Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyi 21 yaşlı Razmik Petrosyanun aprel döyüşlərində iştirak etdiyini qəbul etmir və ondan imtina edir. Nəticədə, Ermənistan müdafiə nazirliyi keçmiş əsgərin iddiasına qarşı məhkəməyə etiraz edib.
Nazirlik, aprel döyüşçüsünün hərbi biletində döyüşlərdə iştirakına dair qeyd aparılmasının məqsədəuyğun olmadığını bildirməklə yanaşı, vəkil Liana Hakobyanı iddia müraciətindən imtina etməsi üçün hədələyib.
Qeyd edək ki, 2 il işğal altında olan Ağdərədə yerləşən qanunsuz hərbi birləşmədə xidmət etdiyini bildirən Razmik Petrosyan, 1 aprel 2016-cı il tarixdə ön xəttdə 15 günlük döyüş növbətçiliyini başa vuraraq, geri hərbi hissənin daimi yerləşmə məntəqəsi olan Ağdərədəki hərbi hissəyə qayıtdığını bildirib. Lakin həmin gecə məlum aprel döyüşləri başlamaqla onları yenidən həyəcanla döyüş mövqelərinə apardıqlarını və 2-ci eşelonda döyüş növbətçiliyinə cəlb edildiklərini bildirir. Ona təhkim edilən silah növünün tank əleyhinə kompleks olmasından aydın olur ki, o, həqiqətən 2-ci eşelonda döyüş növbətçiliyinə cəlb edilib.
Bundan əlavə, komandirinin əmrinə əsasən ona təhkim edilmiş silahı döyüş əməliyyatları zamanı 1 dəfə tətbiq edib. Nəticədə, erməni döyüşçü 2017-ci il oktyabrın 6-da müdafiə nazirliyinə rəsmi müraciət edərək, aprel döyüşlərində iştirak etdiyi barədə hərbi biletində qeydlərin aparılmasını xahiş edib. Hərbi komissarlıq keçmiş hərbi qulluqçunun müraciətini rədd edib. Ona bildirilib ki, aprel müharibəsi ərəfəsində onun tabe olduğu bölmə döyüş növbətçiliyini həyata keçirib, bu isə döyüş əməliyyatlarında iştirak etmək anlamına gəlmir. Ermənistan müdafiə nazirliyi də eyni tərkibdə məhkəməyə izahat təqdim edib.
Nəticədə, Ermənistan müdafiə nazirliyi döyüş növbətçiliyinin aparılması və döyüş əməliyyatlarında iştirak etmənin tamamilə fərqli şərtlər olduğunu iddia etməkdə davam edir. Vəkil Aşxen Daşyan isə qeyd edir ki, döyüş növbətçiliyi 15 gündən ibarətdir və 3 ay fasiləsiz davam edə bilməz. Eyni zamanda həyəcan siqnalının aprel döyüşləri ilə əlaqədar verildiyini bildirir. O, israrla bu halın artıq onun müharibədə iştirakını sübut etdiyini bildirir.
Ermənistan müdafiə nazirliyi isə keçmiş hərbi qulluqçunun müharibədə iştirak etdiyini sübut etməyi tələb edir. Erməni vəkil bunun gülünc tələb olduğunu bildirir.
Vəkil Daşyan, hərbi qulluqçunun döyüşlərdə iştirak etdiyini sübut etmək üçün mütləq əl ayaq və ya hansısa orqanlarından birinin xəsarət alması ilə sübut etməli olmadığını deyir və müdafiə nazirliyinin laqeyd münasibətini hərbi qulluqçuya qarşı təhqir hesab edir. Vəkil bildirir ki, Razmik Petrosyanla eyni şəraitdə və eyni bölmədə xidmət edən hərbi qulluqçulardan 2 nəfərin hərbi biletində döyüşlərdə iştirak etdiyinə dair qeydlər aparılıb. Bu da hərbi qulluqçulara qarşı münasibətdə ayrı-seçkiliyə yol verildiyinə əsas verir.
“Civilnet” saytına verdiyi müsahibədə Moskvada yaşayan keçmiş hərbi qulluqçu Razmik Petrosyan, məhkəməyə müraciət etməkdə məqsədinin verilən imtiyazlardan yararlanmaq yox, hüquqlarının bərpa olunması olduğunu bildirib. Hakim mənfi qərar verdiyi halda, ölkədaxili bütün instansiyalardan sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az