Malayziyadan rus silahına maraq: "Əsrin müqaviləsi"dən "Su" qırıcılarına qədər - ARAŞDIRMA

2018/04/1_1524120527.jpg
Oxunub: 3016     14:41     19 Aprel 2018    
Malayziya, Cənub-Şərqi Asiyada Rusiyadan silah və təyyarə alan ilk ölkədir. İlkin olaraq, iki ölkə arasındakı hərbi-texniki əməkdaşlığa nəzər salaq.

Aprelın 16-da Malayziyanın paytaxtı Kuala-Lumpurda, dünyanın ən böyük beş sərgisindən biri olan DSA 2018 (Defence Services Asia - Asiya Müdafiə Xidmətləri) Beynəlxalq Silah və Hərbi Texnikalar Sərgisi açılıb. Bu sərgidə Rusiyanın "Rostex" Dövlət korporasiyasının tərkibinə daxil olan "Rosoboroneksport" özünün "Su" və "MiQ" ailəsindən olan qırıcıları, Yak-130 döyüş təlim təyyarələrini, həmçinin "dəyər- keyfiyyət" meyarına görə rəqiblərindən daha üstün olan, çətin iqlim şəraitində fəaliyyət göstərə bilən hərbi nəqliyyat və döyüş helikopterlərini nümayiş etdirib. Şirkətin xüsusi ixracatçısının mətbuat xidmətindən verilən məlumata görə, Rusiyanın Cənub-Şərqi Asiya ölkələrinə ixracat strukturunda aviasiya komponenti prioritet yer tutur.


Bu gün Malayziya və Cənub-Şərqi Asiyanın digər ölkələri silahlı qüvvələrinin modernləşdirilməsi və yenidən qurulması proqramlarını fəal şəkildə həyata keçirirlər. Rus silahlarının ixrac potensialı burada ənənəvi olaraq yüksəkdir və genişmiqyaslı antiterror əməliyyatlarında rus texnologiyasının uğurla tətbiqi ilə daha da dəstəklənir.

Malayziya bu bölgədə Rusiyanın istehsalı olan silah və təyyarə alan ilk ölkə olub. Hələ 1993-cü ildə Rusiya Federasiyası Malayziya və ASEAN ölkələri ilə gəmiqayırma, yüksək texnologiyalar və kosmos kimi sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu elan edib. 1999-cu ilin aprel ayında müdafiə, müdafiə texnologiyası və müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası Anlaşma memorandumu imzalandı və hərbi-texniki əməkdaşlıq üzrə birgə Rusiya-Malayziya hökumətlərarası komissiyası yaradıldı.

"MiQ" və "Su"

İkitərəfli hərbi-texniki əməkdaşlıq, 1994-cü il iyunun 7-də Kuala-Lumpurda 18 ədəd MiQ-29 qırıcısının Rusiyadan Malayziyaya satılmasına dair müqavilənin imzalanmasından sonra başlayıb. Rusiya Xarici İşlər Nazirliyi müqaviləni "əsrin müqaviləsi" adlandırdı. Müxtəlif hesablamalara görə, müqavilənin dəyəri 550-600 milyon dollara yaxın idi. 1994-1995-ci illərdə 16 ədəd tək yerli MiQ-29SE və 2 ədəd iki yerli MiQ-29UB döyüş təlim təyyarəsi (Malayziya təyinatında müvafiq olaraq MiQ-29N və MiQ-20NUB ) sifarişçiyə təslim edildi. Bu təyyarələr Kuantan hava bazasındakı Malayziyanın Kral Hərbi Hava Qüvvələrinin 17 və 19-cu eskadrilyasının tərkibinə daxil oldular.

5 ədəd MiQ-29N-də ölkənin hərbi hava qüvvələrinin vizit kartı olan Malayziyanın məşhur "Smokey Bandits" yüksək pilotaj qrupu uçur.


Malayziyanın Kral Hərbi Hava Qüvvətlərinin MiQ-29N qırıcıları

Daha sonra uçuş qəzalarında iki tək yerli təyyarə məhv oldu, daha dörd qırıcı isə ehtiyat hissələrinin "donorları" kimi istifadə edildi. Qalan təyyarələrin silahlanmadan çıxarılması əvvəlcə 2009-cu ilə planlaşdırılsa da, 2010-cu ildə təyyarələrin resurslarının uzadılması ilə bərpa ediləcəyi bildirildi. 2016-cı ildə ölkə MiQ-29 qırıcılarını əvəz etmək üçün 18 ədəd çoxməqsədli təyyarələrin alınması üçün tender elan etdi.

MiQ-29

Çoxfunksiyalı cəbhə qırıcısı Cənub-Şərqi Asiyanın bir sıra ölkələrin silahlanmasında yer alır.Təyyarə normal və çətin hava şəraitində, gecə-gündüz hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Bu qırıcılar efektiv şəkildə patrul xidmətini, quru qoşunlarına və desant birləşmələrinə aviasiya dəstəyini, hərbi əməliyyatlar rayonunun təcrid olunmasını, hava kəşfiyyatını, quru və dəniz hədəflərinə zərbə endirməyi, hərbi və nəqliyyat təyyarələrini müşayiət etməni həyata keçirə bilər.


2003-ci ilin mayında Rusiya Federasiyasının müdafiə naziri Serqey İvanovun Kuala-Lumpura səfəri zamanı 18 ədəd çoxfunksiyalı Su-30MKM təyyarələrinin təchizatını nəzərdə tutan razılıq əldə olunub. Müqavilə isə Rusiya Prezidentinin Vladimir Putinin ölkəyə səfəri ilə zamanı həmin ilin avqust ayında imzalanıb. Müqavilə təxminən 1 milyard dollar dəyərində qiymətləndirilib.

Malayziyanın Rusiya Federasiyasındakı səfiri Kamaruddin bin Mustafanın sözlərinə görə, müqavilə Malayziya, Çin və Hindistandan sonra dünyada Rusiyadan təyyarə alınması üzrə üçüncü sırada yer tutur. Qırıcılar 2007-ci ilin iyun ayından 2009-cu ilin avqust ayına qədər təslim edildi və 14 ədəd köhnə Northrop F-5 "Phantom" amerikan qırıcılarını əvəz etdi. Müqaviləyə əsasən, "Rosoboroneksport" kompensasiya öhdəlikləri kimi ilk Malayziya kosmonavtı Şeyx Müzəffər Şükürün hazırlanmasını və Beynəlxalq Kosmik Stansiyaya göndərilməsini öz üzərinə götürdü. Nəticədə Şeyx Müzəffər Şükür 2007-ci ilin oktyabrında 11 gün kosmosda qaldı.


Malayziyanın Kral Hərbi Hava Qüvvələrinin SU-30MKM qırıcısı

2007-ci ilin aprelində mövcud müqaviləyə əlavə razılaşma imzalanıb. Malayziyadakı Su-30MKM qırıcılarının ilk partiyasının zəmanət müddəti bitdikdə Rusiya tərəfi pilot və texniki heyət üçün təlim mərkəzinin (2011-ci ildə açılıb) və həmçinin 2012- ci ildə veriləcək döyüş təyyarələrinin servis xidməti mərkəzinin açılmasını öhdəsinə götürdü.

Su-30MKM pilotları üçün təlim mərkəzinin açılış mərasimində Malayziyanın müdafiə naziri Əhməd Zahid Hamidi bildirdi ki, Malayziya Su-30 təyyarələri üçün pilot təlimi baxımından Cənub-Şərqi Asiya ölkələri arasında liderlik edir.

2013-cü ilin martın 28-də Lanqkavi adasında keçirilən LİMA aerokosmik və hərbi dəniz texnikaları beynəlxalq sərgisində təyyarə istehsal holdinqi "Suxoy", Su-30MKM qırıcılarına texniki xidmət göstərmək üçün Malayziyanın Müdafiə Nazirliyi ilə müqavilə imzaladı. Təxminən 100 milyon dollar dəyərində olan yeni müqavilə, 2003-cü ildə bağlanan müqavilə çərçivəsində Malayziya tərəfindən alınan 18 təyyarənin ehtiyat hissələr ilə təminatını, servis və texniki xidmətini əhatə etdi.


Yeri gəlmişkən, LIMA 2017 sərgisi çərçivəsində yeni Su-30CM qırıcılarında "Russkie vityazi" yüksək pilotaj qrupunun ilk dünya primyerası baş tutdu. Su-30CM qırıcılarına olan xüsusi maraq, bu təyyarələrin Hindistanın HHQ-nin Su 30MKI və Malayziyanın Kral HHQ-nin Su 30MKM qırıcılarının inkişaf edən versiyası olması ilə əlaqəli idi. Çıxışlar zamanı pilotlar dörd təyyarədən ibarət qrupda yüksək manevrlərdən istifadə etdilər.

Moskva yaxınlığındakı Jukovski rayonunda keçirilən MAKS-2017 sərgisi zamanı MiQ-29 və Su-30MKM üçün ehtiyat hissələrinin təchizatı üçün "Rosoboroneksport" ilə əməkdaşlıq memorandumu, eləcə də Malayziyanın MiQ-29 parkının təmir və modernləşdirilməsinin həyata keçirilməsi üzrə müqavilələr və Su-30MKM qırıcılarında istifadə olunan AL-31FP mühərriklərinin əsaslı təmir olunması üzrə paket razılşmalar imzalanıb.

Digər texnikalar

1998-ci ilin dekabrın 11-də Malayziyanın müdafiə naziri Həmid Cəfər Albar bildirdi ki, Malayziya HHQ ABŞ istehsalı olan iki ədəd "Sikorsky" UH-60M "Black Hawk" hərbi helikopterini sataraq əvəzində iki ədəd Rusiyanın çoxməqsədli Mi-17-1B helikopterini alacaq. 1999-cu ildə məlum oldu ki, "Kazan helikopter Zavodu" həmin helikopterləri Malayziya tərəfinə təslim edib.

2001-ci ilin iyununda də Kuala-Lumpurda keçirilən iqtisadi əməkdaşlıq üzrə Rusiya-Malayziya hökumətlərarası komissiyanın iclasında Malayziyaya "Metis-M" daşınan tankəleyhinə raket komplekslərinin təchizatı barədə müqavilə imzalanıb.


"Metis-M" daşınan tankəleyhinə raket kompleksləri

2002-ci ilin aprelində DSA sərgisində 48 milyon dollar dəyərində "İqla" DZRK təchizatı üçün müqavilə imzalanıb. Bu müqaviləyə əsasən, Malayziya 2002-2005-ci illərdə atıcı qurğudan və 9M39 raketlərindən ibarət "Iqla-9K38" DZRK -nın baza versiyasını əldə edib.

Bundan əlavə, 2002-ci ildə Malayziya Rusiyadan 5.56mm AK-101 avtomat silahlarını əldə edib.

2012-ci ildə DSA silah və hərbi texnika sərgisi zamanı Malayziyanın HHQ-nə Rusiyanın "hava-hava" tipli RVV-AE orta mənzilli raketlərin çatdırılması üçün müqavilə imzalanıb. 35 milyon dollar dəyərində olan müqavilə 2014-cü ilin sonuna qədər icra edilib.

RVV-AE

Raket "Vimpel" maşınqayırma dizayn bürosu tərəfindən hazırlanıb. Bu raketlər "ardım-unutdum" sinifə aiddir, radioelektron mübarizə şəraitində 9 g yüklü yüksək manevrli təyyarələri, qanadlı raketləri, "hava- hava" və "hava- yer" raketlərini, strateji bombardmançıları və helikopterləri, gecə və gündüz, normal və mürəkkəb hava şərtlərində məhv etməyə imkan verir.


Məlumat Roman Azanovun yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya-Rusiya   MiQ   Su   RVV-AE  


Bizi "telegram"da izləyin