Avropalı hərbi ekspert: "Nəzəri baxımdan Qarabağda müharibəni istisna etmək olmaz"

2018/06/33940220_1713362978710101_870739318581231616_n_4583016744_1527684356_1528201401.jpg
Oxunub: 2143     20:21     05 İyun 2018    
"Hazırda mən Qarabağ münaqişəsi zonasında genişmiqyaslı hərbi əməliyyatlar ehtimalının az olduğunu düşünürəm".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə avropalı hərbi eksperti Treysi Cerman, Azərbaycan qoşunlarının Naxçıvanda işğal altında olan əraziləri azad etməsinə və bunun mümkün səbəblərinə toxunarkən bildirib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədi və bu marşrut təsadüfən seçilməyib və Azərbaycan tərəfi çox yaxşı başa düşür ki, burada hər hansı bir dəyişiklik Ermənistan tərəfinə narahatlıq yaradacaq.

"Mənim fikrimcə, danışıqlardan əvvəl Azərbaycan tərəfi mövqe baxımından üstünlük qazanmağa çalışır", - deyə ekspert qeyd edib.

Erməni jurnalistin "Sərhədin bu hissəsində fəaliyyətlər göstərməklə, Azərbaycanın Ermənistan silahlı qüvvələrinin diqqətini yayındırmaq və Dağlıq Qarabağ istiqamətində geniş miqyaslı əməliyyatlara başlamaq istəyi ola bilərmi?" sualına cavab olaraq ekspert bu şəkildə cavab verib: "Nəzəri baxımdan heç bir şeyi istisna etmək olmaz. Lakin düşünürəm ki, hazırda belə bir şey olmayacaq, çünki beynəlxalq ictimaiyyətin Azərbaycan və Ermənistan hakimiyyətindən müəyyən gözləntiləri var.

Bu normal haldır. Ermənistanın yeni hakimiyyət orqanlarının necə danışıqlar apardığını görməlidirlər. Xüsusilə də vasitəçilər yüksək səviyyəli görüşlər təşkil etmək üçün fəal şəkildə çalışdıqları bir məqamda, yeni hakimiyyətlə danışıqlar aparmadan fəaliyyətlər çox həssas ola bilər. Hesab edirəm ki, yüksək səviyyəli görüş özünü çox gözlətməyəcək", - deyə Cerman qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Müharibə   Danışıqlar  


Bizi "telegram"da izləyin