Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2017-ci ildə yay çağırışı ərzində bir sıra sağlamlıq problemləri ilə hərbi xidmətə qismən yararlı hesab edilən A.D hərbi xidmətə çağırıldıqdan 1.5 il sonra Helsinki Vətəndaşlıq Assambleyası Vanadzor ofisinin dəstəyi nəticəsində hərbi xidmətə yararsız hesab edilib.
Müəyyən xəstəlikləri olan çağırışçı A.D ilk növbədə 5 ay müddətinə müalicə məqsədilə möhlət hüququ alıb. Lakin müalicəsini tam başa vurmadan və səhhəti yaxşılaşmamış 2017-ci ilin yay çağırışında hərbi xidmətə qismən yararlı hesab olunub və orduya hərbi xidmətə çağırılıb. O, Ermənistan ordusunda xidmət keçdiyi müddət ərzində daim həkim nəzarətində və tibb məntəqəsində olub.
Hərbi xidmətə çağırıldıqdan bir ay sonra tibbi müayinə keçməsi nəticələrinə görə hərbi tibb komissiyası tərəfindən hərbi xidmətə yararsız hesab olunub. Lakin Ermənistan Müdafiə Nazirliyinin mərkəzi hərbi tibbi komissiyası tərəfindən yenidən qismən yararlı hesab edilərək, geri hərbi hissəyə qaytarılıb.
Erməni hərbi qulluqçunun hüquqlarını müdafiə edən Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi 2018-ci ilin fevral ayından etibarən hərbi qulluqçunu tibbi müayinəyə göndərmək və onun təhlükəsizliyini təmin etmək məqsədilə nazirliyə müraciət edib. 2018-ci il martın 12-də verilən cavaba görə hərbi qulluqçu müayinəyə cəlb edilib və ekspertizaya zərurət aşkarlanmayıb.
Nəticədə 2018-ci il iyunun 6-da erməni əsgərinin vəziyyəti pisləşdikdə təkrar müraciət edilib. Müraciətə cavab olaraq bildirilib ki, hərbi qulluqçu təkrar müayinə edilib və mərkəzi hərbi tibbi komissiyanın rəyi əsasında xidmətə yararsız hesab edilərək, vaxtından əvvəl tərxis olunub.
Alpər Mövludoğlu
Ordu.az