Azərbaycan Belarus hərbi əməkdaşlığı: “Polonez” sistemlərindən başqa nə alına bilər? – Hərbi ekspert

2017/11/23315849_144419362955416_1575384640_n_3019951186.png
Oxunub: 1317     21:41     06 Noyabr 2017    
Azərbaycan-Belarus hərbi əməkdaşlığının perspektivləri mövzusunda çox mülahizələr aparmaq olar. Lakin, biz bir neçə ən əsas aspektlərə toxunacağıq. Ola bilsin ki, üzə çıxardığımız məsələlər daha çox iqtisadi və ya strateji planlaşdırmalara aiddir, amma yenə də aparılan mülahizələr yayılan rəsmi relizlərdən kordinal şəkildə fərqlənəcək.

İki dövlət arasında diplomatik əlaqələrin müstəqilliyimizin ilk dövründə qurulmasına baxmayaraq, əsas əməkdaşlıq sazişləri cəmi 11 il öncə imazalanıb.

Bu zamandan etibarən, Azərbaycan mütəmadi olaraq Belarusdan hələ ittifaq dönəmindən konservasiyada qalan bir neçə variant top-haubitsa, özüyeriyən artilleriya sistemləri, tank, təyyarə və RYAS alır.

BMT adi silahlar reyestrinə nəzər salsaq, təkcə 2004-2012-ci illərdə Belarusdan ordunumuz üçün müxtəlif modifikasiya edilmiş 153 ədəd T-72 tankı, 120 ədəd - 122 mm D-30 haubitsası, 12 ədəd - 203 mm 2С7 "Pion" ÖAS, 60 ədəd BTR-70 və 11 Su-25 "Qraç" tipli hücum və hava dəstək təyyarəsi alınıb. Qeyd etmək lazımdır ki, bu reyestrə çoxlu sayda atıcı silah, optik vasitələr və yardımçı avadanlıq daxil edilməyib.


İlk dəfə, 2013-cü il iyunun 26-da Bakıda keçirilən hərbi parad zamanı nümayiş etdirilən modernləşdirilmiş "Buk-MB" zenit raket kompleksləri divizionu isə, Belarusla hərbi əməkdaşlığın yeni mərhələsinə işarə edirdi. Sözügedən komplekslər, 2009-cu ildə Azərbaycan prezidentinin Minskə etdiyi rəsmi səfərində, dost dövlətin hərbi sənaye kompleksinin son nailiyyətlərinin təqdimatı zamanı Müdafiə Nazirliyinin rəsmilərinin maraq dairəsinə düşmüşdü.

Belarusun "Tetradaedr" şirkətinin hazırladığı Peçora-2 TM kompleksi, illərlə HHMQ istifadə edilən və mənəvi baxımdan köhnələn C-125 zenit raket sistemlərimizə ikinci nəfəs verdi. Hal-hazırda C-300 Favorit, Barak-8 və Buk-MB zenit kompleklərinin yer aldığı eşelonlu hava hücumundan müdafiə zəncirimizin bir halqası da, Peçora-2 TM səviyyəsinə qədər təkmilləşdrilmiş 27 ədəd C-125 sistemidir.


Hərbi əməkdaşlığımızın əsas üstün cəhətlərindən biri də, məlum geostrateji səbəblərdən müdafiə konsepsiyasını dəyişməyə başlayan Belarusun, Rusiya Federasiyasından asılılığı azaltmağa və öz hərbi-sənaye kompleksini gücləndirməyə başlamasıdır. "İsgəndər" operativ taktiki raket komplekslərini "slavyan qardaşlarından" ala bilməyən Aleksandr Lukaşenkonun tapşırığı ilə, cəmi 3 il ərzində "Polonez" raket sistemi ordunun silahlanmasına götürülüb.

"Polonez" raket sistemləri, Çinin CALT (China Academy of Launch Vehicle Technology) şirkətinin А-200 RYAS'ının dörd oxlu 8х8 formullu МZKT-7930 daşıyıçısının üzərindəki versiyasını əks etdirir. OTRK bazası qismində də eyni Belarusun МZKT zavodunun 7930 markalı daşıyıcısı çıxış edir.

"Polonez" sisteminin kaset tipli raket blokunda 8 aparıcı mövcuddur. RYAS 8 dəqiqə ərzində atəşə hazır vəziyyətə gətirilərək, 50 saniyə ərzində 8 fərqli hədəfə zərbə endirə bilər. Doldurma, sözügedən kasetlərin dəyişdirilməsindən ibarətdir və qısa bir zaman ərzində diviziona daxil xüsusi maşın vasitəsilə aparılır.


Sistemin 301 mm-lik M20 raketlərinin hər birinin uzunluğu 7264 mm, stabilizator pərlərinin açılış eni 615 mm, çəkisi isə 750 kq çatır. Döyüş hissəsi 3 növdə ola bilər. Zərbə radiusu 100-300 km-ə çatır, bir raket 275 metr radusda, 6 “Polonez”-dən ibarət bir batareya isə eyni anda 48 hədəfi və ya 100kv.km ərazini atəşlə örtür. Raketlərin hədəfdən ehtimal olunan dairəvi yayınma məsafəsi 30 metrdən çox deyil, bu isə RYAS üçün ideal göstəricidir. Bu o deməkdir ki, bir "Polonez" düşmənin taktiki dərinliyində istənilən 8 kritik hədəfi ayrı-ayrılıqda məhv etmək qabiliyyətindədir. “Polonez”-də istifadə olunan yeni yüksək dəqiqlikli M20 raketləri bu RYAS yeni OTRK keyfiyyətinə keçməsi ilə nəticələnib. Bunun səbəbi isə M20 raketlərində kombinə edilmiş ətalət və peyk idarəetmə sisteminin tətbiqi ilə bağlıdır. Bu sistemin tətbiqi atəş məsafəsini 280- 300km-ə qədər artmasına da yardımçı olmuşdur. 480 kq başlığın zərbə hissəsi 560 kq trinitrotoluolun ekvivalentinə bərabərdir.

Azərbaycan Respublikasının Müdafiə nazirinin bu yaxınlarda Belarusa etdiyi rəsmi səfərindən və keçirdiyi görüşlərindən sonra, ekspertlər bir ağızdan yaxın perspektivdə alacağımız silahlar siyahısına "Polonezi" "daxil" etsədə, bizə təklif oluna biləcək bir neçə olduğca maraqlı silahlar barədə bir kəlimə deməyiblər.


Məsələn, "BSVT" konserninin yaratdığı robotlaşdırılmış "Boqomol" tankı. Şəxsi heyətdə itkiləri maksimal dərəcədə azaltmağa yönəlmiş hərbi doktrinada məhz belə texnikaya yer ayrılmalıdır. 2 tonluq "Boqomol" robot tankı 4 km uzağlığda yerləşən hədəfləri "Faqot", "Konkurs" ya "Metis" tank əlehinə sistemlərin raketləri ilə məhv etmək iqtidarındadır. Termooptik cihazları sayəsində, bu pilotsuz texnikanı istənilən hava şəraitində və hətta gecə istifadə etmək mümkündür. "Boqomol" stasionar döyüş nöqtəsi və təbii ki, hücum silahıdır. Təmas xəttində ona mütləq istifadə sahəsi tapılar.

Belarusun "INDELA" şirkətinin I.N.SKY çoxfunksional pilotsuz helikopteri həm kəşfiyyat apara bilən, həm də gərəkdiyində zərbə vurma imkanına malik olan silahdır. Kamikaze deyil və dəfələrlə istifadə oluna bilər. Aşağı uçuş səviyyəsi sayəsində isə, düşmənin REM cihazlarının dalğalarından yayına bilər.


Təbii ki, bir material çərçivəsində bu qədər geniş mövzunu tam əhatə etmək qeyri mümkündür. Hələlik, oktyabrın 9-u Minskdə imzalanan 2018-ci ilə dair Azərbaycan-Belarus hərbi əməkdaşlığı sazişi mövcuddur. Ümid edək ki, bu müqaviləyə əsasən yaxın zamanlarda Azərbaycana regionda hərbi balansı tənzimləyəcək RYAS səviyyəsində "Polonez" operativ taktiki raket kompleksləri də, pilotsuz texnikada gətiriləcək. VOLAT konserninin MT-LB daşıyıcılarını əvəz edə biləcək tırtıllı tranportyorları da, bu siyahıda görmək istəyərdik. Yüksək keçid qabilliyətinə malik bu texnika ordumuzun mobilliyində müsbət rol oynaya bilər.

MILEX17 sərgisini işıqlandıran bir informasiya agentliyi qeyd edib ki, Belarusun müasir hərbi sənayesi orta səviyyədən aşağı qiymətlərlə yuksək səviyyəli istehsalat təklif edir. Bu qısa və konkret iddia, ölkələrimiz arasında hərbi əməkdaşlığın düsturu sayıla bilər.

Hərbi ekspert İsmayıl Aslanov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polonez   Azərbaycan   Belarus   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin