“Joğovurd”: Ermənistana köçürüldüyü iddia edilən 211 milyon dollar nə idi?

2026/06/1781843855.jpg
Oxunub: 206     08:32     19 İyun 2026    
“2021-ci ildə keçmiş deputat Armen Yeğiazaryan Dünya Bankının məlumatlarına istinad edərək 2018-ci ildə Azərbaycandan Ermənistana təxminən 211 milyon ABŞ dolları köçürüldüyünü bəyan etmişdi. İllərlə ictimai müzakirə mövzusu olan bu rəqəmlə bağlı indiyədək dövlət qurumları tərəfindən aydın izahat verilməmişdi”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti “MTX-də məlumat yoxdur, Mərkəzi Bank isə izah edir: Azərbaycandan Ermənistana köçürüldüyü iddia edilən 211 milyon dollar nə idi?” başlıqlı məqaləsində yazıb.

Nəşrin məlumatına görə, məsələ ilə bağlı əvvəlcə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyana sorğu göndərilib. Sorğuda qurumun bu məlumatları araşdırıb-araşdırmadığı və Azərbaycandan Ermənistana belə həcmdə maliyyə axınları ilə bağlı hər hansı məlumata malik olub-olmadığı soruşulub.

Ermənistan MTX-dən verilən cavabda bildirilib: “Qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərin icrası zamanı Azərbaycan Respublikasından Ermənistan Respublikasına 211 milyon ABŞ dollarının köçürülməsi ilə bağlı hər hansı məlumat əldə edilməyib”.

Bununla yanaşı, qurum əlavə məlumat almaq üçün Ermənistan Mərkəzi Bankına müraciət edilməsini tövsiyə edib.

Qəzet yazır ki, bundan sonra eyni məzmunlu sorğu Mərkəzi Banka göndərilib. Sorğuda 2018-ci ildə Azərbaycandan Ermənistana 211 milyon dollar köçürülməsi barədə məlumatların nə dərəcədə həqiqətə uyğun olduğu, bu vəsaitlərin məqsədi, mənbəyi və mümkün maliyyə, iqtisadi və təhlükəsizlik riskləri ilə bağlı araşdırmaların aparılıb-aparılmadığı soruşulub.

Ermənistan Mərkəzi Bankının cavabında qeyd olunub ki, Dünya Bankının dərc etdiyi göstəricilər faktiki pul köçürmələrini deyil, ekspert qiymətləndirmələrini əks etdirir.

“Dünya Bankı tərəfindən dərc olunan məlumatlar yalnız miqrantlarla bağlı göstəricilər əsasında hazırlanmış ekspert qiymətləndirmələridir”, - deyə Ermənistan Mərkəzi Bankı bildirib.

Qurumun izahına görə, hesablamalar real maliyyə əməliyyatlarına deyil, miqrasiya statistikasına əsaslanıb.

“Məsələn, Dünya Bankının məlumatlarına görə Ermənistanda Azərbaycandan gəlmiş 87 min, Azərbaycanda isə Ermənistandan köçmüş 146 min miqrant mövcuddur. Qeyd edək ki, bunlar pul köçürməsi həyata keçirən və ya alan şəxslər deyil, sadəcə köç etmiş insanlardır”, - deyə cavabda vurğulanıb.

Ermənistan Mərkəzi Bankı daha sonra Dünya Bankının metodologiyasını izah edərək bildirib: “Miqrantların sayı, onların ehtimal olunan gəlir və xərcləri əsasında Dünya Bankının ekspertləri bütün miqrantların öz mənşə ölkələrinə vəsait göndərdiyi qənaətinə gəlirlər”.

Qurumun ən mühüm açıqlaması isə belə olub: “Bu köçürmələr faktiki həyata keçirilmiş pul köçürmələri deyil, Ermənistan və Azərbaycan arasında köç etmiş şəxslərin sayı əsasında hesablanmış göstəricilərdir”.

Məqalədə qeyd olunur ki, bu açıqlama illərdir müzakirə olunan rəqəmin bank sistemi və ya digər maliyyə kanalları vasitəsilə həyata keçirilmiş real əməliyyatları deyil, statistik model nəticəsində əldə edilmiş qiymətləndirməni əks etdirdiyini göstərir.

Ermənistan Mərkəzi Bankı həmçinin vurğulayıb: “Ermənistanın rəsmi statistikasına əsasən, Ermənistan və Azərbaycanın subyektləri arasında pul köçürmələri həyata keçirilmir”.

Qəzet yazır ki, beləliklə, həm Ermənistan MTX-nin, həm də Mərkəzi Bankın cavabları 211 milyon dollarlıq göstəricinin rəsmi şəkildə qeydə alınmış real köçürmələri əks etdirmədiyini ortaya qoyur.

Bundan əlavə, Ermənistan Mərkəzi Bankı bildirib ki, 2022-ci ildə eyni mənbələrdə həmin göstəricinin qarşısında artıq “0” rəqəmi göstərilib. Həmçinin 2018-ci ildən sonrakı dövrdə məlumatlar yenidən işlənib və 2022-ci ildə belə göstəricilər artıq mövcud olmayıb.

Məsələ ilə bağlı qəzet keçmiş erməni deputat, “Birliyin Qanadları” Partiyasından deputatlığa namizəd Armen Yeğiazaryanla da əlaqə saxlayıb. Yeğiazaryan bu gün də parlament tribunasından səsləndirdiyi bəyanatın rəsmi məlumatlara əsaslandığını bildirir. “Parlament tribunasından səsləndirdiyim məlumat rəsmi idi və Dünya Bankının saytında yerləşdirilmişdi”, - deyə o bildirib.

Keçmiş erməni deputatın sözlərinə görə, açıqlamadan əvvəl müxtəlif qurumlara, o cümlədən Dünya Bankının Ermənistandakı nümayəndəliyinə müraciətlər göndərib. “Bank həmin hesabatın mövcudluğunu təkzib etməmişdi, sadəcə bunun proqnoz xarakterli məlumat olduğunu izah etməyə çalışmışdı”, - deyə Yeğiazaryan vurğulayıb.

O, eyni zamanda belə bir sual qaldırıb: “Əvvəllər təxmin edilən və faktiki göstəricilər arasındakı fərq nisbətən kiçik olduğu halda, hansı səbəbdən 4 milyon dollar səviyyəsində olan göstərici birdən-birə 211 milyon dollara yüksəlib?”.

Yeğiazaryanın sözlərinə görə, həmin məlumatlar açıq mənbələrdə yerləşdirilmiş və ölkələr arasındakı pul köçürmələrinə dair statistik məlumatlar kimi təqdim edilmişdi.

“Bütün həmin sənədlər hazırda da məndə saxlanılır”, - deyə keçmiş erməni deputat bildirib.

O əlavə edib ki, topladığı bütün məlumatları şəxsən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Armen Abazyana təqdim edib, lakin qurum ona belə məlumatların onların bazasında olmadığını bildirib.

“Mən də cavab verdim ki, sizdə yoxdur, mən sizə təqdim edirəm”, - deyə Yeğiazaryan qeyd edib.

Onun fikrincə, MTX mövzuya kifayət qədər maraq göstərməyib və məsələ üzrə dərin araşdırma aparılmayıb.

Keçmiş erməni deputat bildirib ki, Mərkəzi Bankdan isə banklararası sistemdə belə köçürmələrin qeydə alınmadığı cavabı alıb. Bununla belə, o, vəsaitlərin digər mexanizmlər və ya vasitəçi banklar üzərindən hərəkət etmiş ola biləcəyini istisna etməyib.

Yeğiazaryan hesab edir ki, məsələ ilə bağlı hərtərəfli araşdırma aparılmadığından suallar hələ də cavabsız qalır. O bildirib ki, 2021-ci ildən sonra deputat olmadığı üçün prosesin sonrakı mərhələlərini izləmək imkanına malik olmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX  


Bizi "telegram"da izləyin