“Past”: Ermənistan getdikcə daha çox diktaturaya çevrilir

2026/06/1782283253.jpg
Oxunub: 237     15:13     29 İyun 2026    
“Ermənistanda parlament seçkilərinin gedişinin ölkəni diktaturaya çevirdiyi seçkilərdən dərhal sonra aydın oldu”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri Rusiyanın “Vz.ru” portalında dərc olunan “Ermənistanda diktaturanın qurulması başa çatdırılır” sərlövhəli məqaləyə istinadən yazıb.

Nəşrin məlumatına görə, bu, müxalifət nümayəndələrinin kütləvi həbslərində və saxtakarlıq əlamətləri daşıyan nəticələrdə özünü göstərib.

“Belə ki, nəticələr sosial sorğularla uyğun gəlmirdi və sonradan hakimiyyətin, yəni Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının xeyrinə düzəlişlər edildi. Son intriqa Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası ilə bağlı olub.

Ermənistan Mərkəzi Seçki Komissiyasının ilkin yekun nəticələrinə əsasən, partiya 4 faiz səs toplayaraq parlamentə daxil olmuşdu. Lakin daha sonra açıqlanan “dəqiqləşdirilmiş yekun nəticələr”də göstərici 3,98 faizə endirildi və partiya parlamentdən kənarda qaldı. Bu isə hakimiyyətə bölüşdürülən mandatlardan əlavə üstünlük qazandırdı”, - deyə nəşr qeyd edib.

Məqalədə bildirilir ki, partiya nümayəndələri itkin düşdüyü iddia edilən səslərlə bağlı məhkəməyə müraciət ediblər.

“Məhkəmə bəzi seçki məntəqələrinin nəticələrini ləğv edib. Nəticədə partiyanın göstəricisi daha da azalaraq 3,89 faizə düşüb. Çünki bu prosesdə “riyaziyyat” ədalətin müttəfiqi olmayıb. Son söz isə Konstitusiya Məhkəməsinə məxsusdur”, - deyə nəşr yazıb.

Nəşr vurğulayıb ki, yeddi müxalif siyasi qüvvə seçkilərin nəticələrinin tam ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edib. Bununla belə, Paşinyan yeni seçkilərin keçirilməyəcəyini açıq şəkildə bəyan edib və müxalifət liderlərinə qarşı kampaniyaya başlayıb.

“Uşaqların gələcəyinə yönəlmiş istənilən təhlükə beşikdəcə qarşısı alınmalıdır. Bu təhlükələrin adları Robert Köçəryan, Kaluqadan olan oliqarx və Belarusiyaya meyilli oliqarxdır. Baş nazir olduğum müddətdə onları hədəfli şəkildə məhv edəcəyəm”, - deyə Paşinyanın sözləri sitat gətirilib.

Məqalə müəllifi hesab edir ki, bu cür bəyanatlar artıq diktaturanın əlaməti deyil, formalaşmış diktaturanın göstəricisidir.

“İcra hakimiyyətinin rəhbəri faktiki olaraq bütün müxalifəti hədəfə alır. Üstəlik, bunlar boş təhdidlər deyil. Paşinyan hətta dövlətçilik tarixində mühüm yerə malik Erməni Apostol Kilsəsinə qarşı da güc strukturlarından istifadə etməkdən çəkinməyib”, - deyə məqalədə qeyd olunub.

Nəşrin yazdığına görə, “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan bütün seçki kampaniyasını ev dustaqlığında keçirib.

“O, Katolikosun təqibi ilə bağlı fikirlərinə görə hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə üzləşib. Bu, siyasiləşdirilmiş ədalət mühakiməsinin klassik nümunəsidir. Siyasiləşdirilmiş ədalət isə repressiyanın sinonimidir”, - deyə məqalədə vurğulanıb.

Məqalədə həmçinin bildirilib ki, “Hayastan” blokunun lideri Robert Köçəryan da köhnə əmlak sövdələşmələri ilə bağlı cinayət işinin fiqurantına çevrilib, Qaqik Tsarukyan isə vergi pozuntuları ittihamı ilə üzləşə bilər.

“Bir sözlə, müxalifətin bütün liderləri istintaq altındadır. Müstəqil “exit-poll” nəticələrinə əsasən parlamentə keçdiyi bildirilən keçmiş ombudsman Armen Tatoyanın da yaxın vaxtlarda hakimiyyət tərəfindən hədəfə çevriləcəyi istisna edilmir”, - deyə nəşr yazıb.

Nəşrin həmsöhbətlərinin fikrincə, müxalifət hazırda Paşinyana qarşı vahid cəbhə formalaşdırmağa çalışır.

“Lakin ümumilikdə Ermənistan diktaturasının qurulması artıq başa çatıb və hazırda yalnız “daxili tamamlama işləri” görülür”, - deyə müəllif qeyd edib.

Məqalənin sonunda vurğulanır ki, müxalifətə qarşı genişmiqyaslı təzyiqlər, seçkilərin nəticələri ətrafında yaranan şübhələr və hakimiyyət rəhbərinin kütləvi təmizləmə xarakterli bəyanatları ölkənin getdikcə daha çox diktatura modelinə yaxınlaşdığını göstərir.

“Bu, istər Qərb, istərsə də başqa mənbələrdə nəşr olunan siyasi nəzəriyyə dərsliklərinə görə diktaturanın klassik əlamətləridir. Obyektiv baxımdan bu, Ermənistanın getdikcə daha çox diktaturaya çevrildiyini göstərir və gələcəkdə Ermənistan və Paşinyan hakimiyyəti ilə münasibətlər də məhz bu reallıq nəzərə alınaraq qurulmalıdır”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Diktatura   Paşinyan  


Bizi "telegram"da izləyin