Digər tərəfdən, Belarus və Ermənistan KTMT çərçivəsində regional əməkdaşlıq əlaqələrinə malikdir, Moskva ilə İrəvan isə bu çərçivədən daha dərin hərbi və siyasi öhdəliklərə malikdir. Buna görə də bu çərçivədə erməni tərəfinin tənqidi tamamilə yersizdir. Bundan əlavə, Belarusiyanın "Polonez" RYAS sistemlərini Azərbaycana çatdırması, Rusiyanın "İskəndər" OTRK-nın Ermənistan ərazisinə yerləşdirilməsinə Bakıdan məntiqli bir simmetrik cavab hesab olunur”.
Bunu
Ordu.az-a açıqlamasında Strateji və Xarici Siyasət Araşdırmaları Mərkəzinin (Minsk, Belarus) direktoru Arseni Sivitski, Azərbaycana "Polonez" YARS-larının verilməsindən sonra İrəvanın Minskə qarşı bitmək bilməyən tənqidinə münasibət bildirərkən deyib.
Ekspert qeyd edib ki, Belarus və Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinə malikdir və rəsmi Minsk, ATƏT-in Qarabağ üzrə Minsk Qrupu çərçivəsində əldə edilən beynəlxalq sazişlərə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə yardım etməlidir.
“Eyni zamanda, Moskva Dağlıq Qarabağ münaqişəsinin köməyi ilə Cənubi Qafqaz regionunda hər iki tərəfə - Azərbaycan və Ermənistana silah sistemləri və hərbi texnika təchiz etməklə münaqişənin dinamikasını idarə edir. Münaqişənin özü Ermənistanda Rusiyanın daimi hərbi varlığını legitimləşdirən bir neçə arqumentdən biridir, onun daim artan təhlükəsi bütün bölgənin təhlükəsizliyi və sabitliyi üçün risk yaradır. Avropaya alternativ enerji nəqli marşrutlarının da artıq bölgədən keçdiyini nəzərə alsaq, Kremlin ziddiyyətlər üzərində daha da güclü oynayacağı istisna edilmir.
Beləliklə, Azərbaycan və Ermənistan bu geosiyasi oyunun girovları olaraq qalır. Və mövcud haldan yeganə çıxış yolu - Qarabağ münaqişəsinin Bakı ilə İrəvan arasındakı birbaşa danışıqlar əsasında rus faktorunun minimallaşdırılması ilə həllidir” - deyə Sivitski bildirib.
Bəhram Batıyev
Ordu.az