Ordu.az xəbər verir ki, Köçəryan bu barədə jurnalistlərlə görüşü zamanı Samvel Karapetyanın vahid müxalifət platformasının yaradılması təşəbbüsünü şərh edərkən danışıb.
Sabiq erməni prezident qeyd edib ki, onlar seçki prosesindən əvvəl də müxalifətin daha fəal əməkdaşlıq etməsinin tərəfdarı olublar və bu gün də belə bir əməkdaşlığın zəruri olduğunu hesab edirlər.
Vahid müxalif platformanın yaradılması perspektivlərini dəyərləndirən Köçəryan bildirib ki, “Hayastan” bloku həmişə siyasi qüvvələrin birləşdirilməsi ideyasını dəstəkləyib.
“Hakimiyyət hazırda qələbə qazandığını bəyan etsə də, Tunis və 2017-ci il Ermənistan nümunələri göstərir ki, seçkilərdə əldə olunan yüksək nəticələr hakimiyyətin uzunömürlü olacağına zəmanət vermir. Cəmiyyətdə formalaşan narazılıq gec-tez siyasi dəyişikliklərə gətirib çıxaracaq”, - deyə Köçəryan qeyd edib.
O, hakimiyyət nümayəndələrinin müxalifəti inqilab etməməkdə ittiham etməsinə cavab olaraq xatırladıb ki, 2017-ci ildə Nikol Paşinyan da seçkilərin nəticələrini Konstitusiya Məhkəməsində mübahisələndirməmişdi, lakin cəmi doqquz ay sonra ölkədə hakimiyyət dəyişmişdi.
Sabiq erməni prezident əmin olduğunu bildirib ki, cəmiyyət dövlətçiliyə yönələn təhlükələrin miqyasını tam dərk etdikdən sonra formalaşan siyasi gündəm ətrafında daha fəal şəkildə birləşəcək.
Köçəryan hazırkı hakimiyyəti seçki kampaniyası zamanı vətəndaşları yeni müharibə təhlükəsi ilə qorxutmaqda ittiham edib. O qeyd edib ki, bu üsul Ermənistan tarixində indiyədək heç bir hakimiyyət tərəfindən istifadə olunmayıb.
Onun sözlərinə görə, son seçki mərhələsi saxtakarlıqlar, seçici rüşvəti və müxalif qərargahlara qarşı cinayət işləri vasitəsilə həyata keçirilən təzyiqlərlə müşayiət olunub.
“Hayastan” blokunun qiymətləndirməsinə əsasən, hakim partiyanın real nəticəsi 38-40 faiz arasında dəyişib, qalan göstəricilər isə genişmiqyaslı saxtalaşdırmaların nəticəsidir. Köçəryan seçici siyahılarında təxminən 30 min imza fərqinin olduğunu da iddia edib.
O bildirib ki, inzibati resurslar və maliyyə imkanları olmadan, siyasi arenada tanınmayan istənilən balanslı namizəd belə, yüksək antireytinqə malik olan Nikol Paşinyandan daha çox səs toplaya bilərdi.
Oliqarxiyaya qarşı mübarizə şüarlarına da toxunan Köçəryan bildirib ki, Paşinyan hədəfini Samvel Karapetyan və Qaqik Sarukyan kimi iri sahibkarlara yönəldib. Onun sözlərinə görə, həmin şəxslər sərvətlərini uzun illərin zəhməti hesabına qazanıblar.
“Paşinyanın seçki kampaniyasının böyük hissəsi nifrət ritorikası və rəqiblərə qarşı sərt təhdidlər üzərində qurulub ki, bu da siyasi böhranın və qeyri-sabit psixoloji vəziyyətin göstəricisidir”, - deyə Köçəryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az