Rusiya Federasiyasının Cənub Hərbi Dairəsində təlimlər keçirilir

2019/01/41705-1548134864.jpg
Oxunub: 10010     09:12     22 Yanvar 2019    
2019-cu il ərzində Ermənistanda yerləşən 102-ci hərbi bazanın bölmələrinin döyüş hazırlığı məşğələlərinin intensivliyi 10 % artacaq. 3500-dən çox hərbi qulluqçu 600 taktiki məşğələ həyata keçirəcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Rusiyanın Cənub Hərbi Dairəsində demək olar ki, bütün hərbi hissələri əhatə edən irimiqyaslı təlimlər davam edir. Rusiya Cənub Hərbi Dairəsinin tərkibinə daxil olan Ermənistanda dislokasiya edilmiş 102-ci hərbi baza və Erebuni aviasiya bazası da eyni qaydada təlimlərdə iştirak edir.

Yanvarın 11-də Erebuni aviabazasının hərbi qulluqçuları MiQ-29 təyyarələri ilə şərti rəqibin hava hədəflərini, yanvarın 15-də isə Mi-24 zərbə helikopterlərinin şəxsi heyəti motoatıcı bölmələrlə əməkdaşlıq edərək dağlarda gizlənmiş şərti rəqibin qüvvələrini zərərsizləşdirib.

102-ci hərbi bazanın hərbi qulluqçuları yanvarın 13-də “Qrad” kompleksindən, “Podnos” minaatanlarından, “Qvozdika” haubitsasından və “Konkurs” tank əleyhinə kompleksindən, yanvarın 16-da isə T-72 tankından atış çalışmalarını yerinə yetiriblər.

Planlı təlimlər çərçivəsində Abxaziyada dislokasiya olunan bölmələr 14-16 yanvar tarixlərində artilleriya atəş hazırlığı və dağ hazırlığı çalışmalarını həyata keçiriblər.

Yanvarın 16-da Kuban vilayətində hərbi qulluqçular helikopterdən desant çıxarma, desant endirmə və hava döyüşləri ssenarisi üzrə KA-52 və Mi-8 helikopterləri ilə təlimlər həyata keçirib. Həmçinin Cənub Hərbi Dairəsinin silahlanmasına yeni daxil edilən Su-25 qırıcıları da sınaqdan keçirilib.

Çeçenistanda artilleriya bölmələri şərti rəqibin artilleriya batareyalarını “Akasiya” haubitsasından, “Sani” minaatanından və “Qrad-M” kompleksindən atəş açaraq məhv ediblər. Yanvarın 15-də Qara dəniz və Xəzər dənizinin döyüş gəmiləri üzərində yerləşdirilmiş hava hücumundan müdafiə vasitələri şərti rəqibin PUA-larını aşkar edərək məhv ediblər. Cənub Hərbi Dairəsinin mərkəzi Rostovdakı təlimləri helikopterlərin uçuşları və tankların gecə döyüşü ssenarisi üzrə keçirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   CHD   Təlimlər  


Bizi "telegram"da izləyin