Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, alyasın tarixinin ən gərgin dövrlərindən birində olduqca əhəmiyyətli hal alan sammitə ABŞ prezidenti Donald Trampın da qatılması onu daha önəmli edir.
Artıq sammitə 4 gün qalmış Sizə 70 illik tarixə sahib alyans haqqında 6 önəmli faktı təqdim edirik:
1. NATO 1949-cü il aprelin 4-də formalaşdırılıb. O zaman 12 dövlət – Belçika, Kanada, Danimarka, ABŞ, İslandiya, İtaliya, Fransa, Lüksemburq, Niderland, Norveç, Portuqaliya və Birləşmiş Krallıq Vaşinqtonda Şimali Atlantika Müqaviləsini imzaladı.
2. NATO-nun hazırda 29 üzvü var. Bunlara Albaniya, Bolqarıstan, Xorvatiya, Çexiya Respublikası, Estoniya, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Monteneqro, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, Türkiyə və təşkilatı formalaşdıran 12 dövlət daxildir.
3. NATO-nun ilk Ali Müttəfiq Komandiri ABŞ ordu generalı Duayt Eyzenhauerdir. O, bu vəzifəyə 1951-ci ildə təyin edilib.
4. Alyansın hazırkı Baş katibi Yens Stoltenberqdir və o, bu postdan əvvəl Norveçin Baş naziri vəzifəsini yerinə yetirib.
5. NATO nizamnaməsinin kollektiv müdafiəsini nəzərdə tutan 5-ci maddəsi ilk və hələlik son dəfə olaraq 2001-ci il 11 sentyabr terror hücumundan sonra ABŞ-a dəstək məqsədilə tətbiq edilib.
6. 2% təlimatı: NATO-nun 2014-cü ildə Uelsdə baş tutmuş sammitində dövlət və hökumət başçıları ortaq qətnamə qəbul etdilər. Qətnamədə bütün üzv dövlətlərin qarşıdakı 10 il ərzində müdafiə xərclərini Ümumi Daxili Məhsulun 2%-nə çatdırması tələb olunur.
Məhz son dövrdə NATO daxilində gərginliyi artıran məsələ də bu səbəbdən dolayıdır. Belə ki, ABŞ prezidenti Donald Tramp üzv dövlətlərdən bu qətnamənin tələbinə uymalarını və hərbi xərcləri artırmalarını istəyir. Hazırda bu tələbə sadəcə 6 dövlət uyğundur və bu il ərzində bu rəqəmin səkkizə çatması gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az