Ərazimizi işğal etmiş dövlətin yeni hakimiyyətə gəlmiş hökumətinin proqramında silahlı qüvvələrə dair məqamlar maraq doğurmaya bilməz.
İşğalçı ordunun gücləndirilməsinə yönəldilmiş proqramın müddəalarını bir-bir nəzərdən keçirməyə çalışaq:
“Silahlı Qüvvələrin döyüş qabiliyyətinin və səmərəliliyinin artırılması üçün əsas vasitə ordu quruculuğu və hərbi xidmət ətrafında yaranmış mühit və yanaşmalarda radikal dəyişiklik etməkdir.
Bütün dövlət sistemində, xüsusilə orduda, peşəkar kadrlar və çağırışçı əsgərlər arasında vəzifə borcu hissini, missiya hissi ilə əvəz etmək lazımdır.
Hər bir zabit, gizir və əsgər, dövlət və xalq qarşısında tarixi bir vəzifənin həyata keçirilməsi düşüncəsini rəhbər tutmalıdır. Silahlı qüvvələrin hər bir komandir və vəzifəli şəxsi bu missiyanı ən yaxşı şəkildə yerinə yetirmək məqsədilə ictimaiyyət və dövlət tərəfindən verilən insan, maddi, maliyyə və digər resursların dövlət və cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi naminə ən faydalı şəkildə xidmət etməsini rəhbər tutmalıdır”.
Bu proqramın girişində Ermənistanın yeni hökuməti hesab edir ki, ordu quruculuğu və xidmət ətrafında yaradılmış mühit nəinki qənaətbəxş deyil, hətta elə vəziyyətdədir ki, yanaşmalarda radikal dəyişikliklər tələb edir. Nəhayət, Ermənistanın yerini bərkitməyə çalışan yeni elitası hakimiyyət xatirinə də olsa, bravada ritorikasından əl çəkərək, orduda acınacaqlı vəziyyəti etiraf etməyə məcbur oldu. Ermənistan ordusuna, yaranmış tarixi şəraitdə mühüm missiyanı yerinə yetirdiyini aşılamaq istəyi onu göstərir ki, artıq qonşu ölkədə “Overton pəncərəsinin” bağlanmasına az qaldığını hiss ediblər. Yəni işğal etdikləri Qarabağı əldən versələr, yəqin ki, tarixdə bir daha onu əldə etmək imkanları olmayacaq. Uzun illər erməni millətçi dairələri bu işğalı hazırlayıb planlaşdırmışdılar. Bunu açıq şəkildə mətbuatda yaza bimədiklərindən, “quş dili” ritorikasına keçiblər.
“Hər bir komandir valideynlər tərəfindən ona etibar edilmiş çağırışçıların həyatını və təhlükəsizliyinin təmin edilməsinin yüksək məsuliyyətini dərk etməlidir”.
Əlbəttə, dərk etməlidir. Lakin maliyyə imkanları zəif olan Ermənistan, mobilizasiya imkanları qat-qat yüksək olan Azərbaycana qarşı böyük ordu saxlamağa məcbur olduğundan, bu problemin işğala son qoyulanadək həll olunası mümkün deyil. Yenə də erməni zabitləri əskərlərin namusuna təcavüz edəcək, onların valideyinlərini maddi zəmində şantaj edəcəklər. Bu erməni dövlətinin sistem problemidir. Daş parçasını udub, həzm edə bilməyən orqanizmin problemidir. Onun həlli yalnız cərrahiyyə əməliyyatı nəticəsində mümkündür.
“Hər bir məmur, ictimaiyyət tərəfindən silahlı qüvvələrə ayrılan maddi texniki və maliyyə resurslarının vətəndaşların şəxsi sosial, təhsil, səhiyyə və digər sahələrindən qənaət etdiyi və təhlükəsizliyin təmin olunmasının vacibliyindən irəli gələrək ona verilən resurslar olduğunu dərk etməlidir. Hökumət şəxsi nümunəsi ilə bu düşüncənin yayılmasını təmin etməlidir”.
Əlbəttə, onun sərf etdiyi maddi ehtiyatların ölkənin səhiyyə və maarif fondundan kəsilib ayrılmasını 18 yaşlı əskərə başa salmaq pis deyil. Amma bunu məmur və zabit korpusuna başa salmaq o deməkdir ki, vəziyyət doğrudan da acınacaqlıdır. Ermənistanın nəinki məmur və zabit korpusu, hər bir vətəndaşı tam yəqinliyi ilə başa düşməlidir ki, Qarabağı işğal altında saxlamadığı halda, o ölkəyə ümumiyyətlə ordu saxlamağa ehtiyac yoxdur. Heç bir qonşusunun ona ərazi iddiası yoxdur. Bunu tam məsuliyyətlə söyləmək olar. Həmin ölkəyə öz səhiyyəsindən, maarifindən və sosial inkşafından ayırıb, əhalisinin ümumi sayının 3 faizdən çoxunu silah altında saxlamağa ehtiyacı olmayacaq.
“Silahlı qüvvələr siyasi və seçki proseslərinə qanunsuz hər hansı təzyiq göstərilməsindən praktiki olaraq uzaq durmalıdır. Silahlı qüvvələrin şəxsi heyəti əsgərdən generaladək, Ermənistanın azad vətəndaşı olaraq seçkilərdə qanunsuz fəaliyyət göztərmədən öz iradəsini ifadə etmək imkanı olmalıdır”.
Əlbəttə, Paşinyan hökuməti bu passajla heç də etiraz nümayişlərində öz iştirakı ilə onun hakimiyyətə gəlməsinə kömək edən İrəvan hərbi hissələrinin əskərlərinə məzəmmət bildirmək istəmir. Əksinə, aprel-may iğtişaşlarında birbaşa iştirak etmiş hərbiçilərə böyük minnətdarlıq hissi bəsləyirlər.
Zənnimizcə, burada söhbət tam başqa şeydən gedir. Yeni hakimiyyət, Ermənistan ordusu strukturlarına daxil olan, lakin faktiki olaraq Qarabağ klanına tabe olan irrequlyar xüsusiyyətli, dişinədək silahlanmış birləşmələrə mesaj göndərir. İndiki hakimiyyət İrəvanda Sarkisyan hakimiyyətinə qarşı iğtişaşlara başlayanda, Qarabağdakı hərbi birləşmələr paytaxta yürüş edib, yerliləri olan hakim zümrəyə dəstək olmaq istəyirdi. Lakin paytaxt KİV-lərinin guya Azərbaycan tərəfindən genişmiqyaslı hücum gözlənildiyi barədə şayələr yaydığından, Qarabağ “qvardiyası” buna cürət etmədi. Bu əməliyyatın uğurla baş tutacağına tam əmin deyildilər. Lakin Ermənistan əhalisinin gözündən düşmək şansı yüz faizlik idi. Ermənistanın qondarma quruma yeganə sponsor olması bu dəfə belə aksiyanı çox riskli etdi. Onsuz da kasıb olan sponsor boğazından kəsıb onlara mərmi-patron alır. Lakin eyforiya dövrü keçəndən sonra yeni hökumətin azacıq “ayağı sürüşərsə”, onlar özləri haqda tez bir zamanda xatırladacaqlar.
“Yeni siyasi reallıqdan asılı olaraq, Ermənistan silahlı qüvvələrinin inkişaf planını və silahlandırma, silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması əhəmiyyətini, eyni zamanda qabaqcıl həll tələb edən aşağıdakıları diqqətə almaqla hərbi texnikanın inkişafı üzrə dövlət proqramının dəqiqləşdirilməsinə zərurət var.
Zəruri silahlandırma, hərbi texnika və maddi texniki vasitələrlə komplektləşdirmə, hərbi idarəetmədə müasir sistemin tətbiqi, həmçinin şəxsi heyətin döyüş peşəkarlığının artırılması üzrə yeni standartlarının müəyyən olunması ilə silahlı qüvvələrin döyüş qabiliyyəti səviyyəsini, Ermənistan respublikasına qarşı silahlı təxribatın qarşısını almağa və imkanlarını məhdudlaşdırmağa, müharibə dövründə isə hərbi əməliyyatların mümkün tez bir mərhələsində və Ermənistan üçün əlverişli şərtlərlə dayandırmaq məqəsdilə hərbi təhdidlərin qiymətləndirilmiş (nəzərdə tutulan) səviyyəsinə və ya ehtimal olunan tərkibinə çatdırılması;
Ön xətti davamlı olaraq müasir texniki vasitələrlə komplektləşdirmə və düşmən tərəfindən müşahidə olunan əraziləri ən az səviyyəyə endirilməsi, döyüş növbətçiliyinə cəlb edilmiş şəxsi heyətin təhlükəsizliyi səviyyəsini yüksək səviyyədə təmin etməklə, döyüş növbətçiliyinin səmərəliliyinin və təhlükəsizliyinin artırılması”.
Sadalanan bütün müddəalar erməni nöqteyi-nəzərindən düzgündür. Lakin qeyd etdiyimiz kimi bunlar həmin ölkənin maliyyə imkanlarının zəifliyi, bütün güc strukturlarının müxtəlif oliqarxik toplumların təsiri altında qruplaşmalara bölündüyü şəraitdə mümkün ola bilən bir iş deyil. Əvvəlcə iqtisadiyyatı bir neçə dəfə möhkəmləndirmək və idarəetməni bir dövlət mərkəzindən həyata keçirməyə nail olmaq tələb olunur. Hakimiyyətə və qanunlara tam tabe olmayan oliqarxların idarə etdiyi ölkədə sadalanan müddəalar yüz il də öz həllini gözləyə bilər. Bu qeyri-adi bir şey deyil. Dünyada onlarla belə tipli ölkələr mövcuddur. Ən azından bu problemlərin həllinə onilliklər tələb olunur.
Burada nəzəri cəlb edən bir fikir var. Yeni erməni baş naziri öz hərbi məsləhətçilərinin ritorikası ilə, mülki oxucuya tam aydın olmayan “quş dili” ilə Azərbaycanı hədələyir. Çünki hərbiçi üçün
“düşmən tərəfindən müşahidə olunan əraziləri ən az səviyyəyə endirilməsi” cümləsi irəliləyərək, taktiki cəhətdən daha əlverişli yüksəklikləri ələ keçirmək deməkdir. Ümidvarıq ki, bu yeni hakimiyyətin seçkiqabağı ritorikasıdır. Çünki biz parlament ritorikasını doğrultmaqdan ötrü düşmənin yeni avantüralara qoşulub, qan tökməsindən ehtiyat edirik. Bizim dövlətimiz erməni əskərinin qanına susamayıb. Bizə yalnız bir şey lazımdır: İşğalçı ordunun ölkəmizi tərk etməsi. Təəssüf ki, böyük manevr imkanı olmayan yeni erməni hakimiyyətinin avantüraya qoşulmaq şansı çox böyükdür.
“Silahlı qüvvələrin şəxsi heyətinin mənəvi psixoloji hazırlıq səviyyəsinin, nizam-intizamının faktiki olaraq artırılması üçün şəxsi heyətlə aparılan işin keyfiyyətini və səmərəliliyini artırılması, silahlı qüvvələrdə insan haqlarının qorunması, nizamnamədən kənar münasibətlərin ən aşağı səviyyəyə endirilməsi, bunun nəticəsində hərbi qulluqçuların şərəfinin alçaldılması, özünəqəsd, intihar (intihara cəhdetmə) hallarının aradan qaldırılmasının təmin edilməsi”.
Bu müddəalar yeni hökumət tərəfindən hətta bir sənədin içərisində mantra kimi təkrar olunsa da, ölkədə onları təmin etmək üçün obyektiv şərait yoxdur. Düşmən rəhbərliyi ən əvvəl səmimiyyətdən başlamalıdır. Əks halda, elə fikir yaranır ki, onun qoşunları Azərbaycan ordusu ilə üzbəüz cəbhədə yox, minik avtomobillərində hərəkət edərək, Azərbaycan xalqı üçün doğma olan uçurumlar və dərələr ilə amansız qarşıdurmadadır. Uçurum və dərələrin hesabına işğalçı ordunun sıralarındakı çoxsaylı itkilər silinir. Öz xalqını aldatmaqla hansı insan hüquqlarından danışmaq olar? İnsanların hüquqlarını tapdalayıb, onları Vətənindən didərgin salmış ordu öz daxilində insan hüquqlarını heç vaxt qoruya bilməz. Pirat gəmisinin komandası bir-birinə qarşı alicənab ola bilməz.
“Bu məqsədin həyata keçirilməsi üçün müddətli xidmət hərbi qulluqçuların təhsilinin davamlılığının bütün xidmət boyu təmin edilməsi də vacib məsələdir. Əsgərin təhsil səviyyəsinin yüksəldilməsi və intellektual səviyyəsinin artırılması silahlı qüvvələrin inkişafi strategiyasının əsas istiqamətlərindən biri olmalıdır.
Müddətli xidmət hərbi qulluqçularının müvafiq və tam maddi təminatı elə təşkil edilməlidir ki, əsgərlərin valideynləri bu prosesdə iştirak etməyə məcbur olmasınlar. Əsgər heyətinin hüquqlarının qorunması, arxa cəbhə, maddi texniki və tibbi təminatı silahlı qüvvələrin rəhbər heyətinin qayğı və diqqət mövzusu, ictimaiyyətin isə nəzarət və diqqət mərkəzində olmalıdır.
Hərbi qulluqçuların sosial müdafiəsi səviyyəsini artırmaq, dövlət gəlirləri həcminin artması ilə yanaşı tibbi və mənzil təminatı, digər layihələr həyata keçirilsin. Silahlı qüvvələrin əsas problemlərindən biri də ordunun siyasi tədbirlərdən uzaq durması və neytrallığın qorunub saxlanması üzrə konstitutsiya tələbinin həyata keçirilməsidir”.
Erməni hökuməti bir sənəd daxilində bir neçə dəfə təkrarçılığa yol verir və dayanmadan həlli mümkün olamayan vədlər verir. Əskərlərin ordu daxilində ümumi maarifləndirilməsi də bu vədlərdən biridir. Əskərin yaşayışını, qidalanmasını, geyimini, gigeyenasının təşkilində çətinliklər çəkən dövlət, hər bir hərbi hissədə ümumtəhsil fənləri kabinetlərinin təşkili və müəllimlərinin işə götürülməsini vəd edir. Çox gözəl. Azərbaycan xalqı bu təşəbbüsü yalnız alqışlayar. Bəlkə erməni cavanları belə kritik şəraitdə aldıqları savadla dünyagörüşlərini artırıb, öz ordularının təcavüzkar və işğalçı olduğunu daha dərindən anladılar. Ermənistan ordusu Qarabağ əhalisindən təşkil etdiyi irrequlyar hərbi hissələr olmadan işğalçı hərbi siyasətini yerinə yetirə bilməz. İrrequlyar ordu isə həmişə siyasətin aktiv iştirakçısı olur. Bunsuz mümkün deyil. Paşinyanın hərbiçiləri, əsasən də qarabağ ermənilərindən yığılmış muzdluları siyasətdən uzağa durmağa çağırması əbəsdir. Bu sistem problemidir və çağırışlarla həll olunmur. Bunun üçün Qarabağ əhalisini milis şəklində yox, nizami ordu şəklində təşkil etmək lazımdır. Mövcud şəraitdə həmin təşkilat formasının problemləri daha çox ola bilər. Bu da bu tipli vədləri mümkünsüz edir.
“Mövcud beynəlxalq inteqrasiya və kollektiv təhlükəsizlik təcrübələrinin imkanlarını artırmaq məqsədilə, Ermənistan respublikasının milli maraqlarından irəli gələn və mövcud hərbi-siyasi ortaqlıqlara əsaslanan münasibətlərin balansını qorumaqla hərbi siyasi ittifaqlar və tərəfdaşlıqlar inkişaf etdirilsin”.
İnzibati dildən çevirdikdə bu tezisin məzmunu budur: “Mövcud hərbi müttəfiqlərimizin bizə etdiyi himayəni saxlamaqla, separat şəkildə yeni hərbi himayədarlar axtarıb tapmaq”. Əlbəttə, tarix boyu hərbi himayədarlar “ala gözlərə aşiqlikdən” yaranmır. Belə himayədarlığın əvəzində nə isə vermək tələb olunur. Əhalisi 3 milyondan az olan və təbii sərvətlərdən kasıb olan Emənistan yalnız Rusiyanın regionda strateji mövqelərinin alış-verişini edə bilər. Bu ölkənin hər hansı bir qiyməti olan başqa sərvəti yoxdur. Deməli yeni hərbi ittifaq, yeni hərbi himayədar yalnız Rusiyanın mövqelərinin sıxışdırılması hesabına ola bilər.
Bu onu göstərir ki, Ermənistanın yeni hökuməti, ya yalançı vədlər verir, ya da Rusiyanın özününkü hesab etdiyi hüquqları ilə alış-veriş etmək istəyir. Gürcüstan və Azərbaycan olmadan Rusiyanın Ermənistandakı həmin mövqeləri elə də böyük geostrateji əhəmiyyət daşımır. Onların satınalma qiyməti, bu ölkənin təhlükəsizliyini Rusiyadan qoruma qiymətindən dəfələrlə aşağıdır. Ermənistan Qərb üçün yalnız İranın embarqo altında olan mallarını gizli olaraq Gürcüstan limanlarına çıxarılmasının qarşısını almaqda maraqlı ola bilər. Qərb ölkələri bu problemi Gürcüstanın özü ilə də həll edə bilər.
Bütün bunlar onu göstərir ki, Ermənistanda hansı hakimiyyətin bərqərar olmasından, hansı kreativ planların həyata keçirilməsindən asılı olmayaraq, onalr Qarabağın işğalını dayandırmadıqları halda, əbədi olaraq geostrateji dalanda ilişib qalacaqlar.
Əlbəttə, Azərbaycanın stabil və dinamik inkşafı şərti ilə. Bu şərt olmadıqda, qarşı tərəfin bütün problemləri yenidən bizim hesabımıza həll olunacaq.
Hərbi ekspert Vüqar Miraslanov
Alpər Mövludoğlu
Yazı
Ordu.az-a məxsusdur