İyul ayının nəticələrinə görə, Ermənistan ordusunda 6 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 5-i qəza, 1-i güllələnmə nəticəsində baş verib.
Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, təxribata cəhd, partlayış, qəza və döyülmə nəticəsində 26 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, ən azı 5 korrupsiya (ay ərzində açıqlanan korrupsiya faktları 2018-ci ilin yanvar-iyun aylarını əhatə edir və Tonoyanın qeyd etdiyi kimi, məlumatların hamısı ictimaiyyətə açıqlanmır), 3 fərarilik, 1 oğurluq faktı da aşklarlanıb.
Bununla yanaşı, Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb. Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.
1 iyul
Səhər saatlarında Naxçıvan istiqamətində təxribat törətməyə cəhd edən Ermənistan ordusunun 1974-cü il təvəllüdlü, müqaviləli hərbi qulluqçusu Vahaqn Samveli Bağdasayan yaralanıb.
Məlumatı Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəisi Artsrun Hovhannisyan yayıb.
2 iyul
Ermənistanda hərbi hissədə yanacaq mənimsənilməsi faktına görə 8 nəfərə qarşı ittiham irəli sürülüb.
Ermənistanın istintaq orqanları tərəfindən hərbi hissədə iri həcmdə yanacaq mənimsəmə və ya mənimsənilməsinə yardım etmə faktına görə 6 nəfər hərbi qulluqçu həbs edilib, 2 nəfər isə yaşayış yerini tərketməmə iltizamı qarşılığında buraxılıb.
4 iyul
Saat 23:00 radələrində başından aldığı xəsarətlərlə “Astğik” tibb mərkəzinə daxil olan xəstə barədə polisə məlumat daxil olub.
Araşdırma nəticəsində məlum olub ki, Armavir vilayətinin Mercavan kənd sakini 19 yaşlı Qor Hayrapetyan baş nahiyəsində şübhəli zədə diaqnozu ilə tibb mərkəzinə müraciət edib.
Məlum olub ki, 4 iyul saat 22:00 radələrində İsakov və Babacanyan yollarının kəsişməsində Q. Hayrapetyanla mübahisə edən, daha sonra onu döyən şəxs hadisə yerindən "Mercedes" markalı avtomobillə uzaqlaşıb. Hadisəni törədən şübhəli şəxsin axtarışı istiqamətində istintaq tədbirləri davam edir.
Məlumata görə, Qor Hayrapetyan Ermənistan müdafiə nazirliyinin müddətli xidmət hərbi qulluqçusudur.
5 iyul
Saat 23:05 radələrində 46 yaşlı İrəvan sakini Artak Kirakosyan idarə etdiyi "Kia" markalı avtomobillə Tibilisi küçəsinin yol ayrıcında 45 yaşlı Elmira Ananyanı vurduqdan sonra, yolun hərəkət hissəsində dayanan "Nissan" markalı avtomobilə çırpılıb.
Məlumata görə, Elmira Ananyan Ermənistan müdafiə nazirliyinin mərkəzi arxivinin rəisi olaraq xidmət edir. O, ayaq nahiyəsindən ciddi xəsarətlər alıb. Xəstəxanadan verilən məlumata görə, reanimasiya şöbəsinə yerləşdirilən Ananyan qısa müddət sonra ölüb.
6 iyul
Hərbi hissədən avtomobil ehtiyyat hissələrinin satılması faktı üzrə aparılan hərtərəfli araşdırma nəticəsində avtomobil xidməti rəisinə ittiham irəli sürülüb.
İlkin araşdırmaya görə, hərbi hissənin avtomobil xidməti rəisi səlahiyyətlərindən sui-istifadə edərək, şüurlu şəkildə öz maraqları çərçivəsində hərbi texnikaya dair ehtiyat hissələrini anbara daxil edərək, daha sonra qoşunlarda müvafiq ehtiyat hissələrin dəyişdirilməsi əvəzinə dəmir metal qırıntısı kimi saxta aktlar tərtib edib, bundan sonra ehtiyat avtomobil hissələrini satıb.
Əldə edilən faktlar əsasında hərbi hissənin avtomobil xidməti rəisi həbs edilib.
10 iyul
Saat 19:15 radələrində Ermənistanın Tavuş vilayətinin Berd-Çəmbərək yolunun “Yeğnikasar” (Maraldağı) adlanan ərazisində "Mitsubishi Pajero" IO markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, 100 metrədək yuvarlanmaqla dərəyə düşüb.
Hadisə yerindən verilən məlumata görə, 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılar Berd xəstəxanasına təxliyyə edilib.
Məlumata görə, ölən sürücünün həyat yoldaşı, yaralılar isə sürücünün bacısı və 2 azyaşlı uşaqdır. Sürücü Ermənistan müdafiə nazirliyinin müddətli xidmət hərbi qulluqçusu olmaqla, hərbi hissələrdən birində xidmət edir.
11 iyul
İşğal altında olan ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrinin birində silahla davranış zamanı təhlükəsizlik qaydalarına əməl etməmək erməni əsgərə baha başa gəlib. Ehtiyatsız davranma nəticəsində Valam Babayan adlı hərbçi ayağından yaralanıb və hospitala təxliyyə olunub.
Faktla bağlı komandanlıq tərəfindən araşdırma aparılsa da hadisə ictimaiyətdən gizlədilir.
*****
İşğal altında olan ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birinin qərargahında yanğın baş verib. 400 hektar ərazini əhatə edən və hərbi hissənin ərazisinə də keçən yanğın nəticəsində qərargah binasının bir hissəsi yanaraq uçub.
Yanğını söndürməyə cəlb edilənlərdən Artur Qasparyan adlı hərbi qulluqçu yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri və yanıqlar alıb.
Hospitala yerləşdirilən hərbçinin vəziyyəti barədə məlumat verilməsə də, yanğın zamanı hərbi obyektə dəyən ziyana görə günahkar şəxslərin aşkar edilməsi və cəzalandırılması məqsədilə cinayət işi açılıb.
13 iyul
Ermənistan Müdafiə Nazirliyinə məxsus "N" nömrəli hərbi hissə komandirinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmə faktı üzrə MTX tərəfindən qaldırılan cinayət işi 28 iyun 2018-ci ildə Ermənistan istintaq orqanı tərəfindən icraata qəbul edilib.
Araşdırma nəticəsində məlum olub ki, polis günü münasibətilə Ermənistan polis orqanlarının "N" nömrəli hərbi hissənin şəxsi heyəti 1 əmək haqqı miqdarında mükafatlandırılmalı idi.
Bunu bilən hərbi hissə komandiri maliyyə xidməti rəisinə 8 gizir hərbi qulluqçuya 93.000 dram həcmində mükafat yazılmasına göstəriş verib.
Mükafatlar erməni hərbi qulluqçularına ayrıldıqdan sonra hərbi hissə komandiri sürücüsünə göstəriş verərək, mükafat alan hərbi qulluqçuların hər birindən yanlışlıq baş verdiyini və 41.000 mükafat almalı olduqlarını əsas gətirərək, 52.000 dram geri toplamağı tapşırıb. Sürücü tapşırığa əməl edərək, ümumi məbləğı 416.000 olan vəsaiti toplayaraq ona verib.
Nəticədə iyulun 12-də hərbi hissə komandiri polkovnik rütbəli hərbi qulluqçuya qarşı yaşayış yerini tərketməmə barədə qərar qəbul edilib və törətdiyi xuliqanlıq əməlinə görə ifadəsi alınıb.
15 iyul
Səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.
Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.
17 iyul
Erməni hərbçi tibb məntəqəsindən oğurladığı əşyaları satarkən tutulub. Hadisəni törədən Davit Davityan adlı hərbi qulluqçu bunu mağazaya olan borcunu ödəmək məqsədilə etdiyini bildirib.
Araşdırma zamanı məlum olub ki, mağaza sahibi hərbçini borcunu ödəməyəcəyi təqdirdə şikayət edəcəyi ilə hədələdiyindən D. Davityan bu addımı atmağa məcbur olub.
*****
Qulluqdan boyun qaçırmaq məqqsədilə Ağdərə hospitalına yerləşdirilən Andranik Alaverdiyan hərbi xidmətə etiraz əlaməti olaraq, yemək və yatmaqdan imtina edib.
İşin böyüməsindən və ictimailəşməsindən narahatlıq keçirən hərbi hissə komandanlığı cinayət işi açmaqdan vaz keçərək, qarşıdurmanı yoluna qoymaq məqsədilə A.Alaverdiyanın valideynlərini hərbi hissəyə çağırıb.
*****
İşğal altında olan ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində təlim-məşq zamanı partlayış baş verib. Hadisə zamanı ağır yaralanmış 3 erməni hərbçisi Ağdərə şəhərindəki hospitala yerləşdirilib.
İnsidentlə bağlı məruzə edən “zampolit” Armen Mkrtıçyanın sözlərinə görə, daha 7 nəfər yüngül xəsarət alan əsgərlər isə ilkin tibbi yardım göstərildikdən sonra xidmət yerlərinə göndəriliblər. A.Mkrtıçyan onu da bildirib ki, hadisə cavabdeh şəxsin səriştəsizliyi səbəbindən baş verib. Faktı hospitalın həkimi Xoren Azaryan da təsdiq edib.
18 iyul
Ermənistanın istintaq orqanları tərəfindən işğal altında olan Qarabağ ərazisində dislokasiya olunan qanunsuz hərbi birləşmənin sabiq diviziya komandirinə rəsmi səlahiyyət həddini aşma və səlahiyyətləri çərçivəsində fəaliyyətsizlik nümayiş etdirdiyinə görə ittiaham irəli sürülüb.
Araşdırmalara görə, 2012-ci ilin noyabr ayında 47 yaşlı polkovnik "N" nömrəli diviziya komandiri təyin edilib. Onun mayor rütbəli qardaşı isə 2002-ci ildən həmin hərbi hissənin maliyyə xidməti rəisi (ehtimal olunur ki, sözügedən şəxs polkovnik Vaçaqan Nersisyandır) olub.
O, diviziyanın maliyyə xidməti rəisi vəzifələrinin icrası zamanı şəxsi heyətin pul təminatı ilə bağlı rəsmi sənədlərdə qanunsuz əlavələr yazıb və bu əlavələri öz hesabına köçürməklə açıq-aşkar yalan məlumatlar daxil etmək yolu ilə dövlət fondundan külli miqdarda 10108023 erməni dramı mənimsəyib.
*****
Saat 18:00 radələrində İrəvan sakini 22 yaşlı Kamo Muradyan idarə etdiyi "Mercedes" markalı avtomobillə İrəvan şəhərinin Erebuni küçəsində 2 piyadanı, 34 yaşlı Marianna Harutyunyanı və 34 yaşlı Liza Hovhanisyanı vurub.
Sürücü yaralıları tibb mərkəzinə təxliyyə edib. Məlumata görə, sürücü Kamo Muradyan Ermənistan müdafiə nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edir.
*****
Ermənistan müdafiə nazirliyinin "N" saylı hərbi hissə komandiri Artak Aloyan tabeçiliyində olan dizel yanacağının mənimsənilməsinə görə izahat verib.
Aloyanın izahatlarından sonra hərbi hissə komandiri vəzifəsindən azad edilib. Ermənistanda hərbi hissələrlə yanaşı, hərbi komissarlıqlarda da yoxlamalar aparılıb. Martuni hərbi komissarı Qarik Arakelyan həbs edilib.
19 iyul
İrəvanın Avan ruhi sağlamlıq mərkəzində gənc çağırışçılar arasında əlbəyaxa dava baş verib. Dava nəticəsində yaralananlar var.
Polislərin apardığı araşdırma nəticəsində məlum olub ki, dava İrəvan sakini gənc çağırışçı 19 yaşlı Robert Qriqoryan və Araqatsotn vilayətinin sakini digər gənc çağırışçı Martin Manukyan arasında baş verib.
Qeyd olunan şəxslər bədən xəsarətləri alsalar da, hüquq mühafizə orqanlarına izahat verməkdən və tibbi ekspertiza rəyi almaqdan imtina ediblər.
*****
İşğal altında olan Qarabağda yerləşdirilən qanunsuz hərbi hissələrdən birinin zabiti Robert Harutunyanın Ağdərə hərbi polisinin əməkdaşı Serik Avanesyana verdiyi məlumatda deyilir ki, 3-cü taborun əsgəri Suren Baqdasaryan döyüş mövqeyini silahsız tərk edib.
Zabit bildirib ki, S.Baqdasaryan döyüş növbəsində müşahidəçi vəzifəsini yerinə yetirərkən, 19:30 radələrində silahı başqa bir müşahidəçinin yanında qoyub. O, səngəri dolaşıb geri dönəcəyini bildirərək, ərazini tərk edib.
Əsgərdən bu vaxta qədər xəbər yoxdur.
*****
İşğal altında olan Ağdərə yaşayış məntəqəsində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində xidmət edən iki hərbçi avtomobil qəzasına uğrayıb. Qəza nəticəsində hər iki hərbçi həyatını itirib.
Ölən hərbçilərdən birinin Qrişa Badalyan olduğu bildirilir, ikincisinin kim olduğu və hansı hərbi hissədə xidmət etdiyi dəqiqləşdirilir.
22 iyul
Saat 22:00 radələrində Kotayk vilayətinin Zovuni kəndində, həmin kənd sakinləri 28 yaşlı Qevork Petrosyan, 26 yaşlı Vardan Petrosyan, 52 yaşlı Anton Mkrtçyan və 28 yaşlı Aram Mkrtçyan arasında mübahisə baş verib.
Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib. Məlumata görə, doğma qardaş olan 28 yaşlı Qevork Petrosyan və 26 yaşlı Vardan Petrosyan Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birində xidmət edirlər.
24 iyul
Saat 15:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsinin döyüş postunda sıravi əsgər Jora Vahanq Petrosyanın meyiti aşkar edilib.
Hadisə yerinə gedən istintaq qrupunun məlumatına görə erməni əsgər xidmət yoldaşı tərəfindən silahla davranma qaydalarının kobud şəkildə pozulması nəticəsində ölüb.
Ermənistan müdafiə nazirliyinin "N" nömrəli hərbi hissəsinin döyüş postunda sıravi əsgər Jora Petrosyanın ölümü ilə bağlı xidmət yoldaşı həbs olunub.
*****
Hərbi xidmətdən yayınmaq məqsədi ilə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Nver Beqlaryan və Suren Abrahamyan iyulun 24-də hərbi hissəni öz başına tərk ediblər.
Faktla bağlı araşdırma aparılaraq hər iki hərbi qulluqçu fərari elan olunub.
25 iyul
Hərbi xidmətə yeni gəlmiş Narek Xaçiki və Norayr Xaçataryan adlı gənc əsgərlər aralarında baş vermiş qarşılıqlı münasibətlərin pozulması nəticəsində dalaşaraq bir-birilərinə ağır bədən xəsarətləri yetiriblər.
Hərbi hissə komandiri isə hadisə ilə bağlı faktların araşdırılmasına icazə verməyib.
*****
Saat 19:00 radələrində İrəvan-Meğri yolunun 91-ci km-də Zanqakatun kənd inzibati ərazisində "Volkswagen" və "Opel" markalı avtomobillər toqquşub. Avtoqəza nəticəsində yaralanan 4 nəfər xəstəxanalara təxliyyə edilib.
Məlumata görə, "Volkswagen" markalı avtomobil Qarabağa hərbi qulluğa gedən çağırışçıları aparırmış və yaralılardan 2 nəfər həmin çağırışçılardır.
26 iyul
Saat 20:45-də işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgər, 1998-ci il təvəllüdlü Davit Artur Miloyan yaralanıb.
Məlumata görə, yaralanan erməni əsgərin vəziyyəti ağır olaraq qalır
27 iyul
Saat 10:30 radələrində Vanadzor-Spitak yolunun 2-ci km-də Vanadzor şəhərindəki Canşin şirkətinin qarşısında VAZ 2106 və VAZ 21099 markalı avtomobillər toqquşub.
Avtoqəza nəticəsində yaralanmış 3 nəfər tibb mərkəzinə təxliyyə edilib. Məlumata görə, sürücülərdən biri Ermənistan ordusuna məxsus "N" nömrəli hərbi hissədə xidmət edir.
29 iyul
M2 magistralının Sisian-Gorus hissəsinin 19-cu km-də 1997-ci il təvəllüdlü "Q.Ğ" adlı sürücünün idarə etdiyi "Mercedes C180" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Xilasedicilər hadisə yerinə gələnədək sürücü "Q.Ğ" və sərnişin 1998-ci il təvəllüdlü "A.V" yerli sakinlər tərəfindən avtomobildən çıxarılıb və xəstəxanaya təxliyyə edilib.
Gorus tibb mərkəzində avtomobilin sürücüsü ölüb, sərnişinin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Məlumatına görə, ölən sürücü Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birində xidmət edən hərbi qulluqçudur.
*****
Saat 22:40 radələrində Gorus şəhərindəki “Zəngəzur” adlanan çörək evinin qarşısında Karahunc kənd sakini, 41 yaşlı Arman Poğosyanın idarə etdiyi ГАЗ 27057 markalı və Verişen kənd sakini, 56 yaşlı Vahik Bakuntsinin idarə etdiyi ВАЗ 2107 markalı avtomobillər toqquşub.
Avtoqəza nəticəsində V. Bakunts bədən xəsarətləri ilə Görus tibb mərkəzinə təxliyyə edilib, onun sərnişini 29 yaşlı Armen Minasyan isə xəstəxanaya təxliyyə edilərkən yolda ölüb. Hadisə yerinə Ermənistan müdafiə nazirliyinin hərbi polisinin Sisian şöbə rəisi Roland Oğikyanın rəhbərliyi ilə əməliyyat qrupu da gəlib.
Məlumata görə, ölən A.Minasyan Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusudur. ВАЗ 2107 markalı avtomobilin sürücüsü V. Bakuntsun da həmin hərbi hissənin müqaviləli hərbi qulluqçusu olduğu bildirilir.
*****
Daha bir qəza isə saat 22:30 radələrində Araqatsotn vilayətində baş verib. Belə ki, 58 yaşlı İrəvan sakini Artur Matevosyan idarə etdiyi BMW markalı avtomobillə Marqara-Vanadzor-Taşir yolunun 51-ci km-də İrəvana doğru hərəkət edərkən yolun hərəkət hissəsindən çıxıb və çevrilərək sahəyə düşüb.
Avtoqəza nəticəsində A.Matevosyan hadisə yerində ölüb. Onun sərnişini Kotayk vilayətinin Kasax kənd sakini, 33 yaşlı Vahaqn Hovhanisyan bədən xəsarətləri ilə Armenia tibb mərkəzinə təxliyyə edilib.
Məlumatına görə, yaralı 33 yaşlı Vahaqn Hovhanisyan Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusudur.
31 iyul
Saat 15:00 radələrində Kotayk vilayətinin sakini 28 yaşlı Andranik Xalatyan idarə etdiyi "Opel" markalı avtomobillə İrəvan-Meğri yolunun 224-cü km-də yolun hərəkət hissəsindən çıxaraq, bir neçə dövrə vurduqdan sonra sahəyə düşüb.
Məlumata görə, sürücü A.Xalatyan bədən xəsarətləri ilə Gorus tibb mərkəzinə təxliyyə edilib. Avtoqəzada xəsarət alan sürücü A.Xalatyanın hərbi qulluqçu olduğu bildirilir.
Əlavə: İyul ayında işğal altında olan Madagizdə dislokasiya olunan “Satana” çağırış adlı 33651 nömrəli hərbi hissədə silah oğurluğu baş verib.
Bu barədə məlumat sentyabr ayında “İnsan Haqları naminə Jurnalistlər” ictimai birliyi tərəfindən yayılıb.
Məlumata görə, oğurlanmış silah AKM tipli avtomatdır və fakt üzrə hüquq mühafizə orqanları iş aparır.
Cinayət işi qarşılıqlı zorakılıq hərəkətlərinə yol verilməsi maddəsi ilə açılıb. Prokurorluğun məlumatına əsasən , qeyd olunan fakt üzrə 5 təqsirləndirilən şəxs var.
Ordu.az