Tramp ABŞ-Meksika sərhədinə qoşun yeridən ilk prezident deyil – Siyahıda kimlər var?

2018/04/345_1523024266.jpg
Oxunub: 3039     00:51     07 Aprel 2018    
ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəd zolağına Milli Qvardiya əsgərlərinin yeridilməsinə qərar verib. Bu, bir neçə gündür ki, dünya gündəmində qızğın müzakirəyə səbəb olsa da, o sadəcə öz sələflərinin bir çoxunun etdiyini təkrarlayır.

Ordu.az-ın araşdırmasına görə, bir öncəki prezident Barak Obama, ata və oğul Buşlar, Vudro Vilson və daha bir neçə ABŞ prezidenti bu vaxta qədər eyni addımı atıb.

Meksika-Amerika müharibəsi

1846-1848-ci illəri əhatə edən Meksika-Amerika müharibəsinə səbəb ABŞ-ın Mexikonu anneksiyası idi. Müharibə Amerika əsgərlərinin bütövlükdə Meksikanı tutması ilə nəticələnmişdi.

Müharibədə 13 mindən çox ABŞ, 10 mindən çox Meksika əsgəri həlak olub. Meksika tərəfdən mülki itkilərin sayı isə təqribi rəqəmlərə görə 25 minə yaxındır. Müharibənin nəticəsi olaraq ABŞ Arizona, Kaliforniya, Nyu Meksika, Nevada, Yutaha tam nəzarəti ələ keçirdi.

Meksika inqilabı

Çəkişməli Meksika inqilabının 1910-cu ildəki başlanğıcından 1920-ci ildə başa çatmasına qədər ABŞ sərhəd zonasında böyük miqyasda hərbçi saxladı. Prezident Vilson hətta iki dəfə Meksika daxilinə qoşun yeridib. Bunlardan biri 1914-cu ildə Verakruz liman şəhərinin tutulması ilə nəticələnib. İkincisi 1916-cı ildə Panço Villanın Kolomb şəhərinə reyd keçirərək 16 amerikalını öldürməsindən sonra həyata keçirilən “Cəza Ekspedisiyası”dır.

“Qanunsuz Meksikalı Miqrant” (Wetback) əməliyyatı

1954-cü ildə baş prokuror Herbert Braunvel “Wetback” əməliyyatını başlatdı. Əməliyyatın məqsədi ölkə daxilində qanunsuz yaşayan bir milyondan çox meksikalı miqrantın ölkədən çıxarılması idi. Braunvel sərhəd patrulunu ordu ilə kordinasiyalaşdırmaq istəsə də, istəyi rədd edildi. Lakin Sərhəd Patrulu hərbi ləvazimatlarl təchiz edildi.

Narkotiklə mübarizə

Ordu generalı Kolin Pauel 1989-cu il noyabrın 13-də “Bircə Tapşırıq Qüvvəsi altı”nı formalaşdırdı. Onun məqsədi sabiq prezident Corc Buşun (Ata Buş) rəhbərliyi altında narkotiklə mübarizədə ordunun rolunu artırmaq idi. Tapşırıq qüvvəsi Texasda əməliyyatlar həyata keçirərək hüquq-mühafizə orqanlarına sərhəd boyunca köməklik göstərirdi. Pentaqonun məlumatına görə, həmin tapşırıq qüvvələri 16 il ərzində 6400-dən çox missiya həyata keçirib və 15,2 milyard dollar dəyərində qanunsuz narkotik ələ keçirilməsinə dəstək olub.


“Jump Start” əməliyyatı

Sabiq prezident Corc Buş (Oğul Buş) 2006-cı ildə Sərhəd Patrul əməliyyatlarına dəstək vermək məqsədilə Kaliforniya, Arizona, Nyu Meksika və Texasa 6 min Milli Qvardiya üzvünü göndərdi. İki il davam edən prosesin dəyəri ABŞ-a 1,2 milyard dollara başa gəldi.

“Phalanx” əməliyyatı

Bir öncəki prezident Barak Obama 1200 Milli Qvardiya üzvünün Sərhəd Patruluna kömək göstərmək məqsədilə cənub sərhədinə yerləşdirilməsinə dair 2010-cu ildə qərar verdi. Proqrama ilk ilində 110 milyon dollar xərcləndi.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meksika-ABŞ   Tramp  


Bizi "telegram"da izləyin