təklif edir, o cümlədən Kiyevə hücum, NATO-nun hər hansı mümkün reaksiyasının qarşısını alır və Alyansın şərq cinahına təzyiqi artırır.

“Soyuznaya Reşimost 2022” Moskvanın müharibəyə hazırlıq zəncirinin daha bir həlqəsi kimi görünür, ötən ilin yazında Ukrayna ətrafında qüvvələrin yerləşdirilməsi, “Zapad 2021” və indi də davam edən təlimlər bu zəncirin tərkib hissəsidir. “Zapad 2021”dən sonra Moskva və Minsk yeni Birlik Dövləti Hərbi Doktrinasını yekunlaşdırdılar. 2021-ci ilin noyabr ayının əvvəlində qanun qüvvəyə minsə də, sənəd qeyri-adi şəkildə dərc olunmamış qalır.

2014-cü ildə Krımın ilhaqından sonra hər il Ukrayna sərhədlərində Rusiyanın böyük hərbi artımı yavaş-yavaş, diqqətlə icra edilib və bir çox cəhətdən unikal olub. Bütün hərbi göstəricilər müharibəyə işarə edir, proses artıq son mərhələsinə qədəm qoyur. Təminat üçün lazımi maddi-texniki təchizatın tamamlanması kimi çatışmayan elementlər sürətlə aradan qaldırıla bilər.

Rusiyanın Belarusla gözlənilməz birgə hərbi təlimi digər narahatedici siqnallar kontekstində gəlir. Qara dəniz donanmasının amfibiya imkanlarını potensial olaraq gücləndirmək üçün Şimal, Baltik və Sakit Okean donanmalarından ağır desant gəmiləri yenidən yerləşdirilir, döyüş atışlı təlimlərdə artım müşahidə edilib. Donbasda Moskvanın dəstəklədiyi “separatçılar” daha çox maddi dəstək alır və ATƏT-in oradakı monitorinq missiyası keçən il bloklanıb. Diplomatik sıçrayış baş verməsə, Rusiyanın zərbə qrupları “Soyuznaya Reşimost 2022” zamanı və ya ondan dərhal sonra Ukrayna ilə bağlı fövqəladə vəziyyət tətbiq etməyə hazır ola bilər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Rusiya  


Bizi "telegram"da izləyin