Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, layihələrin əsas istiqaməti arıçılıq, heyvandarlıq, suvenir əşyalar və istixana təsərrüfatını əhatə edir.
Layihələrin təqdimatı üçün Cocuq Mərcanlıda təşkil edilən proqrama Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, İqtisadiyyat nazirinin köməkçisi Sahib Məmmədov, Cəbrayıl rayon icra hakimi Kamal Həsənov, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türkiyə və Azərbaycan İş adamları və Sənayeçilər Birliyi (TÜİB), Ziraat Bankının Azərbaycan üzrə rəsmiləri və kənd sakinləri qatılıb.
Özoral prezident İlham Əliyevin fikirlərini xatırladaraq Cocuq Mərcanlının Qarabağa geri dönüşün başlanğıc nöqtəsi olduğunu bildirib.
Qeyd edək ki, istixana layihəsi çərçivəsində 15 ailəyə verilməsi planlaşdırılan 160 kvadrat-metrlik istixanaların hazırlanmasına başlanıb. Bu ilin iyulunda başa çatması planlaşdırılan istixanalarda pomidor, xiyar və göyərti yetişdiriləcək.
Heyvandarlıq layihəsi əsasında Ziraat Bankı 3 min kvadrat-metrlik ferma quracaq. İlk mərhələdə isə kənd sakinlərinə 50 iribuynuzlu qaramal verəcək.
TÜİB-in həyata keçirəcəyi suvenir istehsalı layihəsi ilə kənddə 400 kvadrat-metrlik emalatxana tikiləcək. Türkiyə qurumları layihələrin uğurla həyata keçirilməsi üçün təlimlər keçəcək.
Xatırladaq ki, Ermənistan Cocuq Mərcanlını 1993-cü ildə işğal etsə də, ordumuz tərəfindən kənd 1994-cü ildə azad edilib. Lakin kəndin taleyi yalnız 2016-cı ildə baş verən aprel döyüşləri nəticəsində bölgəyə hakim Lələtəpənin azad edilməsi ilə atəş altından çıxmaqla tamam dəyişib. Digər təpəliklərin də ordumuzun əlinə keçməsi ilə prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin yenidən inşasına göstəriş verib. Qısa zamanda 50 ev, məktəb, məscid tikilən kəndə daha əvvəl buradan köçməyə məcbur qalmış ailələr geri dönüb. Hazırda kənddə daha 100 ev tikilir.
Ağalar Ağalarlı
Ordu.az