"Allahdan şərəfli ölüm istəyirəm": Doğum günündə şəhadətə ucalan Qanlı Yanvar şəhidi - MÜSAHİBƏ (FOTOLAR )

2019/01/50275-20124858429.jpg
Oxunub: 16675     14:16     21 Yanvar 2019    
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü yolunda qəhrəmanlıq tarixi kimi xatırlanan 1990-cı ilin 20 Yanvar faciəsi heç vaxt unudulmur. Vətən, torpaq uğrunda canından keçənlər, ölmürlər. Aylar, illər, keçdikcə, onların göstərdikləri igidliklər dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür. Beləliklə, xalq öz igid, qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır.

Belə övladlardan biri də qərb regionunun 20 Yanvar şəhidi olan Habil Kominar oğlu Əzizovdur. Habil 1968-ci ildə yanvarın 19-dan 20-nə keçən gecə Ağstafa rayonunun keçmiş Kalinin kəndi, indiki Vurğun qəsəbəsində anadan olub. Ailənin yeddi uşağından üçüncüsü olan Habil, Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun 3-cü kurs qiyabi tələbəsi idi. Bir il oxuyandan sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini Riqada başa vurub, yenidən instituta qayıdıb. O, Ağstafada sovxoz idarəsində işləyirdi. Hər il olduğu kimi 29 il öncənin yanvar ayında o paytaxta tələbə kimi gəlmişdi. Qış semestri imtahanlarını verib, kəndinə qayıtmalı idi. Lakin həmin o amansız gecə onu geri qaytarmadı.


Bakıda əmisigildə qalan Habilə həmin gün böyük doğum günü məclisi qurulmuşdu. Şəhərdəki səs-küydən xəbərsiz olan ailə və qonaqlarla birgə Habil də stolun kənarında əyləşmişdi. Öz ad günü stolunda cəmi bir tikə yavan çörək yeyən gənc tələbə ona hədiyyə edilən qırmızı köyəniyini də geyinir. Bütün bunları mənə nəql edən şəhidin anası Zinayə xanım Əzizova idi. Ana bildirir ki, elə faciə də bu köynəyi geyinəndən sonra başlayır.

Zinayə Əzizova: Oğlum, biz hamımız kənddə qalmışdıq. Habil ali məktəbə imtahana getmişdi. Əmisi ona hər orda olan ili belə təntənəli ad günü keçirirdi. Yenə də əmisi ənənəsinə sadiq qalmışdı... Ona bahalı hədiyyələr də alınmışdı. O, elə təzə köynəyini geyinib küçədə gələn səs-küyə görə stoldan durub dostu Xanoğlanın arxasınca küçəyə çıxıb. Əmisigil nə qədər etiraz etsə də, onu dayandıra bilməyiblər. Habil küçəyə çıxan kimi elə gözünə gur işıq düşüb. Bu tankın işığı olub. Habil tankın qabağında dayanıb ki, tankı saxlasın. Bu zaman tank onun üzərindən keçib.


- Bəs, Habilin şəhid olmasından əmisigil necə xəbərdar olub?

- Sonra əmisigil də Habilin dalınca küçəyə çıxıblar, görüblər ki, cəsədlər çoxdur. Maşınlar yanır. Hamısını tanklar vurub, üstündən keçiblər. Habili geyindiyi təzə köynəyindən, bir də qolundakı saatdan tanıyıblar. Qəzetdə o təcili tibbi yardım maşının qabağında çəkilən şəkil də Habilimin cansız şəkilidir.. (ağlayır)

- Dostu Xanoğlan da şəhid olub?

- Yox ay bala, xoşbəxtlikdən o “lyuk”a düşdüyü üçün sağ qalıb.

Söhbət zamanı göz yaşlarını saxlaya bilməyən anası Zinayə xanım indi onun qoxusunu ondan qalan çantasından və əşyalarından alır. Habildən geriyə qalan qol saatı, xırda pullar və dərslikləri olub. Habil yaxşı oxumağı ilə bərabər, həm də gitarada gözəl ifa etməyi bacarırmış. Zinayə xanım onun uşaqlığını belə xatırlayır.



- Oğlum, Habil o qədər qəlbi təmiz uşaq idi ki. Ehhh, heyif balamdan. Həmişə evdən harasa gedib qayıdanda, evdən çıxanda da, qayıdanda da boynumu qucaqlayıb üzümdən öpürdü. Deyirdi ki, ana mən ali təhsil alıb, vətənim, millətim üçün gözəl işlər görəcəm, amma, ay mama, mən Allahdan şərəfli ölüm istəyirəm, xatirələrdə qalacaq Habil olmaq istəyirəm. Həmişə ölümdən danışırdı, bunun da üstündə xırda davalarımız olurdu.

- Gitarada daha çox nə cür mahnılar ifa edirdi ?

- Oğlum, dərd tuluğumu deşirsən. (Ağlayır) Habilim həmişə gitarada “Dünya sənin, dünya mənim, dünya heç kimin” mahısını ifa edirdi. Deyirdi ki, ay mama, Sultan Süleymana qalmayan dünya bizə də qalmayacaq, gərək mənalı və yaxşı insan kimi həyat yaşayam. Hərdən də “Görəsən dünyaya nöş gəlib insan”ı ifa edirdi. Elə hey ölümdən danışırdı.


Şəhidin böyük qardaşı Etimad Əzizov Habili öz nişanına dəvət edib. Lakın o, qardaşına imtahanı ilə əlaqədər həmin gün gələ bilməyəcəyini söyləyib. Qardaşı təkidlə ondan icazə alıb gəlməsini də istəyib. Lakin, Habil inadından dönməyib ki, təhsilimi buraxa bilmərəm, səni xoşbəxt ol, qardaş. Toyunda başda olacam inşallah. Lakin...

Etimad Əzizov: O vaxtı, atam ona zəng etdi. Onu 17-si gözləyirdim, gəlmədi, dedi ki, mən semestri bitirim gəlim, nişanın vaxtını uzadın. Özü gəlmədi, meyiti gəldi. Mən onu elə göndərməmişdim Bakıya. Qatara minəndə də dedi ki, qardaş salamat qal. Allaha əmanətim ol. Bizi də Allaha əmanət edib, özü də tanrı dərgahına, şəhidlik zirvəsinə ucaldı. Danışa bilmirəm, xahiş edirəm məni üzrlü sayın. Onun adını balaca oğluma qoymuşam. (Ağlayır)


Habilin anası hazırda dövlətimizin şəhidlərin ruhuna hörməti və onların ailəsinə göstərilən qayğıdan razıdır. O bildirir ki, dövlətimiz tərəfindən 300 manat müavinət ayrılıb və Habilin adı onun təhsil aldığı orta məktəbə verilib. Yaşasaydı bu gün 51 yaşını qeyd edəcəkdi. Lakin o qanlı gecədən, Habilin ölümündən 29 il keçməsinə baxmayaraq onun üçün sanki 29 gün keçib.

“20 Yanvar” şəhidi olan Ağstafa rayonunun Vurğun qəsəbəsi sakini Habil Əzizov doğulduğu qəsəbə qəbiristanlığında dəfn edilib. Onun qəbri hər il yanvar ayının 15-dən 20-dək hər kəsin ziyarətgahına çevrilir. Rahat uyu, şəhidim indi sənin ad gününü ürək agrısı ilə də olsa, bütün xalqın qeyd edir. Şəhidlər ölmür, onlar sadəcə dünyasını dəyişir. Şəhid adı elə bir zirvə, elə bir xoşbəxtlikdir ki, hər adama da qismət olmur. Habil öz canından, qanından keçməklə bu ada, şöhrətə, zirvəyə, ölümsüzlüyə, əbədi həyata nail oldu. Allah cəmi şəhidlərimizin məkanını cənnətdən qərar versin.














Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 20-Yanvar   Şəhid  


Bizi "telegram"da izləyin