Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni jurnalistlər general Manvel Qriqoryanın malikanələrində aşkar edilən əsgər payı qida məhsullarından sonra bir sıra araşdırmalar aparıblar.
Araşdırma materiallarına görə, 2015-2017-ci illər ərzində Ermənistan müdafiə nazirliyi “Hamlet Hovsepyan” firmasından 324 min ədəd 525 qramlıq ət konservi əldə edib. Konservlərin əldə edilməsinə ödənilən məbləğ 735 milyon dram təşkil edir. Beləliklə 525 qramlıq ət konservlərinin hər birinin orta dəyəri 2270 dram təşkil edib.
İrəvan dükanlarını gəzərək, eyni çəkidə olan konservlərin dəyərini araşdıran erməni jurnalistlər müəyyən edib ki, həmin çəkidə ət konservləri dükanlarda 1250 dramdan baha deyil. Beləliklə məlum olur ki, Ermənistan ordusuna satılan ət konservləri 1000 dram daha baha satılır. Yəni müdafiə nazirliyi bazar qiymətlərindən həmin malın alınmasına görə 40% baha alıb.
Bazarlarda satılan ət konservlərinə digər xidmət haqlarının da əlavə olunduğunu nəzərə alarsaq, müdafiə nazirliyi birbaşa alıcı olduğuna görə kənar xərclərdən azaddır. Bunu da nəzərə alsaq görərik ki, əlavə 20-25% ucuz olmaqla orduya tədarük olunan konservlərin qiyməti 1000 dramdan baha olmamalıdır. Lakin reallıq Ermənistan ordusunda mənimsəmənin həddini göstərməkdədir.
Jurnalitlər araşdırmalarında bildirirlər ki, əsgər payına daxil olan ət konservləri mal ətindən deyil, camış ətindən hazırlanmasına görə daha ucuz başa gəlməlidir. Yalnız ət konservlərinin alqı-satqısında Ermənistan müdafiə nazirliyinin səmərəsiz xərci 850 min dollar təşkil edib.
Qeyd edək ki, Ermənistan ordusunun saxlanması üçün hər il büdcədən 450 milyon dollaradək vəsait ayrılır. Ancaq ikiqat satınalmalarla bu pullar qanuni şəkildə mənimsənilir və oğurlanır.
Alpər Mövludoğlu
Ordu.az