İlk Sovet-ABŞ razılaşmasından 30 il keçib. Nüvə tərk-silahlanma müqaviləsi ilə birlikdə on illər boyunca bəşəriyyət üzərində qara bulud kimi dolaşan nüvə soyqırımı təhlükəsi də aradan qaldırıldı. 1987-ci ilin dekabrında bağlanan Orta mənzilli nüvə silahlarının yerləşdirilməsinin dayandırılması ilə bağlı müqavilə Sovet və Amerikaya məxsus bütün orta və yaxın mənzilli raketlərin (310 – 3400 mil) məhv edilməsini nəzərdə tuturdu.
Hər nə qədər çox önəmli universal bir uğur olsa da, bu hadisənin SSRİ üçün bəzi acı tərəfləri də var. Lakin bu, təkcə "Karnegi" fondunun ekspertlərinin iddia etdiyi kimi, Moskvanın Vaşinqtondan ikiqat daha çox raket və 3 dəfə artıq döyüş başlığını məhv etmək məcburiyyətində qalmasına görə deyildi. Sovet İttifaqı ən yaxşı raketlərini istifadə etməkdən də əlini üzürdü. Baxmayaraq ki, onlar sadəcə 250 mil mənzilə malik idi. Bu, birinci sinif yeni mobil ballistik raketlər rus mühəndislər və raket dizaynerləri tərəfindən hazırlanmış “Oka”lar idi
Bu raketlər 1980-ci illərin əvvəllərində köhnə “Scud” tipli Sovet raketlərini əvəzləyib. Sərrastlığı artırılan “Oka” (və onun daha təkmil versiyası “Oka-U”) hərəkət edən hədəfləri də vura biləcək qabiliyyətə malik idi. “Oka”nın qısa reaksiya müddəti vardı – işə salmaq üçün sadəcə beş dəqiqə tələb olunurdu. RƏM sistemlərinə nüfuz edə bilən bu raketləri dayandırmaq, çox çətin, bəlkə də mümkünsüz idi. NATO-nun arsenalında buna bənzər bir şey yox idi.
Sözügedən raketlərin dizayn meneceri olan Sergey Nepobedimi öz memorialında yazır ki, “Oka” SSRİ-nin yaradıcı inkişafının pik nöqtəsi idi.
“Ölkənin elit alimləri ilə birgə ərsəyə gələn bu raketlər bizim raket istehsalı məktəbimizin təntənəsi idi. “Oka”nın bu 1987-ci il müqaviləsinə daxil edilməsi dekabr səmasından çaxan ildırım idi. İlk olaraq mümkünlüyünə inanmadım. Bəlkə də sadəcə nəşrlərdə xətalar vardı, ya da müqavilənin şərhi yanlış idi”, - deyə Nepobedimi əlavə edib.
Sovet ordusunda hiddət
“Oka”nın məhv edilməsi qərarı hələ 1987-ci ilin aprelində verilib. Axilles Meqasın “Sovet ittifaqının Şərqi Almaniya üzrə xarici siyasəti” kitabında göstərdiyi kimi, qərar ABŞ dövlət katibi Corc Şultzun Moskvaya səfəri zamanı qəbul edilib. Elə o vaxt SSRİ xarici işlər naziri Edvard Şvernadze bütün Sovet “SS-23”-lərinin məhv edilməsinə dair qərar qəbul edib.
Başqa bir ekspert Steven Zaloqa isə bildirib ki, SSRİ-nin rəhbəri Mixayıl Qorbaçov administrasiysının ABŞ-ın tələbini qəbul etmək qərarı İttifaqın ordusu tərəfindən birmənalı qarşılanmadı. Bu qərar Sovet ordusu və Rus hərb sənayesi liderləri arasında hiddətə səbəb oldu. Hətta Sovet Baş Qərargah rəisi rəhbərliyi istefa edəcəyi ilə təhdid etdi. Nepobedimi Qorbaçovun bu addımını vətənə xəyanət adlandırıb. İstənilən halda 1989-cu ildə bütün bu döyüş raketləri (təxminən 200-dən çox) və 106 ədəd atıcı qurğu məhv edildi. Zaloqa “Scud Ballistik raketləri və atıcı sistemlər 1955-2005” kitabında yazır ki, SSRİ-nin Varşava Paktı müttəfiqlərinə verdiyi “Oka”lar da ləğv edildi. Sonuncu olaraq, 2001-ci ildə Bolqarıstan öz atıcı qurğularını ləğv etməyə razılıq verdi.
Hörümçəkdən müdafiə yoxdur
Bəs niyə ABŞ bu raketlərdən bu qədər çox qorxdu və məhv edilməsi üçün böyük təzyiqlər göstərdi?
RAND korporasiyasından bir ABŞ hərbi eksperti bildirib ki, “Oka” tipli raketlərlə SSRİ NATO bazaları üzərində olduqca effektiv qeyri-nüvə zərbələri endirə bilərdi. Belə bir hücuma qarşı isə qarşı tərəfdən heç bir müdafiə sistemi yox idi.
Bəs necə oldu ki, SSRİ rəhbərliyi bu mükəmməl silahları ləğv etməyə razılıq verdi?
"Karnegi" fondunun raket eksperti Vladimir Dvorkinin fikirlərinə görə, Vaşinqton bu müqaviləyə “Oka”ların daxil edilməsi şərtini qoyarkən, Qorbaçovun çox seçim şansı yox idi. Kreml ABŞ-ın 1983-cü ildə yerləşdirdiyi “Pershing- II” raketlərinin Avropadan yığışdırılmasını istəyirdi. Bu raketlər Sovet liderləri qarşılıq vermədən, bir neçə dəqiqə ərzində Rusiyanın Avropa bölgəsinə çata bilərdilər.
“Oka” əvəzinə “İskəndər”
Nepobediminin fikirlərinə görə, Qorbaçovun özü də daha sonralar “Oka” hekayəsini fərqli formada şərh edib. Əgər Kreml “Oka” üzərində qalsaydı, ABŞ qısa müddətdə bu tipli bənzər raketlər istehsal etməyə başlaya bilərdi.
Beləliklə, 1980-ci illərin sonuna doğru SSRİ-nin köhnə raketlərinin olduqca köhnəldiyi bir vəziyyətdə, yeni raketləri də məhv edildi. Buna baxmayaraq, Nepobedimi dayanmadı, “İskəndər” və “İskəndər-M” kimi tanınan yeni raketlər dizaynlaşdırmağa başladı. 1990-cı illərdə Rusiyada baş verən iqtisadi və siyasi çətinliklərdən dolayı yeni sistemlərin təkmilləşdirilməsi və sınaqdan keçirilməsi 2006-cı ilə qədər ləngidi. Nəticədə, yeni raketlər ilk dəfə 2011-ci ildə quraşdırıldı.
Ağalar Ağalarlı
Araşdırma
Ordu.az-a məxsusdur