Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2018-ci il martın 5-də Lori məhkəməsi keçmiş hərbi qulluqçuya dəyən ziyana görə təzminat ödənilməsi işində cavabdeh tərəf olaraq müdafiə nazirliyinin də cəlb edilməsinə qərar verib.
Hərbi xidmətə qismən yararlı hesab edilərək, 2015-ci il yanvarın 29-da hərbi xidmətə çağırılan erməni hərbi qulluqçu 2015-ci il sentyabrın 15-də xidmət zamanı xəstəliyə tutulduğuna görə xidmətə yararsız hesab olunaraq vaxtından əvvəl təxris edilib.
Keçmiş hərbi qulluqçu və onun nümayəndəsi Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin vəkili Syuzanna Soğomonyan iş qabiliyyətini itirməsi ilə nəticələn ziyana görə maddi təzminat tələb edir.
Onlar, 2015-ci ilin 5 sentyabr tarixindən etibarən hər ay üçün iş qabiliyyətini itirmə səviyyəsinə uyğun təzminat ödənilməsini tələb edirlər. Baş tutan məhkəmədə Ermənistan maliyyə nazirliyinin nümayəndəsi cavabdeh tərəf kimi müdafiə nazirliyini də cəlb etməyi təklif edib.
Maliyyə nazirliyinin nümayəndəsi əmək qabiliyyətinin hərbi xidmət zamanı itirildiyinə görə təzminatın müdafiə nazirliyi tərəfindən ödənilməli olduğunu bildirib. Məhkəmənin qərarı ilə müdafiə nazirliyinin cavabdeh tərəf kimi cəlb edilməsinə qərar verilib.
Növbəti məhkəmə iclası 18 mart 2018-ci il tarixinə təyin edilib.
Alpər Mövludoğlu
Ordu.az