Ordu.az "National Interestə" istinadən xəbər verir ki, İranla qonşuluqda olan İraqın Sovetlərlə alyans qurma xəbəri bomba kimi partladı. İran o zamanlar İraqın kəskin rəqibi idi və bu, 1970-ci illərdə ölkə siyasətinə əsas yön verən məsələ idi.
İran şahı Məhəmməd Rza Pəhləvi Bağdadın addımını cavab olaraq cəld gediş etdi və Birləşmiş Ştatlarla əlaqə saxladı. Şah silahlar istəyirdi, lakin elə belə silahlar yox, o, sabiq bir pilot kimi ABŞ-ın ən müasir və ən yaxşı döyüş təyyarələrini istəyirdi. Çünki onun fikrincə İran HHQ İran körfəzi regionuna dominantlıq etməli idi.
ABŞ-dakı Nikson hökuməti də Sovet İttifaqı ilə balansı qorumaq üçün İrana kömək etməyə həvəsli idi. Nikson və onun milli təhlükəsizlik üzrə müşaviri Henri Kissincer 1972-ci ilin mayında Tehrana gedərək ona açıq kart təklif etdilər: Şah heç bir məhdudiyyət olmadan istədiyi və ödəyə biləcəyi bütün silahları əldə edəcəkdi.
Bununla da İran Birləşmiş Ştatlardan savayı dünyanın ən güclü qırıcı təyyarəsi F-14 “Tomcat”ı istifadə edən ilk dövlət oldu. Bu təyyarə ən qabaqcıl radar, uzaq mənzilli AIM-54 “Phoenix” hava-hava raketləri ilə silahlanmışdı.
Bu gün İranın 40-a yaxın F-14 təyyarəsi var. Onlar hələ də Yaxın Şərq regionunun ən yaxşı qırıcı təyyarələrindəndir. ABŞ donanması 2006-cı ildə “Tomcat”ları istifadədən çıxarsa da, İran ordusu bu gün həmin təyyarələrdən istifadə edən yeganə ordudur.
Ağalar Ağalarlı
Ordu.az