“Şəffaf və təxmin ediləbilən qaydalara əsaslanan sağlam ixracat fürsətləri Avropanın müdafiə sənayesinin davamlılığı üçün zəruri ön şərtdir”, - deyə Anne-Mari Deskotes Berlində yerləşən Federal Təhlükəsizlik Siyasəti Akademiyası üçün yazdığı essedə yazır.
Səfirin fikrincə, Avropa bazarı özlüyündə müdafiə kompaniyalarının inkişaf dinamikasını saxlaması üçün çox kiçik olduğundan, silah istehsalçılarının ixrac imkanlarını böyük ehtiyacı var. Bu mənada Almaniyanın silah ixracatına milli siyasət məsələsi kimi yanaşması və alyans kontekstində nəzərdən keçirməsi ciddi çətinliklər yaradır.
Qeyd edək ki, səfirin bu rəyləri Almaniya daxilində aylardır davam edən debatlarla həmahənglik təşkil edir. Yerli media iki gün öncə bildirdi ki, alman hökuməti bu günlərdə gizli görüş keçirərək Ər-Riyada qarşı tətbiq edilən və bu ayın sonu bitəcək olan silah satışı ilə bağlı embarqonun vaxtının uzadılmasına dair müzakirələr keçirəcək.
Məsələ burasındadır ki, hökumət daxilində də bu embarqo ilə bağlı ikifikirlilik mövcuddur. İqtidar koalisiyasında yer alan və Xarici İşlər Nazirliyi ilə Maliyyə Nazirliyini əlində saxlayan sosial demokratlar Səudiyyə Ərəbistanının Yəməndə sülhə can atmadığı müddətcə embarqonun saxlanılmasını müdafiə edir. Kansler Angela Merkelin Xristian Demokrat Birlik isə alman “maksimalist mövqeyi”ndən üz döndərməyə və Avropa İttifaqının maraqları naminə Fransa və Birləşmiş Krallıqla ortaq bir yol tapmağa hazır olduğunu bəyan edir.
Adıçəkilən ölkələrin hökumətləri isə Merkel administrasiyası bu embarqo ilə bağlı yenidən götür-qoy etməyə çağırır. Çünki Almaniyanın birgə istehsal edilən silahların Ər-Riyada satışı ilə bağlı qoyduğu veto digər təşəbbüslərə də domino effekti kimi təsir göstərir.
Dəyanət Ağalarlı
Ordu.az