İkinci “Eurofighter” Ssenarisi: FCAS-ın Çökməsi GCAP Layihəsini Necə Böyüdür?

2026/06/1781846684.jpg
Oxunub: 224     09:19     19 İyun 2026    
Ötən həftə Fransa-Almaniya arasında həyata keçirilən FCAS proqramının dayandırılması rəqib GCAP layihəsinə təkan verə və nəticədə ortaya çıxacaq altıncı nəsil döyüş təyyarəsini ikinci “Eurofighter”ə çevirə bilər.

ABŞ Hərbi Hava Qüvvələrinin Next Generation Air Dominance (NGAD) proqramının əsas elementi olan pilotlu altıncı nəsil F-47 döyüş təyyarəsinin istehsalı üzrə müqavilənin “Boeing” şirkətinə verilməsindən təxminən 18 ay keçir. Hazırkı planlara əsasən, F-47-nin 2030-cu illərin ortaları ilə sonları arasında istismara qəbul edilməsi nəzərdə tutulur.

Lakin F-47 hazırda inkişaf etdirilən yeganə yeni nəsil pilotlu və ya opsional olaraq pilotsuz idarə edilə bilən döyüş təyyarəsi deyil. Çin də özünün J-36 altıncı nəsil döyüş təyyarəsi üzərində fəal işləyir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, prototip indiyədək bir neçə dəfə müşahidə olunub. Əgər bu məlumatlar doğrudursa, bu, Çin təyyarəsinin inkişaf qrafiki baxımından ABŞ analoqunu xeyli qabaqladığını göstərir.

Avropa GCAP döyüş təyyarəsi üzrə müqaviləyə yaxınlaşır

Meydana üçüncü rəqib də çıxır. Almaniya, Fransa və İspaniyanın “Future Combat Air System” (FCAS) layihəsinin dayandırılmasından bir neçə gün sonra Böyük Britaniya, İtaliya və Yaponiyanın birgə həyata keçirdiyi “Global Combat Air Programme” (GCAP) altıncı nəsil döyüş təyyarəsi proqramı müqavilə mərhələsinə yaxınlaşa bilər.

Böyük Britaniyanın rəhbərlik etdiyi Tempest proqramı əsasında formalaşan birgə layihə mənbələrin bildirdiyinə görə əhəmiyyətli irəliləyiş əldə edib. Bu, əsas tərəfdaş ölkələr arasında xərclərlə bağlı narahatlıqların qalmasına baxmayaraq baş verib. Proqramın vəziyyətinin bu həftəsonu Londonda keçiriləcək Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə Yaponiyanın Baş naziri Sanae Takaçi arasında ikitərəfli danışıqlar zamanı müzakirə ediləcəyi gözlənilir.

“Görüş zamanı baş nazirlərin Global Combat Air Programme proqramına ortaq sadiqliklərini təsdiqləmələri və beynəlxalq proqramın növbəti mərhələsinin başlanmasını müzakirə etmələri gözlənilir. Buraya ayın sonuna qədər imzalanacaq beynəlxalq müqavilə də daxildir”, - deyə Böyük Britaniya Baş nazirinin Ofisi açıqlamasında bildirib.

Yaxın həftələrdə müqavilənin imzalana biləcəyi barədə açıqlama xüsusilə diqqət çəkir. Belə ki, Böyük Britaniyanın müdafiə naziri Con Hili və Silahlı Qüvvələr üzrə dövlət naziri Al Karns ötən həftə vəzifələrindən istefa veriblər.

Hər iki şəxs istefalarını Böyük Britaniyanın Müdafiə İnvestisiya Planı (DIP) üçün maliyyələşmənin təmin olunmaması ilə əlaqələndirib və bunun ölkənin təhlükəsizliyini risk altına qoyacağını bildiriblər.

Yaponiya və İtaliya rəsmiləri də Böyük Britaniyanın GCAP proqramı üçün maliyyələşməni tam təmin edə bilməməsindən narahat olduqlarını ifadə ediblər. Layihənin məqsədi hazırda Böyük Britaniya Kral Hərbi Hava Qüvvələri və İtaliya Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Eurofighter Typhoon döyüş təyyarələrini əvəz etməkdir. GCAP istismara qəbul olunduqdan sonra Yaponiyanın hazırda istifadə etdiyi Mitsubishi F-2 təyyarələrini də əvəz edəcək.

Tokio bildirib ki, regiondakı rəqibləri, xüsusilə də hərbi imkanlarını sürətlə artıran Çini çəkindirmək üçün daha yüksək imkanlara malik döyüş təyyarəsinə ehtiyac duyur. Çin isə qeyd olunan J-36 da daxil olmaqla beşinci və altıncı nəsil döyüş təyyarələrinin hazırlanması istiqamətində işlərini davam etdirir.

FCAS dayandırıldıqdan sonra Almaniya GCAP-a qoşulacaqmı?

GCAP proqramının irəliləyə biləcəyi ilə bağlı xəbərlər rəqib FCAS layihəsinin ləğv edilməsindən sonra ortaya çıxıb. Belə ki, Fransanın “Dassault Aviation” və Almaniyanın “Airbus” şirkətləri iş bölgüsü və əqli mülkiyyət hüquqları məsələlərində razılığa gələ bilməyiblər.

Bu isə Almaniyanın GCAP proqramına qoşula biləcəyi barədə fərziyyələrin yaranmasına səbəb olub. Belə bir ssenaridə GCAP faktiki olaraq ikinci “Eurofighter” proqramına çevrilə bilər. Çünki layihəyə “Typhoon” döyüş təyyarəsinin hazırlanmasında əsas rol oynayan eyni ölkələr, yəni Böyük Britaniya, İtaliya, Almaniya və İspaniya daxil olacaq.

Həmin dövrdə Fransa ayrıca yol seçərək öz tələblərinə uyğun “Dassault Rafale” döyüş təyyarəsini hazırlamışdı. Ehtimal olunur ki, Paris indi də eyni yanaşmanı davam etdirəcək. Berlin onsuz da bahalı olan layihəyə əlavə maliyyə resursları gətirə bilər. Lakin bunun üçün iş bölgüsü ilə bağlı bir sıra məsələlərin həll olunması lazım gələcək.

NATO üzvü Polşa və Səudiyyə Ərəbistanı da daxil olmaqla digər ölkələr GCAP proqramında kiçik tərəfdaş qismində iştirak etməyə maraq göstəriblər.

Proqramın nə qədər genişləndirilə biləcəyi hələ məlum deyil. Xüsusilə Tokio işlərin həddindən artıq çox ölkə arasında bölüşdürülməsinə ehtiyatla yanaşır. Bununla belə, görünür ki, Yaponiya əlavə ölkələrin qoşulmasının sistemlər sisteminin əsas elementi hesab edilən altıncı nəsil döyüş təyyarəsinin daha tez havaya qalxmasına imkan verəcəyini qəbul edir. Bu isə Vaşinqton və Pekinlə rəqabətdə geri qalmamağa kömək edə bilər.

ABŞ üçün isə xüsusi bir narahatlıq mövcuddur: GCAP-a qoşulan hər yeni tərəfdaş proqramı gücləndirəcək, eyni zamanda F-47 üçün potensial alıcıların sayını azaldacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurofighter   FCAS   GCAP  


Bizi "telegram"da izləyin