“Erməni ordusunun yarandığı gün övladımın qanı tökülüb” - Damarlarını doğrayıb, balkondan atmaq istədilər

2019/01/555-7-1548160299.jpg
Oxunub: 17294     16:26     22 Yanvar 2019    
“Belə olan halda hamı günahsızdırsa, bəs mənim övladımı kim öldürüb?”.

Ordu.az xəbər verir ki, bu barədə narazılıqlarını öldürülən kursant Haykaz Barseğyanın atası Arkadi Barseğyan erməni KİV-lərinə açıqlamasında bildirib.

19 yaşlı Barseğyan 2015-ci ilin yanvar ayının 28-dən 29-na keçən gecə Vazgen Sarkisyan adına hərbi institutda öldürülüb. Həmin gün onun cəsədi fiziki hazırlıq meydanındakı turnikdə asılmış vəziyyətdə tapılıb. Öldürmə hadisəsi ilə bağlı istintaq həyata keçirən orqan Barseğyanın 4 xidmət yoldaşına ittiham irəli sürüb. Bunlar kursant Vaçe Sahakyan, Movses Azaryan, Norik Sahakyan və Qnel Tevosyandır. İttihama əsasən, müttəhimlər Hakyazı öldürdükdən sonra intihar görüntüsü yaratmaq məqsədi ilə onu apararaq turnikdən asıblar.

Övladının ölümündən 4 il keçdikdən sonra atası Arkadi Barseğyan yalnız ədalətli məhkəmə tələb edir. Atası qeyd edib ki, Ermənistan ordusunun yaranma günü gecəsi övladının qanı tökülüb. Ermənistan üçün 28 yanvar tarixi bayram günü olsa da, Haykaz Barseğyanın ailəsi üçün matəmdir.

Keçən 4 il ərzində 4 müttəhimdən heç birinin valideynləri və ya yaxınları Barseğyanlar ailəsinə baş çəkməyib. Yalnız bir dəfə Norik Sahakyanın müsbət xarakteristikasını nəzərə alaraq, ölən hərbi qulluqçunun atası Arkadi Barseğyan Sahakyanlar ailəsi ilə görüşüb. Arkadi Sahakyanın sözlərinə görə, həmin vaxt müttəhim Norik Sahakyanın anası bəzi etiraflar edib.

“Əgər oğlum etiraf edərsə, türmədə bilirsiz onunla necə davranarlar? Hələ məlum olsa ki, polis oğludur, daha da pis olar. Bu etiraf deyilsə, başqa nədir?”, - deyə Norik Sahakyanın anası bildirib. Lakin o, bu qədərini dedikdən sonra yenə də sonda övladının günahsız olduğunu iddia edib.

“Belə olan halda hamı günahsızdırsa, bəs mənim övladımı kim öldürüb?”, - deyə kursantın atası Arkadi Barseğyan şikayətlənib. Cinayət işi üzrə adları keçən 30 şahidin demək olar ki, hamısı “Qorxurduq ki, bizi də həmin aqibət gözləsin”, - deyə bildiriblər. 2015-ci ilin noyabr ayından Haykaz Barseğyanın işi üzrə məhkəmə prosesləri başlayıb. Cinayət işi üzrə 4 kursant Vaçe Sahakyan, Movses Azaryan, Norik Sahakyan və Qnel Tevosyana qarşı ittiham irəli sürülüb. Qnel Tevosyan məktəb rəisinin silahlandırma üzrə müavini Zarmik Markosyanın oğludur. Ölüm hadisəsindən sonra Zarmik Markosyan tutduğu vəzifədən azad edilib. İnstitutda oğluna güzəştli şərait yaratdığına görə, Zarmik Markosyana qarşı da cinayət işi açılıb.

Adları keçən 30 şahidin demək olar ki, hamısı hadisənin necə baş verdiyi barədə məlumat versələr də, məhkəmə prosesində müttəhimlərin iştirakı ilə izahat verməkdən imtina ediblər. Şahidlər həmin gecə ölüm hadisəsi baş verən 408-ci yataq otağında olanlardır. Onların hamısı etiraf edib ki, ittiham edilən Qnel, Norik, Vaçe və Movses qəddarcasına Haykazı döyüb. Daha sonra törətdikləri əməldən qorxaraq, onu damarlarını doğrayıb ölüm hadisəsini intihar kimi göstərməyə çalışıblar.

Şahidlər bildirib ki, əvvəlcə deyirdilər ki, 2-ci mərtəbədən yerə ataq, daha sonra peşmanlıq çəkərək idman meydanına aparmaqla asmaq qərarına gəliblər. Haykazı çəkərək yataq otağından çıxardıb, idman şəhərciyinə aparıblar. Məhkəmədə 30 şahiddən niyə heç birinin Haykaza kömək etmədiyinə dair verilən suala bütün şahidlər bir ağızla “Qorxurduq ki, eyni aqibət bizi də gözləsin”, - deyə cavab veriblər.

Növbəti məhkəmə prosesi Haykaz Barseğyanın öldürüldüyü eyni günə təsadüf edib. İrəvan məhkəməsində məhkəmə iclasları tez-tez təxirə salınırdı. Son məhkəmə iclaslarından birində şahid Telman Mxitaryan ikinci dəfə məhkəməyə çağırılsa da, izahat verməkdən və tərəflərin suallarını cavablandırmaqdan imtina edib. O, ilkin araşdırma orqanına hər şey barədə izahat verdiyini bildirməklə kifayətlənib. Hadisə məhz Telman Mxitaryanın növbətçiliyi zamanı baş verib.

Mxitaryan, ilkin araşdırmada verdiyi izahatında bildirib ki, adları çəkilən müttəhimlərin öldürülən kursant Haykaz Barseğyanı qollarından tutaraq, otaqdan çıxardıqlarını və çölə apardıqlarını görüb.

Qeyd edək ki, öldürülən kursant Haykaz Barseğyanın növbəti məhkəmə prosesi iki həftə sonra baş tutacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Cinayət  


Bizi "telegram"da izləyin