Bonn Yaxınlığında Nüvə Hazırlığı: “Büxel” Hava Bazası F-35A Səsinə Necə Uyğunlaşdırılır?

2026/06/1781846925.jpg
Oxunub: 288     09:28     19 İyun 2026    
Almaniyanın F-35 döyüş təyyarələrinin Soyuq müharibənin son dövrlərinin əsas aviasiya platformalarından biri hesab olunan köhnəlmiş “Panavia Tornado” döyüş təyyarələrini əvəz etməsi gözlənilir.

Almaniya Hərbi Hava Qüvvələrinin (Luftwaffe) “Büxel” Hava Bazası, yəni Soyuq müharibə dövründə Qərbi Almaniyanın paytaxtı olmuş Bonn şəhərinin yaxınlığında yerləşən hərbi obyekt NATO-nun nüvə paylaşımı sazişi çərçivəsində ABŞ-nin nüvə silahlarını saxlamaq imkanına malik yeganə Almaniya məkanı olaraq qalır. Bazada “Luftwaffe”nin 33-cü Taktiki Hava Qanadı (TaktLwG 33), eləcə də ABŞ Hərbi Hava Qüvvələrinin 702-ci Sursat Dəstəyi Eskadrilyası (702 MUNSS) yerləşir.

Berlinin “Lockheed Martin” istehsalı, B61 nüvə sərbəst düşən bombasını daşımaq qabiliyyətinə malik F-35A “Lightning II” döyüş təyyarələrini qəbul edəcəyini açıqlamasından sonra son dörd il ərzində “Büxel” Hava Bazasında genişmiqyaslı yenidənqurma işləri aparılıb. Məqsəd bazanı F-35-lərin istismarına hazırlamaq olub. Bu proses uçuş-eniş zolağının yenilənməsini, həmçinin nüvə silahlarının saxlanıldığı ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini əhatə edib.

“Büxel” Hava Bazası hazırda “Luftwaffe”yə məxsus olsa da, obyekt əslində İkinci Dünya müharibəsindən sonra Fransanın işğalçı qüvvələri tərəfindən inşa edilib və yalnız 1955-ci ildə Qərbi Almaniyaya təhvil verilib.

Almaniyanın “Panavia Tornado” döyüş təyyarələri nəhayət təqaüdə göndərilir

“Luftwaffe”nin 33-cü Taktiki Hava Qanadına məxsus “Panavia Tornado Interdiction Strike” (IDS) döyüş təyyarələri müvəqqəti olaraq yaxınlıqdakı “Nörvenix” Hava Bazasına köçürülsə də, bu ayın əvvəlindən etibarən yenidən “Büxel” Hava Bazasına qayıtmağa başlayıblar. IDS versiyası hazırda NATO-nun Nüvə Planlaşdırma Qrupu tərəfindən ABŞ-nin nüvə silahlarını daşımağa sertifikatlaşdırılmış yeganə ABŞ istehsalı olmayan döyüş təyyarəsidir.

“Luftwaffe” bu yaxınlarda keçirilən ILA 2026 aviasiya sərgisi zamanı ilk iki Tornado təyyarəsinin bazaya qayıtdığını elan edib və onların geri dönüşünü qeyd edib.

Almaniya ordusu hazırda bu çoxməqsədli təyyarələrin 90 ədədini istismar edir ki, onların da 80-i aktiv xidmətdədir. Hazırda iki əsas versiya istifadə olunur. Birincisi, B61 taktiki nüvə bombasını daşımaq üçün uyğunlaşdırılmış “Tornado” IDS-dir. İkincisi isə Şlezviq-Holşteyn bölgəsində yerləşən və 51-ci Taktiki Hava Qanadı “İmmelmann” tərəfindən istifadə edilən Tornado ECR (Radioelektron Mübarizə və Kəşfiyyat) variantıdır.

Ötən il qeyd edilirdi ki, Soyuq müharibə dövrünün məhsulu olan “Tornado” “qırx ildən artıq müddətdə Avropa və Yaxın Şərq hava qüvvələrinin əsas dayaqlarından biri olub”, lakin onun xidmət dövrü artıq sona yaxınlaşır.

Almaniya “Panavia Tornado” təyyarələrinin nüvə paylaşımı və zərbə missiyalarını F-35A və “Eurofighter Typhoon” arasında bölüşdürəcək.

Mövcud planlara əsasən, Berlin bu onilliyin sonuna qədər 35-dən çox F-35A “Lightning II” görünməz döyüş təyyarəsi əldə edəcək. Tornado parkının isə 2030-cu illərin əvvəllərində xidmətdən çıxarılması nəzərdə tutulur.

“Tornado” və F-35: Birbaşa müqayisə

“Panavia Tornado” ilk dəfə 1979-cu ildə istismara qəbul olunub. F-35A “Lightning II” isə 2015-ci ildə xidmətə daxil olub. “Panavia Tornado” proqramı çərçivəsində ümumilikdə 990 təyyarə istehsal edilib. F-35A versiyasından isə 1000-dən çox, bütün F-35 ailəsi üzrə isə 1300-dən artıq təyyarə istehsal olunub.

“Panavia Tornado”nun uzunluğu 16,7 metrdir. F-35A-nın uzunluğu isə 15,7 metr təşkil edir. “Tornado”nun qanad açılımı qanadlar qatlanmış vəziyyətdə 8,6 metr, tam açılmış vəziyyətdə isə 13,9 metrdir. F-35A-nın qanad açıqlığı 10,7 metrdir.

“Panavia Tornado”nun maksimal uçuş kütləsi 27 215 kiloqramdır. F-35A üçün bu göstərici 31 800 kiloqram təşkil edir. “Tornado” iki ədəd “Turbo-Union” RB199-34R Mk 103 “afterburner”li turboreaktiv mühərriklə təchiz olunub. F-35A isə bir ədəd “Pratt & Whitney” F135-PW-100 “afterburner”li turboreaktiv mühərrikdən istifadə edir.

“Panavia Tornado” saatda 2400 kilometr maksimal sürətə çata bilir. F-35A-nın maksimal sürəti isə təxminən saatda 1930 kilometrdir. “Tornado”nun uçuş məsafəsi təxminən 3220 kilometrdir. F-35A-nın uçuş məsafəsi isə təxminən 2220 kilometr təşkil edir.

Hər iki təyyarənin praktiki uçuş tavanı 15 240 metrdir. “Panavia Tornado” bir ədəd 27 mm çaplı “Mauser” BK-27 topu, yeddi asqı nöqtəsi və 9000 kiloqrama qədər döyüş yükü daşımaq qabiliyyətinə malikdir.

F-35A isə bir ədəd GAU-22/A tipli 25 mm çaplı çoxlüləli top, daxili silah bölmələri, xarici asqı nöqtələri və 8160 kiloqrama qədər döyüş yükü daşımaq imkanına sahibdir. “Panavia Tornado” iki nəfərlik ekipaj (pilot və silah sistemləri operatoru) tərəfindən idarə olunur. F-35A isə yalnız bir pilot tərəfindən idarə edilir.

Almaniyanın F-35 sifarişi artırıla bilərmi?

Almaniya əslində F-35 “Lightning II” proqramına gec qoşulan ölkələrdən biridir. NATO üzvlərinin əksəriyyəti proqramın tərəfdaşına çevrilməyə can atdığı halda, Berlin əvvəlcə bu təyyarəni almaqdan imtina etmişdi.

Bunun əsas səbəblərindən biri Almaniyanın öz aerokosmik sənayesini qorumaq və ABŞ-dən strateji asılılığı azaltmaq istəyi idi. Bundan əlavə, Almaniya Fransa ilə birlikdə, İspaniyanın da tərəfdaş olduğu “Future Combat Air System” (FCAS) proqramı çərçivəsində görünməz döyüş təyyarəsinin hazırlanması üzərində işləyirdi.

Lakin Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya qarşı səbəbsiz işğal əməliyyatına başlamasından sonra Berlin yaranan təhlükəni nəzərə alaraq müdafiə xərclərini artırdı. Almaniya hökuməti həmçinin F-35-in NATO-nun nüvə paylaşımı öhdəliklərini yerinə yetirmək üçün uyğun platforma olduğunu qəbul etdi.

Bu ay FCAS proqramının dağılmasından sonra Almaniyanın “Luftwaffe”nin imkanlarını genişləndirmək məqsədilə F-35 sifarişlərinin sayını artıra biləcəyi barədə müxtəlif ehtimallar səsləndirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Büxel   F-35A   Almaniya   Luftwaffe  


Bizi "telegram"da izləyin