Ordu.az xəbər verir ki, ABŞ ordusu 8 936 ədəd DAGIR-V1 lazer hədəfləmə sisteminin tədarükü üçün “B.E. Meyers & Co.” şirkəti ilə müqavilə imzalayıb.
Məlumata görə, tədarüklərin 2027-ci maliyyə ili ərzində həyata keçirilməsi planlaşdırılır. Müqavilə ABŞ ordusunun “Program Executive Office Soldier” qurumu tərəfindən həyata keçirilən M7 “Surrogate Fire Control Program” çərçivəsində bağlanıb. Proqram M4 və M4A1 karabinlərini əvəz etməyə başlayan M7 tüfəngləri üçün yeni nəsil nişanalma və hədəfləmə sistemlərinin hazırlanmasını nəzərdə tutur.
DAGIR-V1 sistemi gecəgörmə avadanlıqlarından istifadə edən hərbçilərin zəif işıqlanma və qaranlıq şəraitdə hədəfi aşkar etmə və nişanalma imkanlarını artırmaq üçün hazırlanıb. Sistem infraqırmızı işıqlandırıcı, infraqırmızı lazer işarələyici və görünən lazer modullarını vahid konstruksiyada birləşdirir.
Şirkətin açıqlamasına əsasən, sistemdə istifadə olunan VCSEL texnologiyası ənənəvi lazer diodları ilə müqayisədə daha dəqiq və daha sabit lazer şüası yaradır. Bu isə hədəfin tanınması və təhdidin qiymətləndirilməsi proseslərini təkmilləşdirir.
ABŞ ordusunun “Next Generation Squad Weapon” proqramı çərçivəsində silahlanmaya qəbul edilən M7 tüfəngi 2024-cü ildən etibarən yaxın döyüş bölmələrində M4 və M4A1 tüfənglərini əvəz etməyə başlayıb. DAGIR-V1 sistemi də bu yeni silah ailəsinin atəş idarəetmə və hədəfləmə infrastrukturunun əsas elementlərindən biri hesab olunur.
Şirkətin təqdim etdiyi məlumata görə, DAGIR-V1 40 millivat gücündə infraqırmızı işarələyici və hər biri 350 millivat gücündə iki infraqırmızı işıqlandırıcı ilə təchiz olunub. Bu xüsusiyyət tüstü, toz və güclü işıq çirklənməsinin olduğu əməliyyat mühitlərində lazer görünürlüğünün qorunmasına imkan verir.
“B.E. Meyers & Co.” şirkətinin baş icraçı direktoru Metyu Meyers bildirib ki, şirkət daha əvvəl ABŞ Müharibə Nazirliyinə MAWL-X1 sistemləri təhvil verib və yeni müqavilə mövcud əməkdaşlığın davamıdır.
“ABŞ ordusunu DAGIR lazer sistemi ilə dəstəkləməyə davam etməkdən qürur duyuruq. ABŞ-də istehsal olunan bu sistemlər döyüşçülərə müasir gecə döyüşünün tələb etdiyi dəqiqlik, sürət və həssaslığı təmin edən çoxfunksiyalı lazer texnologiyaları təqdim edəcək”, - deyə Meyers vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az