Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Məlumata görə, Ukrayna vətəndaşı Roman Lavrinoviç 7 il, Rumıniya vətəndaşı Stanislav Karpyuk isə 2 il müddətinə azadlıqdan məhrum olunub.
Londonun “Old Bailey” məhkəməsində keçirilən dinləmələr zamanı müəyyən edilib ki, yanğın hadisələri “Telegram” platformasında fəaliyyət göstərən anonim hesab vasitəsilə təşkil olunub.
Məhkəmə təqsirləndirilən şəxsləri sifarişin icraçıları kimi qiymətləndirib və onların ideoloji motivlərinin olmadığını bildirib.
Hakim Nil Qarman hökmü elan edərkən Roman Lavrinoviçə müraciətlə qeyd edib ki, təqsirləndirilən şəxs pul müqabilində mənasız yanğın törətməyə razılıq verib və onu bu addımı atmağa inandırmaq çətin olmayıb.
Məlumata görə, ötən ilin may ayında Londonun şimal hissəsində əvvəllər Kir Starmerə məxsus olmuş “Toyota” markalı avtomobil yandırılıb. Bundan sonra daha iki yaşayış obyektinə qarşı yandırma cəhdləri həyata keçirilib.
Həmin obyektlərdən biri Baş nazirə məxsus ev olub. Evin həmin dövrdə Starmerin həyat yoldaşının bacısı və ailəsi tərəfindən istifadə edildiyi bildirilir. Digər obyekt isə Starmerin vaxtilə direktor və səhmdar olduğu şirkətə məxsus daşınmaz əmlak olub.
Sevinc Əliyeva
Ordu.az