Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Mher Yerznkyanın atası Aramayis Yerznkyan, oğlunun Ermənistan respublikasında xidmət etdiyini, 2016-cı ilin aprelin 6-da Ermənistan ərazisində öldüyünü bildirib. Lakin, Ermənistan müdafiə nazirliyi əsgərin cəbhə xəttində məhv edildiyini bildirir.
“Əvvəlcə mənə dedilər ki, oğlum özünə xəsarət yetirib. 1 il davam edən istintaqdan sonra bu ilin may ayında məlum oldu ki, düşmən hərbi hissəyə daxil olub və mənim oğlum bu şəraitdə ölüb. Oğlum həmin gecə növbədə olub, hərəkət hiss edərək çölə çıxıb və silahdan atmağa başlayıb. Elə bu şəraitdə aldığı güllə yarasından ölüb. Bu qədər baş verən hadisələrdən sonra mənə deyirdilər ki, bunların hamısının açıqlanması Ermənistanın maraqlarına cavab vermir. Mən bu qədər susdum, ancaq indi danışmalıyam. Oğluma bu günə qədər döyüş ordeni verməyiblər. Oğlum döyüşüb, lakin arayışda xidməti vəzifə borclarını yerinə yetirərkən öldüyü yazılıb. Kim tərəfindən öldürüldüyü qeyd edilmir. Əgər düşmən tərəfindən öldürülməsəydi, oğluma həlak olmuş status verilməzdi”- deyə o, qeyd edib.
Aramayis Yerznkyan əlavə olaraq bildirib ki, onun oğlu cəmi 2.5 ayın əsgəri olub. Baxmayaraq ki, əvvəlcə özünə xəsarət yetirdiyini desələr də, Yerznkyanlar ailəsi ayda 30 min dram alır. Ailə dövlət tərəfindən başqa yardım almadığını bildirib.
“Deyirlər formalaşmış ordumuz var, bəs əgər formalaşmış ordu varsa düşmənin hərbi hissəyə qədər daxil olmasına necə icazə verirsiz? - deyə ölən erməni əsgərin atası vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az